Ekspertlər bu görüşü suda boğulanın saman çöpündən yapışması kimi dəyərləndirir
Rusiya prezidenti Vladimir Putin Həştərxanda Azərbaycan prezidenti Ilham Əliyevlə görüşəcək. Bunu Rusiya mətbuatına Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib. Həmçinin o xatırladıb ki, Rusiya və Azərbaycan liderləri bu yaxınlarda (avqust) ayında Soçidə görüşüb və orada Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.
“Əliyevlə görüş çox vacibdir. Bizim əlaqələr yetərincə fəallaşıb”,- deyə Uşakov vurğulayıb.
Uşakovun “Əliyevlə görüş çox vacibdir” deyərkən nəyi nəzərdə tutur?
Siyasi ekspert Rahim Hacıyevin sözlərinə görə, Ukrayna məsələsi Qərblə Rusiyanın münasibətlərində böyük böhrana səbəb oldu: “Rusiyanın Ukraynanın ərazilərini işğal etməsi Qərb dövlətlərinin ona qarşı böyük koalisiyasının yaranmasıyla nəticələndi. Qısa müddət ərzində bir-birinin ardınca Qərb Rusiyaya qarşı ağır sanksiyalar tətbiq etməyə başladı. Rusiyanın antisanksiya siyasəti Qərblə müqayisədə çox kiçik iqtisadi poetansialı olan şimal qonşumuzu bu sanksiyalardan xilas edə bilmədi. Siyasi və iqtisadi cəhətdən xeyli mənada təcrid vəziyyətinə düşmüş Rusiya yaxında və uzaqda müttəfiqlər axtarışındadır. Iş o həddə çatıb ki, Rusiya Azərbaycan kimi kiçik bir ölkənin dəstəyinə ehtiyac duyur. Cənubi Qafqazda ciddi maraqların olmasını heç vaxt gizlətməyən və ən müxtəlif üsullarla bu maraqları təmin etməyə çalışan, Qərblə münaqişədə olan Rusiya üçün indiki şəraitdə Azərbaycanla yaxınlaşmaq müəyyən mənada əhəmiyyət kəsb edir. Rusiya bazarlarını Azərbaycan kənd təsərrüfatı məhsullarına açıb və eyni zamanda Azərbaycandan maliyyə vəsaitləri cəlb etmək fikrindədir. Məhz bu amillərə görə Ilham Əliyevin səfərinə Rusiya tərəfi ciddi ümidlə baxır”.
Politoloq Vəfa Quluzadənin fikrincə, iki ölkə başçısının görüşü sözsüz ki, vacib görüşdür: “Uşakovun bəyanatı belədir; iki dəfə iki dörddür. Burada təzə bir şey yoxdur. Əgər burada nəsə razılıq əldə olunubsa, buyursun desin. Mən inamıram ki, burada konkret razılıq əldə oluna bilər. Belə razılıq oluna bilər ki, vaxt keçsin baxaq. Ukrayna böhranı bitsin baxaq. Rusiyanın mövqeyi də ondan ibarətdir ki, siz narahat olmayın. Ukrayna böhranı bitir, sanksiyalar dayanır, Amerikayla, Avropa Ittifaqıyla əlaqələrimizi bərpa edirik. Bu isə həqiqətə uyğun deyil. Amerikayla, Avropa Ittifaqıyla əlaqələr uzun müddət pozulub. Rusiyanın nazirləri artıq bəyan edib. Iqtisadiyyat naziri Ulyukayev və başqaları da deyib ki, sanksiyalar çox işləyəcək.
Ramin DEKO