Hökumətin ermənilərlə bağlı ikili təqdimatı

27-09-2014, 11:41   
Hökumətin ermənilərlə bağlı ikili təqdimatıNurəddin Məmmədli: «Bu cür fikirlər daxili auditoriyanı aldatmağa hesablanıb»

Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Ermənistanda işğalçı rejimin sonunun gələcəyini bildirib. O, ermənilərin Azərbaycan torpaqlarını 22 il işğal altında saxlamaqla heç nəyə nail olmadıqlarını deyib.

Hər il Ermənistanı 150-170 min nəfərin tərk etdiyini, digər tərəfdən, təbii artımın da azaldığını deyən şöbə müdiri fikrini belə yekunlaşdırıb: “Bu, Ermənistanı dalana dirəyir. Belə getsə, müharibəyə də ehtiyac qalmayacaq, Ermənistan boşalacaq”.

Maraqlıdır, Azərbaycanın hökumət nümayəndələri beynəlxalq səviyyəli məsələlərdə ermənilərin Avropa Ittifaqına, hətta ABŞ prezidenti Barak Obamaya da təsir gücündə olduğunu iddia edərək, bu işğalçı xalqı cəsur kimi qələmə verirlər. Belə çıxır ki, ABŞ və Avropa Birliyini az qala, ermənilər idarə edir.

Lakin elə həmin məmurlar özlərinə sərf eləyəndə deyirlər ki, ermənilər öz ölkələrində yaşaya bilməyəcək, onu qorumayacaq qədər gücsüz bir millətdilər. Ermənilərin ikili təqdimatı görəsən, nəyə hesablanıb?

Professor Nurəddin Məmmədli deyir ki, Əli Həsənovun məlum son çıxışı hakimiyyətin gücsüzlüyünün etirafıdır. Onun sözlərinə görə, dövlətçilik yolunda olan, onun maraqlarını ifadə edən heç bir məmur belə faktlarla özünə haqq qazandıra bilməz: “Torpağın işğal olunubsa, sən onu azad etməyə borclu və məhkumsan. Ermənilərin nə vaxtsa köçüb getməsini gözləmək hakimiyyətin qətiyyətsizliyini ifadə edir. Həmçinin, Ermənistanda heç bir maddi qaynaq olmadığı halda, orda həyat tərzi bizdəkindən pis deyil. Bəzən bizim müxalifətçilər də yalançı məlumatları ictimai fikrə yürütməyə çalışırlar. Beynəlxalq təşkilatların apardığı hesablamalara görə, Ermənistanda bütün çətinliklərə baxmayaraq, iqtisadi həyat şəraiti heç də bizdəkindən aşağı deyil. Sadəcə, orda dövlət büdcəsi bizimlə müqayisədə az olduğu üçün çoxları belə nəticəyə gəlir. Əslində, Azərbaycanda oğurluğun miqyası böyük olduğuna görə büdcənin nə qədər olmasının xalqın yaşayışına heç bir təsiri yoxdur. Ölkədə infrastrukturlara xərclənən büdcənin ümumi miqdarı 60 faizdən çoxdur. Bütün dünyada qəbul olunmuş normaya görə infrastrukturlara ayrılan vəsait 15 faizdən artıq olanda bu, korrupsiyalaşmış büdcə hesab olunur”.

Nurəddin Məmmədli qeyd edir ki, hökumət nümayəndələri ermənilərdən danışanda, Azərbaycanı tərk edənlərdən də misal gətirməlidir: “Azərbaycan əhalisinin 3 milyondan çoxu ölkə xaricindədir, bundan da danışmaq lazımdır. Ermənilər ölkəsini ailəvi tərk edirsə, bizimkilərin bir çoxu ailəsini burda qoyub, bir parça çörək üçün özü tək çıxıb gedir. Bizdə bu cür parçalanmış ailələr kifayət qədər çoxdur. Ailə-uşaq burda qalır, evin başçısı isə çörək qazanmaq üçün çıxıb gedir, nəticədə ailə dağılır, uşaqlar atasız böyüyür. Bu isə strateji baxımdan Azərbaycanın xeyrinə olan faktor deyil”.

Nurəddin Məmmədli Azərbaycan hakimiyyətinin yürütdüyü siyasətə diqqəti yönəldərək, onun daxili auditoriyanı zaman-zaman aldatdığını vurğulayır: “Əli Həsənovun da təmsil olunduğu hakimiyyətin yeganə məqsədi yeri gələndə erməninin gücünü hiss etdirmək, bütün uğursuzluqlarını onun gücünə bağlamaq vasitəsilə özlərinə haqq qazandırmaqdır. Özlərinin gücünü göstərməyin yeri gələndə isə erməniləri çox kasıb və məzlum xalq kimi təqdim edirlər”.

Nigar (azadlıq.info)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.