“XARİCİ BANKLARDAKI AKTİVLƏRİMİZƏ TƏHLÜKƏ OLA BİLƏR...” – “Aprel döyüşlərindən sonra xarici kəşfiyyatların ordumuza qarşı təxribatı baş tutdu” (VİDEO)

30-01-2024, 14:38   



(Prezidentliyə namizəd Zahid Orucun 7-ci çıxışı)

Əziz həmvətənlər,

Biz elə bir regionda yerləşirik ki, dövlət başçısı, ilk növbədə, siyasi rəhbər deyil, Ali Baş Komandan olmalıdır. Avropa ölkələrinin çoxunda 1-ci şəxslər hərbi rəhbər deyil, çünki idarəetmə quruluşu fərqli və regionda təhlükəsizlik sistemi güclüdür. Müstəqillik tariximizdə Ulu öndər Heydər Əliyevə qədər Ali Baş Komandan seçə bilmədiyimizdən o adamlar tez-tez hakimiyyətdən gedirdilər. Ona görə də 1-ci şüarımız belədir - əvvəl, Ali Baş Komandan Seçin!

Milli təhlükəsizlik və ordu quruculuğu haqqında danışmazdan qabaq Vətən müharibəsinin 3 fərqli cəhətini sizinlə bölüşmək istərdik. Əlbəttə, Qələbə həm də bütün ssenariləri nəzərdən keçirəndə daha aydın və əzəmətli görünür. Əgər biz savaşı qazana bilməsəydik (bu haqda bir nəfər belə haqlı olaraq düşünməyib, bax uğurun bir sirri bundadır) dövlətçiliyimiz itirilə bilərdi. Bizim məğlubiyyətimizi istəyən qüvvələr vardı, lakin uduzmaq şansımız yox idi.

İkincisi, Qarabağ müharibəsində rəsmi statistikalarına istinad etsək, iki ölkə birlikdə 7 minə qədər hərbçi itirlib, yaralıların sayı isə qeyri-rəsmi rəqəmlərə görə birlikdə 18-20 minə çatır. Bir gündə həyatını itirənlərin ümumi sayı 160 nəfərə, yaralılar isə 400-ə yaxın olub. Deməli, Vətən müharibəsi Birinci Qarabağ savaşı qədər, yəni 6 il davam etsəydi, iki tərəfin birlikdə itkiləri 350 minə yaxın olardı. 44 günlük müharibə ən qısa vaxtda, ən azı itki ilə, ən yüksək nəticələrin qazanıldığı haqq savaşıdır.

Üçüncüsü, dünya tarixində on yeddi min kvadrat kilometr ərazilərin düşməndən təmizlənməsi ən azı 3 dəfə geniş ərazilərə müharibənin yayılması şəraitində mümkün olur. Bərdəyə, Gəncəyə, Tərtərə vurulan xain zərbələrə baxmayaraq, hərbi əməliyyatların radiusunu Qarabağ və ətraf ərazilərdə lokallaşdırmaq Azərbaycan dövlətinin ən böyük uğurlarından biridir.

Hava hücumundan müdafiə sistemləri, xüsusi təyinatlı qüvvələr, Müdafiə Nazirliyinin çoxminli heyəti, sərhəd və daxili qoşunlar, o cümlədən kəşfiyyat və əks-kəşfiyyat qüvvələri, bizim göylərdəki ordumuz, kosmik sistemlər-peyklərimiz, nəhayət, polis orqanları bu müharibənin bütün səviyyələrində ağırlığını öz çiyinlərində daşıyıblar və monolit qüvvə olublar. Bir daha ayrıca qeyd edək ki, təhlükəsizlik və əks-kəşfiyyat orqanlarının gözəgörünməz cəbhədə gördüyü işlər düşmənin planlarını əvvəldən görməyə imkan verdi, ordumuza qarşı daxildən bütün təxribatların qarşısını aldı, nəticədə 2005-2015-ci illərdə bu qurumun adına vurulan ləkələr təmizləndi. Onlar ordumuzun bir parçası idilər və Ulu öndərin yüksək adını bərpa edərək əsil milli təhlükəsizlik zirehinə çevrildilər. Bütün hərbi sirlər açılanda dövlətimizin hansı miqyasda məxfi işlər gördüyünə əmin olacaqsınız.

