Susuz, yolsuz, məktəbsiz... kənd
«Özümüz də, heyvanlarımız da eyni bulaqdan su içirik»
Tovuzun Əsrik Cırdaxan kəndindən Koxa Nəbi kəndinə dönən kimi hiss olunur ki, artıq başqa kənddəyik. Dağılmış asfalt, əyri, torpaqlı-kəsəkli, üzü dağın döşünə doğru aparan yol. Koxa Nəbili taksi sürücüsü Elcan olmasa, yəqin ki, bu kəndi çətin tapardıq. O, bizi “kəndin mərkəzi”ndə düşürüb başqa müştərinin ardınca gedir. Heç bir ictimai obyektə aid binası olmayan kənddə bir neçə ağac və bir bulağın yerləşdiyi əraziyə sakinlər öz aralarında “kəndin mərkəzi” deyirlər.
Koxa Nəbi kəndi ötən əsrin 90-cı illərindən bəri kimi müharibə şəraitindədir. Qarabağ müharibəsinin gətirdiyi çətinliklərdən hələ də qurtula bilməyən kənddə hazırda 45 ev, 60 təsərrüfat var. Bir neçə ev müharibənin gətirdiyi çətinliyə görə boş qalıb, evin sahibləri başqa yerə köçüblər. Dağ ətəyi ərazidə yerləşir. Kənd sakinləri dəmyə əkinçilik, heyvandarlıqla məşğuldur. Əhaliyə dövlət tərəfindən hansısa sosial güzəşt tətbiq edilmir.ÿ
“Yolumuz yox vəziyyətindədir, 92-ci ildə çəkilən yoldur. O zaman çiy asfalt döşənmişdi. Müharibə vaxtı da texnika - tank, BMP, BTR-lər hərəkət elədi, yol dağıldı. Ondan sonra bir dəfə yüngül təmir olunub. 2-3 il qabaq xır tökülüb, hamarlanıb”, - kənd sakini 46 yaşlı Rafiq Əhmədov belə deyir.ÿ
O, Qarabağ müharibəsi veteranıdır. 88-ci ildə müharibə başlayandan öz kəndlərini müdafiəsinə qoşulub. 96-cı ilin 1 fevralına kimi Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı olub. Döyüşdüyünə görə 45 manat müharibə iştirakçısı kimi təqaüd alır. Üç oğul atasıdır. Böyük oğlu epilepsiya xəstəsidir. Bakıda Uşaq Nevroloji Xəstəxanasında müalicə olunur. Digər iki oğlu məktəblidir.ÿ
Deyir, uşaqlarımız 2-3 km bizdən uzaqda yerləşən Əsrik Cırdaxan məktəbində təhsil alır. “Qışın qarında, yağışında uşaqlarımız həmin məktəbə gedir. Bu qədər yolu getmək çox çətindir. Heç olmasa ibtidai siniflər üçün məktəb tikilə, 4-cü sinfə qədər uşaqlar öz kəndimizə gedə”.ÿ
Kənd dağ ətəyi sahədə olduğundan qış mövsümündə dərslərə getmək şagirdlər üçün daha müşkülə dönür. Yollar buz bağlayır, sürüşkən olur. Problemlər tək bununla da bitmir. Kəndin bütün su ehtiyacı iki bulaqdan asılıdır. Bulaqlardan biri kəndin erməni postlarına yaxın yuxarı hissəsində, digəri isə kəndin ortasında yerləşir. Bulaqlar hər il yay aylarında mütəmadi olaraq quruyur.
“Içməli su sarıdan qıtlıq çəkirik. Iki dənə bulaq var kənddə. Bulaqların qabağına nov qayırmışıq. O nova su yığılır. Özümüz də o bulaqdan istifadə edirik, heyvanlarımız da. O bulaqların da suyu qurumaqdadır. Təsərrüfatımız heyvandarlıqdan ibarətdir. Özgə əkinimiz də yoxdur. Ancaq kartofdur. Onu da satmağa yetəcək qədər əkə bilmirik. Ona görə ki, suyumuz yoxdur. Yağış yağsa olur, yağmasa olmur. Il ildən quraqlıq keçir. Hər tərəf yanıb gedir”.
