“Milyonluq qalmaqal”la bağlı ilginc təfərrüatlar

8-10-2014, 11:53   
“Milyonluq qalmaqal”la bağlı ilginc təfərrüatlarİcra başçısı təyin olunmaq istəyən Ramazan Səlimov istintaqa ifadəsində hansı məmurların adını çəkib?

“Milyonluq qalmaqal”la bağlı redaksiyamıza yeni təfərrüatlar daxil olub. Söhbət Bakı Ağır Cinayətlər Məhkəməsinin keçmiş hakimi Həsən Əliyevin adı keçən qalmaqaldan gedir. Həsən Əliyev Ramazan Səlimova vəzifədə olan tanışları vasitəsilə onu 1 milyon dollar müqabilində icra başçısı təyin etdirəcəyinə dair vəd verib. Həmin pulun 600 min manatını da ondan alıb, lakin vədini yerinə yetirməyib. Ramazan Səlimov Həsən Əliyevin dələduzluq yolu ilə onun pullarını mənimsədiyi barədə hüquq-mühafizə orqanlarına müraciət edib.
Bundan sonra Həsən Əliyevin hakimlik fəaliyyətinə xitam verilib və barəsində cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə) maddələrilə ittiham olunur. Lakin keçmiş hakim həbs olunmayıb. Onun barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib. Hazırda bu iş məhkəmə istintaqı mərhələsindədir. Bu hadisənin başqa bir iştirakçısı da var: Elman Məmmədov. Həsən Əliyevdən fərqli olaraq Elman Məmmədov həbs olunub.
Həsən Əliyev isə ittihamları qəbul etmir. O, bildirir ki, sadəcə Nərimanov Rayon Polis Idarəsi (RPI) 16-cı polis bölməsinin rəisi Hikmət Usubovla rayonun keçmiş prokuroru Fikrət Mahmudovun qurduğu tələyə düşüb. Yeri gəlmişkən, Fikrət Mahmudov məhz bu məsələyə görə tutduğu vəzifədən azad edilib.
“Gülər Əhmədova olayı”nı xatırladan bu hadisə barədə ilk dəfə “Azadlıq” qəzeti yazıb.

Ramazan Səlimov ilk dəfə hansı məmurla görüşüb?

