Kiyev Ukrayna ordusunun Dnepr çayını keçdiyini xəbər verir

18-11-2023, 08:26   



Ukrayna hərbiyyəsi bildirib ki, Ukrayna ordusu "uğurlu əməliyyatların ardınca" Dnepr çayının Rusiyanın işğalında olan sol sahilində, Xerson vilayətinin ərazisində bir neçə "platsdarm" yarada bilib.

Ukrayna Dəniz Piyadaları Korpusunun bəyanatında deyilir ki, Dneprin şərq sahilində əməliyyatlar davam edir və Rusiya qüvvələri "texnika və canlı qüvvə sarıdan" ağır itkilər verir.

Xerson vilayətindəki Rusiya işğal administrasiyası və Rusiya dövlət xəbər agentlikləri bu həftənin əvvəllərində Ukrayna qüvvələrinin Dnepr çayını keçdiyini etiraf etmişdilər.

Yoxa çıxan xəbərlər

TASS və RIA Novosti dövlət xəbər agentlikləri Rusiya Müdafiə Nazirliyinə istinadla bildirmişdilər ki, Rusiya komandanları Dnepr çayının sol sahilində ağır döyüşlərin ardınca orduya yenidən qruplaşma əmri veriblər.

Lakin bu xəbərlər bir neçə dəqiqədən sonra heç bir izahat verilmədən agentliklərin internet saytlarından yoxa çıxıb, Müdafiə Nazirliyi isə noyabrın 13-də sözü gedən xəbərləri "təxribat" adlandırıb.

Amma noyabrın 15-də Xerson vilayətindəki Rusiya işğal administrasiyası ilk dəfə olaraq Ukrayna qoşunlarının Dneprin sol sahilində olmasını təsdiq etmişdi.

Məlumatda deyilirdi ki, ukraynalılar dəmir yolu yaxınlığında Krınki kəndinin həndəvərlərində cəmləşiblər.

Ukrayna ordusunun əməliyyatları Xerson vilayətinin işğal olunmuş hissəsində 45 kilometrlik zolağı əhatə edir.



Yenidən canlanan ümidlər

Dnepr çayı Ukrayna ordusunun aylardır davam edən əks-hücum əməliyyatının qarşısında ən böyük maneə səddi sayılır.

Ukraynanın əks-hücumu iyun ayında istənilən və gözlənilən nəticəni verməyib.

Bu, Ukraynanın Qərb müttəfiqlərində ruh düşkünlüyü və məyusluq yaradıb.

Amma indi Ukrayna qüvvələrinin Dneprin qarşı sahilinə qoşun və hərbi texnika çıxarmasına və platsdarmlar yaratmasına dair xəbərlər ehtimal etməyə əsas verir ki, Ukrayna ordusu Rusiya qüvvələrinin müdafiə xəttini yararaq Krım yarımadası istiqamətində irəliləyə bilər.

Ukrayna prezidenti administrasiyasının rəhbəri Andrey Yermakbu həftənin əvvəllərində demişdi ki, Ukrayna ordusu Krımadək olan məsafənin 70 faizini keçib.



Ukrayna kəşfiyyatından mühüm məlumat

Ukrayna prezidenti Volodimir Zelenski özünün teleqram kanalında Dneprin sol sahilində möhkəmlənən hərbçiləri əks etdirən fotoları dərc edib.

Noyabrın 17-də Ukrayna hərbiyyəsi xəbər vermişdi ki, Ukrayna dəniz piyadaları sol sahildəki platsdarmlarda mövqelərini möhkəmləndirirlər.


Ukrayna hərbi kəşfiyyatının nümayəndəsi Yevgeni Yorin AzadlıqRadiosunun efirində bildirmişdi ki, Dneprin sol sahilindəki Rusiya hərbçiləri yenidən qruplaşmağa cəhd göstərə bilərlər:

"İşğalçılar yenidən qruplaşmağa çalışacaqlar. Onlar çoxqatlı müdafiə sistemi qurublar. Mən belə başa düşürəm ki, onlar belə bir ssenarilərə hazır idilər və sol sahildən çəkilməli olacaqlarını anlayırdılar".

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.