R. Əhmədov bildirir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi kəndə gəlib su problemi ilə maraqlanıb, bulağın mənbəyini yoxlayıb. Belə qərara gəlinib ki, kəndə su xəttis çəkmək böyük məbləğə başa gələcək. Məsələ olduğu kimi də qalıb.
Kənddə demək olar evlərin çoxunun pəncərələri hörülüb. Çünki gecələr evdə işıq yandıranda ermənilərin nəzarətində olan ərazilərdən evlərə atəş açılır. Əks-təqdirdə hər an təhlükə ilə üzbəüz qalırlar. Gecələri də, gündüzləri də təhlükədə yaşayırlar.
Eyni çətinlikləri 70 yaşlı kənd sakini Ülfət Hüseynova və onun ailəsi də yaşayır. O, 14 övlad dünyaya gətirib. Indi yanında yalnız kiçik oğlu qalır. Ailənin aylıq gəliri 108 manatdır.
“Hökumətin verdiyi o 54 ”şirvan"la mən necə yaşayım?! Qəhrəman anayam mən. Burda yaşamaq çox çətindir. Bizim başımızdan güllə yağır, damlarımız deşik-deşikdir. Işıq pulu, qaz pulu verə bilmirik, yollarımız yox, suyumuz yox".
Hüseynovlar ailəsi təqaüd və təsərrüfatlarından əldə olunan gəlirlə yaşayışlarını zorla təmin edir. Əkin sahələri hamıda olduğu kimi yağış suyu ilə sulanır. Quraqlıq olanda məhsul az olur. Ancaq bundan çətini odur ki, onlar gündüz vaxtı əkin sahələrinə çıxa bilmirlər. Erməni əsgərləri sahələri atəşə tutur deyə yalnız axşamlar sahəyə girmək mümkün olur.ÿ
“Gecə qaranlıqda gedirik sahədə işləməyə. Amma hərdən gecə də atırlar, onda qayıdıb evə getməli oluruq. Zor-güc əkib-becəririk, bu səfər də susuzluqdan məhsul yanıb məhv olur. Çox çətindir dolanmağımız ”.
Ü. Hüseynova deyir ki, kənddə örüş yerləri də azdır. “Mal-heyvanı öz kəndimizin torpaqlarına otarmağa aparmaq olmur. Heyvanları gözdən qoyan kimi meşəyə gedir. Ordan isə erməni əsgərləri oğurlayır. Bu kənddə elə ev yoxdur ki, qapısının malı oğurlanmasın. Görürsən o iki dananı? Onların anaları yoxa çıxıb. Iki gün öncə meşəyə tərəf aparmışdı uşaqlar. Axşamı gedib tapa bilməyiblər. Səhər də gəzdilər. Yox idi. Neytrala gedib çıxıb, ordan da ermənilər aparıblar”.
R. Əhmədovun da Koxa Nəbidə örüş probleminin olduğunu deyir. “Özümüzün örüş sahəmiz Ermənistanla sərhəddə olduğuna görə biz buralarda heyvanımızı otara bilmirik. Əsrik Cırdaxan kəndinin pay torpağı var, örüş sahələri var, orda otarırıq heyvanlarımızı”.
Sadalanan problemlərlə bağlı kəndin Icra Nümayəndəliyinə müraciət etdik. Katib Sadiq Abulov bildirdi ki, işləri çoxdur və cavab verməyə vaxtı yoxdur. “A kişi, mənim öz işim-gücüm var! Mən öz işlərimi görüm, ya sənə cavab verim?!”.
Ü. Hüseynova isə kəndin saysız problemlərinin öz həllini tapacağına ümid edir. “Hamısı bilir ki, biz nə cür yaşayırıq, nə vəziyyətdə yaşayırıq! Icra başçısı da bilir, hökumət də bilir, aləm də bilir. Bizim problemləri həll etsinlər. Başqa nə istəyirik?! ”.
sivil-forum.az