Jirinovski Azərbaycanla bağlı dediklərinə Bakıda düzəlişlər etdi

27-09-2014, 10:53   
Jirinovski Azərbaycanla bağlı dediklərinə Bakıda düzəlişlər etdiRLDP sədrini prezident qəbul etdi, onun səfərinə reaksiyalar fərqlidir

Natiq Miri: “O, Bakıya ultimativ xarakterli mesajları çatdıracaq”; Hafiz Hacıyev: “Hətərən-pətərən danışsa...”

Sentyabrın 25-də Azərbaycana səfərə gələn Rusiya Liberal-Demokrat Partiyasının sədri, Dövlət Dumasının üzvü Vladimir Jirinovskini prezident İlham Əliyevlə görüşüb. “AzərTAc”ın məlumatına görə, söhbət zamanı ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələrin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdən sonra Bakı şəhərindəki 23 saylı orta məktəbə baş çəkən Vladimir Volfoviç ölkəmiz haqda əvvəllər söylədiyi fikirlərin tam əksini deyib: “Azərbaycan gözəl ölkədir, yaxşı inkişaf edir. Bu ölkənin çox yaxşı rəhbərliyi var”. APA-nın xəbərinə görə, V.Jirinovski 6-cı sinif üçün rus dili və ədəbiyyatından açıq dərs keçib. O, şagirdlərdən Turgenev və onun “Mumu” əsəri barədə məlumatlı olub-olmadıqlarını soruşub, sonra 10-cu sinif şagirdləri ilə görüşüb, onlara müxtəlif suallar verib, şagirdlərə hədiyyə kimi odekolon və digər parfüm paylayıb. Şagirdlərdən biri V.Jirinovskiyə onun öz portretini hədiyyə edib.
Jurnalistlərə açıqlamasında o, Azərbaycanda çox yaxşı qarşılandığını, burada insanların rus dilində çox yaxşı danışdıqlarını bildirib.

O, Azərbaycanda barəsində mənfi fikir formalaşmasına və hazırda Azərbaycan barədə müsbət fikirlər söyləməsinin səbəblərinə aydınlıq gətirib: “Bu, yanlış anlaşılmazlıqla bağlı idi. Müəyyən situasiya ilə bağlı söylənən fikir sonradan xalqa, ölkəyə aid edilir. Məsələn, hazırda Donbassa görə Kiyevdə mənə nifrət edirlər. Haradasa nə isə bir hadisə baş verəndə, biz onu qiymətləndiririk. Sonra da hər hansı situasiya ilə bağlı qiymətləndirməni o ölkə və xalqla bağlayırlar. Nəticədə yanlış anlaşılma olur”. Azərbaycanda rusdilli məktəblərin yaxşı saxlanıldığını və fəaliyyət göstərdiyini bildirən V.Jirinovski bu məktəblərin sayının artırılmasının yaxşı olacağını vurğulayıb.

Jirinovskinin səfərini şərh edən politoloq Natiq Miri deyib ki, RLDP sədri rəsmi Moskvanın emissarıdır: “O, Rusiya hakimiyyətinin ən sərt mesajlarını Azərbaycan hakimiyyətinə çatdırmaq üçün gəlib. Bu səfərin işartılarını biz hiss edəcəyik. Söhbət ondan gedir ki, Azərbaycan Rusiyanın istəklərinə uyğun olaraq Avrasiya və Gömrük ittifaqlarına üzvlüyə razılıq verməlidir. Əks təqdirdə Azərbaycana hansı təzyiqlərin, eyni zamanda Azərbaycanda hansı xoşagəlməz hadisələrin baş verə biləcəyi ilə bağlı rəsmi Bakıya ultimativ xarakterli mesajları çatdıracaq. Rusiya Azərbaycandan birmənalı olaraq seçim etməsini istəyir. Çünki Ukraynanı itirəndən sonra Avrasiya modelinin baş tutması üçün mütləq mənada regionda strateji ölkə olan Azərbaycanın Rusiyanın yanında olması lazımdır”.


N.Miri bildirib ki, Rusiyanın çox ciddi planları var və yanında hansı güclərin olacağını müəyyən etməyə qərar verilib: “Azərbaycanın enerji daşıyıcılarının 85 faizini Qərbə satır. Ölkəmizin MDB ölkələri ilə 10-12 faiz iqtisadi əlaqələri mövcuddur. Azərbaycan hakimiyyətindəki məmurların böyük məbləğlər yatırdıqları bank hesabları, biznesləri məhz Qərb dövlətlərindədir, kapitalları Qərbin əlindədir. Rusiyanın yanında dayanmaqla Qərbdə bu qədər sərvəti saxlamaq, idarə etmək çətin olacaq. Rusiyanın əleyhinə sanksiyaların ən çox oliqarx-məmurların ciddi təşvişinə səbəb olub. Böyük pullar itirirlər. Azərbaycan məmur-oliqarxlarının belə duruma immuniteti varmı? İnanmıram ki, Azərbaycan hakimiyyəti Rusiyaya doğru addım atıb, arxasını Qərbə çevirəcək. Azərbaycan manevr etməyə imkanları da həddən ziyadə daralıb. Jirinovskinin səfəri bu manevrlərin tamamilə aradan qalxmasına hesablanıb”.


V.Jirinovskinin Bakıya gələcəyi təqdirdə qulağını kəsəcəyi haqda bəyanat vermiş Hafiz Hacıyev də danışıb. O, RLDP sədrinin şəcərəsini araşdırdıqlarını açıqlayıb: “Bu araşdırmalardan sonra Jirinovskinin Azərbaycan qarşı bu qədər neqativ fikirlər söyləməsinin səbəbi bizə aydın oldu. O, bir neçə türkdən əmələ gələndir. Özünə də Türkiyə arxivlərindən araşdırmalarımız nəticəsində tapdığımız sənədlərin surətini göndərdik. Bu adam sarsaqdır, onun boynuna ip salıb tula, ovçarka kimi Bakı küçələrində gəzdirirlər. Alkaşın biridir. Milli Məclisdən onu bura niyə dəvət ediblər bilmirəm, elə Rusiyada 1-2 butulka ucuz konyak alıb verəydilər”.

H.Hacıyev deyir ki, V.Jirinovski ilə görüşməyə, onu başa salmağa çalışıb: “Bizə imkan vermədilər. Gözləyirəm. Mən onun qulağını kəsəcəyimi deyəndən sonra müəyyən dairələr çağırıb dindirdilər, izahat aldılar. Hətərən-pətərən danışsa, sağ qulağını kəsib sol qulağından sırğa kimi asacağıq”.

E.MƏMMƏDƏLİYEV
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.