Sizin Reklam Burada
Tel: 050 378-66-61 E-mail: [email protected]

Jurnalistlərin apellyasiya şikayəti təmin edilmədi

29-11-2023, 11:46   


Noyabrın 28-də Bakı Apellyasiya Məhkəməsində "Abzas Media"nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızının evində axtarış aparılmasından verilən şikayətə baxılıb.

Məhkəmə hər iki jurnalistin şikayətini təmin etməyib. Vəkil Zibeydə Sadıqova Amerikanın səsinə açıqlamasında bildirib ki, Ülvi Həsənlinin evində axtarış aparılmasının qanuni əsası yox idi.

"Binəqədidə, Ülvinin yaşayış yerində keçirilən axtarışdan şikayət etmişdik. 20 noyabrda Binəqədi rayon məhkəməsinin qərarı var idi. Bildirdik ki, məhkəmə Ülvi Həsənlinin evində axtarış aparılması ilə bağlı qərar qəbul edib, lakin bunun heç bir əsaslandırması yoxdur. Həmin vaxt heç Ülvinin hansı statusda olduğu bilinmirdi. O, şahid idi, təqsirləndirilən, ya şübhəli idi, bu məlum deyildi. Digər arqumentlərimizi də səsləndirdik, ancaq məhkəmə şikayətimizi təmin etmədi" - deyə, vəkil qeyd edib.

Vəkil Elçin Sadıqov bildirib ki, Sevinc Vaqifqızı dünən noyabrın 27-də məhkəmədən pis şəraitdə aparıldığından nəfəs çatızmazlığı yaşayıb, vəziyyəti pisləşib. Şikayət edəndən sonra bu gün problem həll edilib.

"Sevinc Vaqifqızı bu günki məhkəmədə iştirak edirdi. Ətraflı axtarış və götürülmədəki qanunsuzluqlarla bağlı ətraflı danışdıq, bütün fikirlərimizi qeyd etdik. Lakin buna baxmayaraq, apellyasiya şikayətimiz təmin edilmədi", o bildirib.

Ülvi Həsənli noyabrın 20-də, Sevinc Vaqifqızı isə noyabrın 21-də həbs olunub. Xətai Rayon Məhkəməsi saytın direktoru barəsində 4 ay, baş redaktoru isə 3 ay 29 gün müddətinə həbs qətimkan tədbiri seçib. "Abzas Media"nın direktor müavini Məhəmməd Kekalov isə noyabrın 20-də həbs olunub və barəsində 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

Onların hər üçü Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qaçaqmalçılıq) maddəsi ilə ittiham olunurlar. Jurnalistlər ittihamları qəbul etmir, həbslərinin səbəbi kimi "Abzas Media"da dərc olunan korrupsiya araşdırmalarının olduğunu bildirirlər.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar