Rusiya “qara gün” lərə hazırlaşır...

29-09-2014, 10:25   
Rusiya “qara gün” lərə hazırlaşır...Rusiyada ÜDM 10% azala, dollar 48 rubla qalxa və neftin qiyməti 80 dollara düşə bilər

Rusiya Federasiyasının iqtisadiyyatı ölkənin ümumi daxili məhsulunun 10%-i həddində geriləyə, 1 dollar isə 48 rubl ola bilər. “Gazeta.ru” saytının xəbərinə görə, bu barədə Rusiya hökumətinin müzakirə etdiyi iqtisadi inkişaf ssenarilərindən birində deyilir.

Müzakirələrdən xəbərdar olan iki mənbə sayta bildirdiyinə görə, baş nazir Dmitri Medvedyevin həftənin əvvəllərində keçirdiyi iclasda qeyd olunub ki, hökumət hazırda RF iqtisadiyyatının müxtəlif inkişaf ssenariləri üzərində işləyir. Bir neçə ssenari nəzərdən keçirilib - optimist ssenaridən tutmuş “total neqativ”ə kimi.ÿ

“Total neqativ” ssenariyə görə, iqtisadiyyat 10%-dək düşə, dollar 48 rubladək möhkəmlənə və neftin bir barelinin qiyməti isə 80 dollara düşə bilər.

Mənbə əlavə edib ki, bu neqativ ssenari yalnız neftin qiymətinin düşməsi halında deyil, sanksiyalar üzündən Rusiyanın neft-qaz ixracının məhdudlaşdırılması halında da reallaşa bilər.

Iqtisadçı-ekspert Nemət Əliyev qeyd edir ki, Ukrayna hadisələrinə görə beynəlxalq sahədə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar ölkə iqtisadiyyatına zərbələr vurmaqda davam edir. Ekspertin qənaətincə, verilən proqnozlar ölkə iqtisadiyyatı üçün müsbət heç nə vəd etmir. Rusiya iqtisadiyyatı neft və qazdan asılı vəziyyətdədirsə, o zaman sanksiyalar şirkətlərə yönlənəcək:

“Rusiya neft-qaz sektoru hədəfə götürülür. Ölkənin gəlirləri əsasən bu sektordan daxil olur və xam neft və neft məhsullarının satışından daxil olan gəlirlər qiymətlərin düşməsi fonunda zərər çəkəcək. Avropa ölkələri artıq Rusiyadan satın alacaqları qazın həcmini aşağı salacaqlar. Bu isə istehsalda da enmələrə səbəb olacaq”. N.Əliyev söyləyir ki, Rusiyanın dövlət büdcə gəlirlərinin formalaşmasında çox ciddi problemlərin olacağı qaçılmazdır. Dünya dövlətlərinin hədəfə gətirdiyi Rusiya iqtisadiyyatı ona tətbiq edilən sanksiyaların fonunda çox şey itirəcək.
Azadlıq.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.