Hötenin "Gənc Verterin əzabları" Avropada dəhşətli bir sindrom idi. Bu əsəri oxuyan hər gənc oxucunun az qala beşindən üçü intihar edirdi. Kitabda nakam məhəbbətdən, Verterin ümidsiz eşqindən bəhs olunur. Buna görə də zəmanəsində Hötenin bu kitabının satışı Avropada qadağan olunur ki, kütləvi intiharların qarşısı alınsın. Nəticədə tarixə "Verter sindromu" kimi ad qazanır. Bu gün Azərbaycan cəmiyyətində gedən deqradasiya, mənəvi aşınma da təbliğatın affekt yaradan nəticələridir. Freyd yazırdı ki, adamlar tək-tək dəli olmurlar, bütöv bir xalq dəli olur...Azərbaycanda dəlilik, maniya həddinə çatan bir kütlə var. Buna kütləvi psixoz da demək olar: tik-tokda olan iyrəncliklər, bütün mənəvi keyfiyyətlərini pozan anormal təbliğat, sürtük, səviyyəsiz adamların fenomenə çevrilməsi, onların adi həyatda abırsız hərəkətlərini milyonların izləməsi və özlərini bu cür adamlara bənzətmək trendi...Eləcə də efirləri açanda bayağı verilişlər, ər axtaranlar, arvadı qoşulub başqa kişiylə qaçanlar, televiziyaya çıxarılması uyğun olmayan adamların canlı yayımlarda özlərini bazar olan kimi hiss etmələri - bütün bu "informasiya terroru" evlərimizin içinə girib. Təbii ki, bunu yeni yetişən nəsil görür, uşaqların qarşısına çıxır. Və cəmiyyət mənfi çalarlarla dolu bir şəraitdə inkişaf edə bilməz. Onun içindən psixopatı da, manyakı da çıxacaq. Onun içindən özünü idarə edə bilməyən Afiyyədin də, ailəsini baltalayan psix Əhməd də, narkotikin təsiri altında avtomobili millətin üstünə sürənlər də tapılacaq. İki gündür ölkəni sarsıdan məlum qətl mövzusunda paylaşılan postları izləyərkən, bu gün səhər elə xəbər lentlərində qarşımıza çıxdı: "Maybach" sürücüsü yol polisinə tabe olmayıb, üstəlik, müqavimət göstərib. Nə baş verir? Ölkə niyə bu dərəcədə aqressiya, stress içindədir? Təkcə sosial şəraitlə əlaqələndirmək olmaz. İstər Afiyyədin, istər Əhməd, istər sözügedən bahalı avtomobilin sürücüsü olsun, yetərincə təminatlı adamlar olublar. Ona görə də Azərbaycan ciddi mənəvi böhranla, sindromla üzləşib. Bu vəziyyətdən isə sözsüz ki, çıxış yolları var...
Azər Talıbov
Anaxeber.info