Vahid Məhərrəmov: «Bunun reallaşacağına inanmıram»
Həmişə olduğu kimi, ölkənin Kənd Təsərrüfatı Nazirliyi ölkənin ət və ət məhsulları ilə təmin edilməsi sahəsində heç bir problemin olmadığını israrla bəyan edir.
Nazirliyin açıqlamasına görə ətin diri çəkidə maya dəyəri yerli təsərrüfatlarda 1 kq üçün 5 manat 20 qəpikdən o tərəfə keçmir, üstəlik mal-qaranın baş hesabı ilə sayı, həm də istehsalın həcmi artır və s. Bu minvalla, Azərbaycanda ətin qiyməti 6-7 manat olmalıdır. Lakin paytaxtda bu gün mal ətinin qiyməti 10-12 manat arasındadır.
Qeyd edək ki, Azərbaycan Qərbin sanksiyalarına cavab olaraq xaricdən ərzaq məhsulları almağı dayandırmış Rusiya ilə bu ölkəyə ət və quş əti məhsulları ixrac etmək barədə razılaşma əldə edib. Ona görə də Azərbaycanda meyvə-tərəvəzin dalınca ət və ət məhsullarının da qiymətinin sıçrayışlı şəkildə artacağı gözlənilir. Belə bir fikir də söylənilir ki, Moskva meri Sergey Sobyaninin Bakıya bu günlərdə reallaşan səfəri Azərbaycanın ət məhsulları bazarına təsir edərək qiymətləri artıracaq. S.Sobyanin Bakıdan getməzdən əvvəl bəyan edib ki, Azərbaycandan meyvə-tərəvəzlə yanaşı ət və ət məhsulları idxal etmək barədə də müsbət danışıqlar aparıb.
Kənd təsərrüfatı sahəsi üzrə ekspert Vahid Məhərrəmov söyləyir ki, Azərbaycanın Rusiyaya ət idxal etməsi mümkün deyil. Ekspert Azərbaycanda istehsal olunan ətin maya dəyərinin yüksək olmasının buna imkan vermədiyini qeyd edir:
“Bizdən fərqli olaraq Rusiyada əhalinin istifadə etdiyi toyuq əti alıcılara aşağı qiymətə təklif olunur. Onların istehsal etdiyi məhsulun maya dəyəri aşağı olduğu üçün bu qiymətə də təklif olunur. Azərbaycanda isə bu gün ət istehsalında istifadə edilən yemin maya dəyəri yüksəkdir və nəticədə mal, qoyun və toyuq əti baha başa gəlir. Azərbaycanda bu sahədə istehsal olduqca zəifdir. Eləcə də idxal vasitəsilə bu ehtiyac qarşılanır. Biz il ərzində adambaşına ət ehtiyacının cəmi 40 faizini ödəyə bilirik. Bu göstərici olduqca aşağıdır. Rusiya isə bizdən fərqli olaraq iki dəfə artıq quş əti istehsal və istehlak edir. Eləcə də mal və qoyun ətini bizdən çox istehsal edirlər. Bu baxımdan Azərbaycan Rusiya bazarı üçün çətin ki, ət və ət məhsulları idxal etsin”.