Xəbər verildiyi kimi, bu gün Xətai Rayon Məhkəməsində nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovun “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu xüsusi ittiham qaydasında məhkəməyə verməsi ilə bağlı proses başlayıb.
Əməkdaşımızın məhkəmədən verdiyi xəbərə görə, məhkəmə iclasında R.Arifoğlunun hüquqlarını vəkil Elçin Sadıqov və Vaqif Hüseyn təmsil edib.
Onlar məhkəmə heyətindən A.Məmmədovun şikayətinin təmin edilməməsini tələb ediblər.
Hər iki tərəfin nümayəndələrinin çıxışından sonra hakim Habil Məmmədov müşavirəyə gedib.
Hakim müşavirədən qayıtdıqdan sonra nəqliyyat nazirinin oğlunun şikayətinin təmin edilmədiyini bildirib. Əsas da budur ki, iddiaçı məhkəməyə göndərdiyi ərizəni özü imzalamalı olduğu halda, bir başqası imzalayıb. Bu da məhkəmə qanunvericiliyi ilə birbaşa qanun pozuntusudur.
Qəzetimizin hüquqşünası Vaqif Hüseyn musavat.com-a deyib ki, məhkəmədə "Yeni Müsavat"ın vəkilləri Cavad Cavadlı və Elçin Sadıqov çox peşəkar və təsirli çıxış ediblər. Qarşı tərəfin vəkilləri isə özlərini qeyr-peşəkar kimi nümayiş etdiriblər. V. Hüseyn deyib ki, hakimin bu qərarı qanunidir və Cinayət Prossesual Məcəllənin 293.3.7-ci maddəsinə əsaslanır. Bu maddədə birbaşa göstərilir ki, xüsusi ittiham qaydasında şikayət bu şikayəti verən şəxsin özü tərəfindən imzalanmalıdır. Anar Məmmədovun Rauf Arifoğluna qarşı iddia ərizəsi isə onun nümayəndəsi Ruslan Məmmədov tərəfindən imzalanıb. Heç bir hakim bu cür tərtib olunmuş şikayət ərizəsini qəbul edə bilməz, bu, mümkünsüzdür.
V. Hüseyn bir qədər də "Yeni Müsavat"ın vəkillərinin çıxışları barədə məlumat verib. O, deyib ki, vəkillər Anar Məmmədovun etirazına səbəb olan "məmmədovlar terrorist bir klana çevrilir" qiymətləndirici ifadəsini də faktlarla darmadağın ediblər. Belə ki, bu iddanı sübut edən yüzlərlə qəzet məqaləsi, video-reportajlar, təhlillər var. Və onların heç biri indiyə qədər məmmədovlar tərəfindən təkzib edilməyib. Vəkillər həmin məqalələrin və video reportajların surətlərini proses iştirakçılarına, o cümlədən də qarşı tərəfin vəkillərinə təqdim ediblər. Oradakı başlıqların təqdimatı bəs edir ki, hər bir Azərbaycan vətəndaşı məmmədovların terrorist klan olduğu qənaətinə gəlsin.
Qeyd edək ki iddia ərizəsində A.Məmmədov R.Arifoğlunun Cinayət Məcəlləsinin 147.1, 147.2 və 148-ci maddələri ilə ittiham olunmasını tələb edirdi. Şikayət ərizəsinə 8 sentyabr 2014-cü il tarixində, saat 11.45-ə Xətai rayon Məhkəməsinin hazırlıq iclasında baxılacağı nəzərdə tutulsa da, baş yazara bu barədə sənədlər sentyabrın 11-də, məhkəmədən 4 gün sonra çatdırılıb.
Fotolardakılar ilk olaraq qarşı tərəfin, sonda isə qəzetin vəkilləridir
Musavat.com