Bahalaşma əksər alıcıları yaz-yay tərəvəzlərindən imtinaya vadar edib

27-09-2014, 10:37   
Bahalaşma əksər alıcıları yaz-yay tərəvəzlərindən imtinaya vadar edibBazarlarda qiymət artımı və qıtlıq davam edir; Azər Mehtiyev: “Bahalaşma olmaması üçün istehsalatın həcmi kifayət qədər olmalıdır...”

Rusiyanın bəzi Avropa ölkələrindən məhsul idxalına qadağa tətbiq etməsindən sonra Azərbaycandakı bazarlarda vəziyyəti gərginləşdirib. Qadağalar kənd təsərrüfatı məhsullarının azalması ilə yanaşı, qiymətlərə də öz mənfi təsirini göstərib.

Bazarlardakı meyvə-tərəvəzin qiyməti ilə daha yaxından tanış olmaq üçün “Yaşıl bazar”a yollandıq. Bazarda meyvə kifayət qədər olsa da, sanki tərəvəz yoxa çıxmışdı. Qiymətlərin od tutub yandığını son ay yarım - iki ayda müşahidə edirik. Amma maraqlı burasıdır ki, əvvəllər yenə az da olsa, bazarı dörd dolanıb nisbətən orta qiymətə məhsul tapmaq mümkün olurdusa, indi bu, da mümkün deyil. Nisbətən ucuz qiymətə ancaq əzik, az yararlı tərəvəzi almaq olar. Bunu da az saylı piştaxtalarda görmək mümkün idi.

Ümumiyyətlə, tərəvəzlərin olduğu piştaxtalar barmaqla sayılacaq qədər azalmışdı. Satıcılardan bəziləri bahalığın və qıtlığın səbəbini kənd təsərrüfatı məhsullarının Rusiyaya daşınması ilə, bəziləri isə bu il məhsuldarlığın aşağı olması ilə bağlı olduğunu dedi. Qiymətlərə gəlincə, üzüm 1 manat 50 qəpikdən 4 manatadək, xiyar 70 qəpik 1 manat arası, pomidor 1 manat 50 qəpik - 4 manat, kartof 80 qəpik - 2 manat, soğan 50 qəpik - 1 manat, banan, lobya 2 manat 50 qəpik, badımcan 50 qəpik, kələmin bir kilosu 1 manat, alma 1-3 manat arası, şaftalı 4 manat, bibərin 10 dənəsi 1 manata satılırdı.

Bahalaşmanın ilk “müjdəçisi” olan kartofun qiymətinin qalxmasını qıtlıqla əlaqələndirən satıcı Akif Səlimovun sözlərinə görə, bu il kartof az əkilib deyə, qiymətlər bahadır: “Bunun Rusiya və ya başqa bir şeylə əlaqəsi yoxdur. Sadəcə, kartof çox azdır”.

Meyvə satıcısı Elşən Əliyev isə qiymətlərin bu səviyyəyə çatmasının səbəbini Rusiya faktoru ilə əlaqəli olduğuna əmindir: “Alverçi hansısa kənd təsərrüfatı məhsulunu kəndlidən ucuz, yəni bu vaxta qədər aldığı qiymətə istəyir. Kəndi isə həmin qiymətə o məhsulu satmaqdan imtina edir. Çünki bu məhsulu Rusiyaya aparanlar ona alverçinin təklif etdiyi pulun iki qatını təklif edir. Kəndli də öz məhsulunu həmin çox pul təklif edən adama satır. Üstəlik məhsulu qonşu ölkəyə aparan alverçi bizim kimi 50-60 kilo yox, tonlarla alıb aparır. Yerdə qalan az saylı məhsulu isə yerli bazara çıxardır. Elə məndə elə edirəm. almanı gəlib qapımdaca aldılar. Yerdə qalanını da gətirmişəm burda satmağa”.

Digər satıcı Əlağa Ağayev alıcıların da azaldığını dedi: “Demək olar ki, insanların çoxu artıq yaz-yay tərəvəzlərindən imtina edib. Pomidor, xiyar alanlar azalıb. Alıcılar daha çox gündəlik ehtiyac duyulan tərəvəz məhsulları - kartof, soğan, kələm alırlar. Əvvəllər iki kilo pomidor, 5 kilo soğan alan adamlar indi hərəsindən yarım kilo, maksimum bir kilo alır”.

***

İqtisadçı ekspert Azər Mehtiyevə görə, qiymətlərin artmaması üçün istehsalatın həcmi kifayət qədər olmalıdır: “Əgər bu il Azərbaycanda kənd təsərrüfatı məhsulları kifayət qədər istehsal olunmayıbsa və ya istehsal olunan məhsulların əsas hissəsi Rusiyaya aparılırsa, ölkə daxilində bu məhsula tələbat artır. Diqqət çəkən məqamlardan biri odur ki, ixraca seçilərək daha yaxşı məhsul göndərilir. Ölkə daxilində isə daha az keyfiyyətlisi satılır. Bir tərəfdən, ölkə daxilində məhsul satışının sitimullaşdırılmasına şərait yaradılmalıdır, ikinci tərəfdən isə rəqabət aparan digər ölkələrdə məhsul gətirilməsinə nail olmaq olar ki, məhsul qıtlığı aradan qalxsın və qiymətin aşağı düşülməsi təmin edilsin. Təbii ki, burada Rusiya amili əsas rol oynasa da, Azərbaycanın geniş kənd təsərrüfatı imkanlarına malik olmasına rəğmən ölkədə kənd təsərrüfatı səviyyəsinin kifayət qədər olmaması və kəndlilərin öz məhsullarını sata bilməməsi üzündən onların istehsalatın həcmini artırmaqda elə də marağının olmamasını da səbəb kimi göstərmək olar”.

Günel MANAFLI (musavat.com)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.