Ötən 20 ildə ordu quruculuğuna 36 milyard manat xərclənib. Xatırladaq ki, həmin məbləğ 2003-cü ildə 100 milyon manata çatmırdısa, 2024-cü ildə nəzərdə tutulan məbləğ 6.4 milyard manat təşkil edir. Bu Ermənistanın hərbi büdcəsindən 3 dəfə çoxdur.

Biz proqramımızda təklif edirik - hər nəsil sıfırdan başlamasın - indi toplanan təcrübəni ən yaxşı dərsliklərə çevirib yeniyetmələrə, müdavimlərə öyrətməliyik ki, onlar Şuşanı dəmir əlləri ilə azad edən oğulların qəhrəmanlıq səlnaməsini mənimsəsin. Çünki ordu məktəbdən başlanır. Bizim hərbi elitamız parket üzərində deyil, indi gerçək döyüşlərdən formalaşır. Hikmət Mirzəyevin yüksək vəzifəyə təyinatı cəmiyyətdə ona görə alqışla qarşılandı ki, o, millətimizin fədakarlıq rəmzlərindən biridir və bu təyinat gələcəkdə daha güclü ordunun quruculuğuna inamı artırır. Bizim növbəti şüarımız - əlbəttə, modern ordu qurmalıyıq, lakin əsgər sayını azaltmaq yolverilməzdir. Biz Türkiyə modelli ordu quruculuğunun davam etdirilməsini və “əsgəri heç bir texnika əvəz edə bilməz” prinsipini müdafiə edirik.

Ona görə də biz bütün əsgərlər üçün xidmət müddətinin 1 ilə endirilməsini, lakin 20 illik xidmət edənlərin mənzil və xidməti evlərlə təminatına dair dövlət proqramının əhatə dairəsinin genişləndirilməsini vacib sayırıq.

İndi sizə milli təhlükəsizliyimiz üçün 5 təhülkəni və ona qarşı mövqeyimizi çatdırmağa çalışacağam:

• Birincisi, işğal dövründəki təhlükəsizlik arxitekturası dağılıb, lakin yenisi hələ yaranmayıb. Bəli, bu geosiyasi inqilabı Azərbaycan edib, təhlükəsizliyimizi gücləndirib və ölkəmizin siyasi çəkisini artırıb. Ona görə də təklif edirik: Azərbaycan təkcə sülhməramlı deyil, həm də Şuşa hərbi müttəqilik bəyənnaməsinə söykənərək, Türkiyənin həyata keçirdiyi Yaxın Şərq əməliyyatlarına ordusu ilə qatılsın. Biz coğrafi cəhətdən böyümüşük, indi geosiyasi baxımdan genişlənməliyik. Əgər biz etməsək, bizi kiçiltməyə çalışacaqlar.

• İkincisi, Ermənistanda belə düşünürlər ki, onlar Qarabağdan əl götürsələr də, bir neçə Qərb dövləti onların əvəzindən bu mübarizəni aparacaq. Beləliklə, bölgəyə xarici müdaxilələr artır. Avropa Birliyinin 209 nəfərlik casus heyəti NATO-nun Qafqaza doğru genişlənmə planıdır. Bizim üçün ən böyük təhlükə Ermənistan və onun silahlandırılması deyil, onlar bizə qarşı 20 il döyüşə bilməzlər, regiona uzaq dövlətlərin hərbi baxımdan gətirilməsidir. Biz təklif edirik ki, Cənubi Qafqazda sülh və təhlükəsizliyə, xarici hərbi qüvvələrin gətirilməsinə qarşı 6 dövlət arasında pakt imzalansın.

