Kreml Xəzər dənizini sürətlə hərbiləşdirir

29-09-2014, 11:53   
Kreml Xəzər dənizini sürətlə hərbiləşdirirRusiya Xəzərə tam sahiblik iddiasından əl çəkmir
Bu ölkə dənizin milli sektorlara bölünməsinin və regiondankənar dövlətlərin hərbi qüvvələrinin Xəzərə buraxılmasının əleyhinədir

Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirib ki, Xəzəryanı beş dövlət (Rusiya, Iran, Qazaxıstan, Azərbaycan, Türkmənistan) Xəzərə regiondankənar dövlətlərin hərbi qüvvələrinin buraxılmaması barədə razılığa gəliblər. Xəzəryanı ölkələr hələ ki, Transxəzər kəmərlərinin tikinti rejimi üzrə razılığa gələ bilməyiblər.

“Itar-Tass” agentliyinin məlumatına görə, Uşakov bu məsələnin sentyabrın 29-da Həştərxanda keçirilməsi nəzərdə tutulan Xəzər sammitində müzakirə ediləcəyini deyib.

Daha öncə keçirilmiş sammitdə keçmiş Rusiya prezidenti Dmitri Medvedev bu məsələnin ölkəsi üçün çox aktual olduğunu vurğulamışdı və Rusiyadan xəbərsiz çəkilən istənilən kəməri hətta hərbi müdaxilə yolu ilə dayandıra biləcəklərini söyləmişdi. Moskvanın sammit öncəsi məsələni yenidən gündəmə gətirməsi Xəzəryanı ölkələrə bu məsələ ilə bağlı mövqelərini xatırlatmaq məqsədi daşıyır. Rusiya bu addımı atmaqla Türkmənistan qazını Transxəzər qaz kəməri ilə Avropaya daşımaq istəyən Qərbin niyyətlərinin üzərindən xətt çəkir.

Ekspertlər bu addımı müəyyən mənada Qərbə qarşı addım kimi qiymətləndirir.

Bəs, Xəzərə hansı ölkələr gəlmək istəyirdi deyə belə bir addım atılıb? Bu plan kimə qarşı yönəlib?

Hərbi ekspert Üzeyir Cəfərov hesab edir ki, Uşakovun dediyi bütün dövlətlərin mövqeyi demək deyil: “Bu yalnız Rusiyanın istəyidir, arzusudur. Uşakovun dediyi o anlama gəlmir ki, həll olunmuş yekun qərardı. Ancaq bütövlükdə götürəndə, Rusiyanın ən böyük arzusu, istəyi ondan ibarətdir ki, Amerika regiona gəlməsin, Xəzərdə iştirakı olmasın. ABŞ-ın Xəzərdə Azərbaycana göstərdiyi dəstək indiyə qədər yüksək olub. Mən onun tərəfdarıyam ki, ABŞ bundan sonra da Xəzər hövzəsində həm qaçaqmalçılıqla, həm narkotrafiklə mübarizədə Azərbaycana dəstək olsun. Indi Azərbaycanın mövqeyi digər Xəzəryanı ölkələrin mövqeyindən fərqlənir. Hər zaman da Azərbaycan praqmatik addımlar atıb. Uşakov indi bu fikri səsləndirir ki, belə bir razılığa gəliblər. Əgər bu razılıq sənəd şəklində ortada olsa, mülahizə və yaxud fikir yürüdə bilərik”.

Üzeyir Cəfərovun sözlərinə görə, Rusiya istəyir ki, Xəzər milli sektorlara bölünməsin: “Çox məsələlər olub, onun haqda müsbət fikirlər səsləndirilib, sonradan onlar sənəd şəklində təsdiqini tapmayıb. Xəzərlə bağlı Rusiyanın mövqeyi hələ də bir qədər qarışıq qalır. Xəzərlə bağlı kifayət qədər məsələlər var ki, Azərbaycanın mənafeyinə toxunur. Biz istəyirik ki, bu məsələlər də tezliklə həllini tapsın. Azərbaycanın Xəzərlə bağlı digər dövlərlə müqayisədə daha çox hüquqi və mənəvi haqqı var. Azərbaycan prinsip etibarıyla onun marağındadır ki, Xəzərlə bağlı məsələlər tezliklə həll olunsun. Rusiyanın son vaxtlar Xəzərlə bağlı atdığı addımlar, ora buraxdığı ən böyük hərbi gəmilər onu deməyə əsas verir ki, iddiaları var. Rusiya-Ukrayna hadisələrinin fonunda sonradan müəyyən ciddi fəsadlar ortaya çıxara bilər. Bu fəsadların olmaması üçün hərbi dəniz qüvvələrimizi gücləndirməliyik, müdafiə potensialımızı inkişaf etdirməliyik”.(azadlıq.info)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.