Həbsdəki 'Abzas Media' əməkdaşlarına bəzi məhdudiyyətlər götürülüb

21-02-2024, 10:40   


"Abzas Media işi" üzrə həbs olunmuş jurnalistlərin yaxınları ilə telefon danışığı və görüşlərinə məhdudiyyət götürülüb.

Bu barədə vəkil Şəhla Hümbətova məlumat verib.

Bundan əvvəl "Abzas Media"çılar telefon danışığı və görüşlərinə məhdudiyyət qoyulduğunu bildirmişdilər. Onlar hətta bununla bağlı məhkəməyə də üz tutmuşdular.

Onlar habelə vurğulayırdılar ki, bir çox yaxınlarının pensiya, bank kartlarına da məhdudiyyətlər tətbiq edilib. Həmin şikayətləri bəzi banklar təsdiqləsə də, məsələyə rəsmi qurumlardan münasibət almaq mümkün olmamışdı.

Ofeliya Məhərrəmova
Ofeliya Məhərrəmova

"Üç aydır danışmırdıq"

Jurnalistlərin ailə üzvləri də onların telefon danışığı və görüşlərinə qadağanın aradan qaldırıldığını təsdiqləyiblər.

"AbzasMedia" nəşrinin baş redaktoru Sevinc Abbasovanın (Vaqifqızı) anası Ofeliya Məhərrəmova AzadlıqRadiosuna bildirib ki, fevralın 19-da qızı ilə telefonla danışıblar: "Qadağa qoyulduğuna görə üç aydır danışmırdıq. Düzü, mənim üçün də gözlənilməz oldu. Dedi ki, "lap yaxşıyam, mənə görə narahat olmayın". Amma göndərdiyimiz bəzi şeylər ona çatmayıb. Nə göndəririksə, siyahıda da yazırıq. Baxıb ki, siyahıda olanların bəziləri verilməyib. Məsələn, dörd kitabdan biri, gigiyenik vasitələr...".

O.Məhərrəmovanın bu dediklərinə Penitensiar Xidmətdən münasibət almaq mümkün olmayib.

Xatırlatma

Noyabrın 20-də "Abzas Media" nəşrinin direktoru Ülvi Həsənli və onun müavini olduğu bildirilən Məhəmməd Kekalov saxlanıb. Ertəsi gün "Abzas Media"nın baş redaktoru Sevinc Vaqifqızı tutulub. Daha sonra jurnalistlər Hafiz BabalıNərgiz Absalamova və Elnarə Qasımova da eyni iş üzrə saxlanıb. Onların hamısı qaçaqmalçılıqda ittiham olunub və istintaq müddətində həbs ediliblər. Həbs olunanlar ittihamları rədd ediblər, öz həbslərini peşəkar jurnalist fəaliyyəti və "Abzas Media"nın korrupsiya araşdırmaları ilə əlaqələndiriblər.

Beynəlxalq təşkilatlar da "Abzas Media"nın əməkdaşları ilə bağlı narahatlıqlarını ifadə ediblər. Rəsmilər isə ölkədə jurnalistlərin peşə fəaliyyətlərinə görə həbs olunmaları ilə bağlı deyilənləri qəbul etmirlər.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.