Moskva məhkəməsi Rusiya Baş Prokurorluğunun tələbi ilə Vladimir Yevtuşenkoya məxsus “AFK Sistema”nın “Başneft”də olan hissələrini dondurub.
Axar.az xəbər verir ki, Baş Prokurorluq buna səbəb kimi neft şirkətinin özəlləşdirilməsi zamanı qanun pozuntularına yol verildiyini göstərib. Prokurorluğun sözçüsü Marina Qridneva “İnterfaks”a verdiyi açıqlamada qərarın müvəqqəti olduğunu bildirib:
“Məhkəmə prokurorluğun tələbi ilə müvəqqəti olaraq bu addımı atıb. İstintaq davam edir”.
Xatırladaq ki, bu ilin aprel ayından başlayan yoxlamalardan sonra “AFK Sistema” qrupunun sahibi Vladimir Yevtuşenko ötən həftə həbs olunub. Noyabrın 16-dək ev dustağı olan Yevtuşenkonun bir sıra qanun pozuntusuna yol verdiyi bildirilir. Prokurorluğun iddiasına görə, “Forbes” jurnalının 9 milyard dollar sərvət ilə Rusiyanın 15-ci varlısı elan etdiyi Yevtuşenko 2003-cü ildə “Başneft” hissələrini özəlləşdirərkən çirkli pulların dövriyyəsindən 500 milyon dollar qeyri-qanuni qazanc əldə edib. Milyarderin günahı sübut olunarsa, onu 10 ilə qədər həbs cəzası gözləyir.