• Üçüncü risq: dünya təhlükəsizlik sistemi çökür, Rusiya-Ukrayna müharibəsindən sonra dünyada silahlanmaya yönələn xərclər, Stokholm İnstitutunun məlumatına görə, 200 milyard dollara yaxın artaraq toplam 2 trilyon dolları keçib. NATO “Soyuq müharibə”dən sonra ən böyük təlimi - 90 min nəfərlik heyətlə, bütün 31 üzvlə birlikdə başlayıb. Mən burada Fransa rəhbərinin sözlərini demək istəyirəm: Avropa dinclikdə, əmin-amanlıqda qalsın deyə, Ukraynada müharibə davam etməlidir. Ona görə biz hərbi ittifaqlara qoşulmasaq da, ikitərəfli hərbi müttəfiqlərimizi artırmalıyıq.

• Dördüncüsü, ölkəmizə qarşı siyasi təzyiqlərdən və məhkəmə qərarlarından sonra xarici maliyyə axınlarının qarşısının kəsilməsi üçün iqtisadi sanksiyalar işə salına bilər. Bizim xarici banklardakı aktivlərimizə qarşı müəyyən təhlükələr ola bilər. Onsuz da hamı bilir ki, Qərb yağmalamağı yaxşı bacarır. Biz valyuta ehtiyatlarımızın coğrafiyasını dəyişməli və genişləndirməliyik.

• Beşincisi, bizə qarşı informasiya müharibəsi getdikcə intensivləşir. Sizə bir kitabımızı göstərmək istərdim - orada beynəlxalq jurnalistika adı ilə qlobal şəbəkənin ölkəmizə hücumundan bəhs olunur. Hi-tech korporasiyalarının casus şəbəkələrlə birlikdə 4 P-Panama, Pegasus, Paradise və Pandora sənədlərinin küfr və cəfəng məlumatları hibrid müharibə üsulları ilə 8 ildir apardığı sistemli qara kampaniyada məqsəd dövləti ləkələmək, ölkəmizi müttəfiqlərindən və investisiyalardan məhrum etmək, dövlət-vətəndaş qarşıdurması yaratmaq və əhalinin müəyyən təbəqələrində sosial ümidsizlik, təbəqələşmə və elitada parçalanma doğurmaqdır. Ona görə də bilməliyik - bizim 3 vətənimiz var: coğrafi vətən, mavi vətən (yəni, dənizlər) və kibervətən - informasiya məkanı. Hər 3 vətəni eyni əzmkarlıqla qorumalıyıq - bu bizim 4-cü şüarımızdır. Biz Türk dövlətləri ilə birlikdə Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin yaradılmasını təklif edirik.

Hərbi doktrina və təhlükəsizlik konsepsiyasının yenilənməsi vacibdir, çünki onun qəbulundan sonra qlobal və regional reallıqlar dəyişib. Ən başlıcası, biz yeni strategiylar irəli sürürük və Yüksələn Regional Güc statusu qazanaraq, qarşımıza mühüm hədəflər qoymuşuq. Hərbi və təhlükəsizlik qüvvələri bu yeni ideyaları ölkənin bütün qüvvələri ilə birlikdə edə bilər.

Biz hərbi sənayeni inkişaf etdirməliyik. Birinci növbədə ona görə ki, Rusiya daha çox daxili tələbatını ödəmək üçün əvvəlki silah bazarında ikinci mövqeyindən çıxıb. Amerika silahlarını Ukraynaya satır, ona görə dünya silah bazarında gerçək bir vakkum yaranıb. Azərbaycan hərbi sənayesi bu boşluqdan yararlana bilər. Qeyri-rəsmi hesablamalara görə, bizim orada milyard manatdan artıq mal satışı imkanlarımız mövcuddur. Belə bir termin var dünyada: ”Hərbi Sənayenin Prezidenti” olmaq. Yəni, maksimum dərəcədə əsgərin çəkməsi torpağa az dəyir, əvəzində müasir texnologiyalar hava məkanında onların işini görür. Bizim ordu gücümüz hərbi sənayenin inkişafından asılı olacaq.

