Təhsil Nazirliyi və «Azəristiliktəchizat» ASC-nin fəaliyyətində uyğunsuzluq aşkar edilib
Hesablama Palatası “Azəristiliktəchizat” ASC-nin fəaliyyətində uyğunsuzluqlar aşkarlayıb. Hesablama Palatası “Azəristiliktəchizat” ASC-nin ildən-ilə kreditor borcların artması, satılan isti su və istilik enerjisinə görə yaranan zərərə görə dövlət büdcəsindən ayrılan subsidiyalardan asılılığın aradan qaldırılması, habelə, Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətində şəffaflığın daha da artırılması məqsədi ilə Nazirlər Kabinetinə bir neçə təklif təqdim edib. Birincisi, istilik enerjisi sahəsində fəaliyyət üçün əsas hüquqi, iqtisadi və təşkilati əsasları müəyyən edən, istilik enerjisi istehsalı, daşınması, təchizatı və istifadəsi ilə bağlı münasibətləri tənzimləyən, istilik təchizatı obyektlərinin layihələndirilməsi, tikintisi, yenidən qurulması, istismarı ilə bağlı məsələləri reqlamentləşdirən, bu sferada dövlət siyasətinin əsas prinsiplərini və dövlət dəstəyinin formaları və digər məsələləri özündə əks etdirən müvafiq qanunun və enerji resurslarından səmərəli istifadə olunması, istehsalçı-istehlakçı münasibətlərinin hüquqi müstəvidə tənzimlənməsi, tərəflərin hüquq və vəzifələrinin müəyyənləşdirilməsi və digər məsələlərin həlli ilə bağlı istilik enerjisindən istifadə qaydalarının hazırlanması təklif edilib. Ikincisi, hüquqi şəxslərin real istehlak olunmuş istiliyə görə ödəmənin aparılmasına cəlb edilməsi məqsədilə istilik haqqı tariflərinə, normalarına və onların hesablanma metodologiyasına yenidən baxılması zəruri sayılıb. Üçüncüsü, Azəristiliktəchizat" ASC-nin faktiki fəaliyyəti ilə onun fəaliyyətini tənzimləyən normativ hüquqi aktlar arasında olan uyğunsuzluqların aradan qaldırılması istiqamətində müvafiq tədbirlərin görülməsi, istilik enerji müəssisəsinin, nəql və paylama xətlərinin texniki pasportlarının hazırlanması təklif edilib.
Hesablama Palatası Təhsil Nazirliyinin Təhsil Sisteminin Informasiyalaşdırılması Idarəsinin müəyyən edilməmiş qayda çərçivəsində maliyyələşdirildiyini də aşkarlayıb. APA-nın məlumatına görə, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı Təhsil Sisteminin Informasiyalaşdırılması Idarəsinin yaradılması haqqında” 19 iyun 2008-ci il 141 nömrəli qərarına əsasən informasiya-kommunikasiya texnologiyalarının tətbiqi sahəsində dövlət investisiya xərcləri və xarici investisiyalar hesabına nəzərdə tutulmuş vəsaitlər üzrə sifarişçi funksiyasını nazirliyin adıçəkilən idarəsi vasitəsi ilə həyata keçirir.
Hesablama Palatası tərəfindən aparılan nəzarət tədbirləri ilə müəyyən edilib ki, Nazirlər Kabinetinin qeyd olunan qərarı ilə Təhsil Sisteminin Informasiyalaşdırılması Idarəsi Təhsil Nazirliyinin nəzdində təsərrüfathesablı müəssisə olduğu halda, Idarənin bütün xərcləri Təhsil Nazirliyi tərəfindən dövlət büdcəsində nəzərdə tutulmuş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na ayrılmış vəsait hesabına icra edilib. Bunu nəzərə alaraq, Hesablama Palatası Nazirlər Kabinetinə təklif təqdim edib və Təhsil Sisteminin Informasiyalaşdırılması Idarəsinin hüquqi statusuna uyğun maliyyələşmə mexanizminin müəyyən edilməsini məqsədəuyğun hesab edib.