Müasir ordu quruculuğu üçün xüsusi təyinatlı ali təhsil müəssisəsinin - Müdafiə Sənayesi İnstitutunun yaradılması vacibdir. Orada hərbi kompozisiya materiallarının mühəndisliyi, aerokosmik sənaye, robot idarəetmə sistemləri, pilotsuz uçuş aparatı istehsalı və s. istiqamətli ixtisasların tədris və elmi tədqiqatı ilə məşğul ola, dünyanın bu istiqamətdə inkişaf etmiş ali təhsil müəssisələrinin (İstanbul Texnik Universiteti, Massaçusets Texnologiya Universiteti) təcrübələrindən yararlana, əməkdaşlıq əlaqələri qurula bilər.

Ordu daxildə hər cür təhdid, kampaniya və hücumlardan yüksəkdə dayanmalıdır, çünki Silahlı Qüvvələr millətin vahidliyini özündə təcəssüm etdirir. “Tərtər işi” adı ilə 7 ildir davam edən, Ermənistana casusulquda ittiham edilərək mühakimə olunan şəxslərin taleyi ilə bağlı yekun qərar verilməlidir. Həmin dövrə bir daha qayıtsaq, Vətən müharibəsinin baş məşqi və parlaq hərbi səlnaməsi olan aprel döyüşlərindən sonra dövlətə və orduya qarşı xarici kəşfiyyat orqanlarının təxribatı təəssüf ki, baş tutdu. Xatırlatmaq istərdim ki, eyni ssenari Türkiyədə Balyoz və Ergenekon əməliyyatı adı ilə 18 minə yaxın şəxs, dövlətə sədaqətli isanlar fetoçuların təxribatı ilə tutuldu. Hətta Baş Qərargahın rəisi İlkər Başbuğ da həbsə atıldı. Nəticələri hamınız bilirsiniz. Bizdə Baş Prokurorluq zərərçəkənləri yenidən aşkara çıxararaq, istintaqı təkrar apardı və məsuliyyətə başqa şəxsləri də cəlb etdi. Hesab edirik ki, Hərbi Prokurorluq, Hərbi məhkəmə və hərbi həkimlər qanunsuzluğa yol veriblər. Ona görə də həmin məsələ ilə bağlı Tərtəri qəhrəman şəhər elan edərək, onun adını informasiya məkanında təmizləmək, eləcə də casusluqda haqsız olaraq suçlu bilinən çox az sayda qalan adamları azad edərək, onlara istintaqı yanlış aparanların hesabına təzminat ödəyib, bu işi bağlamaq gərəkdir ki, daim orduya və dövlətə qarşı hücum silahına çevrilməsin.

Qalib ordu hər cür iqtidar-müxalifət münasibətlərindən yüksəkdə dayanmalıdır. Əlbəttə, müharibədə qələbə yalnız ordu ilə qazanıla bilməz - əgər təbii resurslardan düzgün yararlana bilməsək, ölkəmizin coğrafi gerçəklərini və geosiyasi əhatəsini düzgün dəyərləndirməsək, insan resurslarını düzgün təşkil etməsək və nəhayət, milli iradənin səfərbərliyinə nail olmasaq, uğurları qoruyub saxlamaq da çətin olar.

Hər bir ölkənin ordu və milli təhlükəsizliyi sülh şəraitində deyil, məhz müharibələrdə sınağa çəkilir. Dünyada qəbul olunan prinsipə görə savaşı dövlət aparır. Bizim Konstitusiyada dövlətin üzərinə 14-dən artıq vəzifə qoyulub. Xalqı səfərbər etmək, iqtisadi, siyasi və diplomatik resursları və Silahlı Qüvvələri düzgün taktiki və strateji hədəfə yönəltməyi dövlət etməlidir. Ona görə də qələbəmiz Azərbaycan dövlətinin vahidliyi olmadan, o bir mərkəzdən yönlədirilmədən mümkün ola bilməzdi.

Bizim regionda ordusuz dövlət, dövlətsiz ordu yoxdur!

Gəlin, ordumuzla birlikdə Qələbəmizi qoruyaq!



 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.