Indisə keçək yeni təfərrüatlara. Istintaq materiallarından bəlli olur ki, Ramazan Səlimov Həsən Əliyevə qədər bir neçə məmurla işə düzəlmək barədə söhbətlər aparıb. Ramazan Səlimov istintaqa ifadəsində bildirir ki, həmin şəxslərlə onu Elman Məmmədov tanış edib: “2010-cu ilin sentyabr ayında 7 saylı orta məktəbin qarşısında olarkən bir nəfər məni qucaqlayıb öpdü, mənə müraciətlə ”Ramazan necəsən, nə var-nə yox" deyə soruşdu. Mən həmin şəxsə baxsam da onu dərhal tanıya bilmədim, kim olduğunu soruşdum. Həmin şəxs mənə dedi ki, məni tanımadın, Elmanam da, Binəqədi rayon icra hakimiyyətində işləyən. Mən onu yadıma sala bildim və salamlaşdım. Qeyd edim ki, Elman 7 saylı orta məktəblə yanaşı Səbail rayon icra hakimiyyətinin inzibati binasından çıxırdı. O, məni arxasınca pilləkənləri düşüb yanımıza gələn bir nəfər şəxslə tanış etdi və mənə dedi ki, həmin şəxs Səbail rayon icra hakimiyyəti başçısının müavini Qəzənfər müəllimdir. Mən soyadını sonradan öyrəndiyim Qəzənfər Novruzovla həmin günə kimi tanış deyildim. Elman mənə dedi ki, Qəzənfər müəllimlə o Binəqədi rayon icra hakimiyyətində bir yerdə işləyiblər, həmin vaxt Qəzənfər Novruzov Binəqədi rayon icra hakimiyyəti başçısının müavini vəzifəsində işləyib, hazırda isə Səbail rayon icra hakimiyyəti başçısının müavinidir".
Ramazan Səlimovun sözlərinə görə, təxminən 10 gün sonra Elman Məmmədov zəng vuraraq onu Dövlət Sərhəd Xidmətinin inzibati binasının arxasında yerləşən kafeyə dəvət edib. Ramazan Səlimov Elman Məmmədovun dəvətini qəbul edərək kafeyə gedib. Söhbət zamanı bəlli olub ki, kafe Qəzənfər Novruzovun qardaşına məxsusdur. Az sonra Qəzənfər Novruzov da ora gəlib: “Elman məni Qəzənfər Novruzovun qardaşı ilə də tanış etdi. Elmanla söhbətimiz zamanı mən ona özümə iş axtardığımı dedim. Elman harada işləmək istədiyimi soruşanda, mən Rabitə Nazirliyinə qayıtmaq istədiyimi dedim, əgər alınmasa ”Azərenerji" şirkətinin tabeliyindəki istənilən idarə, təşkilatın müdiri işləmək istədiyimi bildirdim. Elman yemək yeyib qurtardıqdan sonra, kafe-çayxanaya Qəzənfər Novruzovun özü də kostyumda, əlində qovluq gəldi və dedi ki, ərazini gəzirmiş. Üçlükdə oturub bir az söhbət etdik, Elman Məmmədov məni Qəzənfər Novruzova bir daha təqdim etdi, dedi ki, mənim dostumdur, sanballı adamdır və sair. Qəzənfər Novruzov məndən harada işlədiyimi soruşdu, mən heç yerdə işləmədiyimi dedim, o əvvəllər harada işlədiyimi soruşdu, mən iş yerlərimi ona dedim. Həmin vaxt Qəzənfər Novruzova zəng gəldi, o, Elmana dedi ki, dur gedək. Mən sağollaşmaq istəsəm də, Elman mənə dedi ki, gedib evdə neynəyəcəksən gedək bizimlə. Mən razılaşdım, Qəzənfər Novruzov özünün xidməti ağ rəngli markasını və nömrəsini xatırlamadığım maşınına minib getdi.
Biz də 4-cü mikrorayonda “Qızıl Tac” şadlıq sarayının yaxınlığına getdik. Maşında yolda Elmana dedim ki, söhbətimiz yarımçıq qaldı, mənə Bakı şəhərində və ya rayonların birində iş tapa bilərsənmi, təbii ki, mən Elmana onu da dedim ki, əgər işimi düzəltsə hamını razı sala bilərəm, buna imkanım vardır.
Elman maşında mənə danışdı ki, Qəzənfər Novruzovun qardaşı Vaqif Novruzov Bakı şəhərinin yaşıllaşdırma idarəsinin müdiridir, qudası isə MTN-də işləyən general rütbəli Qədir adlı şəxsdir. Elman mənə Qəzənfərin geniş əlaqələrinin olduğunu, mənim işə düzəlmək məsələmi həll edə biləcəyini dedi. “Qızıl Tac” şadlıq evinin yaxınlığında biz Elmanla piyada binaların arası ilə gəzişib bu mövzuda söhbət edirdik, Qəzənfər isə özünə məxsus hansısa obyektdə aparılan təmir işlərinə baxırdı. Bir müddət sonra Qəzənfər də bizim yanımıza gəldi və üçlükdə yaxınlıqdakı çayxanada oturduq. Elman Qəzənfər Novruzova müraciət edib dedi ki, Ramazan çox münasib adamdır, sanballı yoldaşdır, hər cür imkana malikdir, onu yaxın vaxtlarda Bakı şəhərində rabitə, işıq, qaz və ya su idarələrinin birinə müdir qoymaq lazımdır. Qəzənfər mənə mobil nömrəsini verdi, CV-mi hazırlamağı və hazır olan kimi gətirib xidməti otağında ona verməyimi tapşırdı".

Vasif Talıbovun qohumu Ramazan Səlimovdan niyə 100 min manat istəyib?

Ramazan Səlimov CV-ni hazırlayandan sonra Qəzənfər Novruzova zəng edir. Lakin bəlli olur ki, icra başçısı ölkədə yoxdur, Almaniyaya gedib. Bir müddətdən sonra Ramazan Səlimov Qəzənfər Novruzovla danışa bilir: “Kitab sərgisində olduğunu dedi və əlavə etdi ki, özü əlaqə saxlayacaq. 2-3 gündən sonra Qəzənfər özü mənə doğrudan da zəng vurdu və sabahısı gün saat 09-da məni yanına çağırdı. Mən də Elmana zəng edib dedim ki, Qəzənfər mənə zəng vurub yanına çağırır, Elman dedi ki, get CV-ni apar ver, nəticəsini mənə deyərsən. Mən artıq həmin vaxt bilirdim ki, Elman Səbial rayon icra hakimiyyətində işləmir, sadəcə Qəzənfər Novruzovla yaxınlıq edir. Səhərisi gün, yəni 2010-cu ilin oktyabr ayında, günü dəqiqliklə deməkdə çətinlik çəkirəm, mən Səbail rayon icra hakimiyyətinə getdim, 4-cü mərtəbədə liftdən çıxan kimi solda onun otağına girdim. Salamlaşdıqdan sonra öz CV-mi aparıb ona verdim. O, CV-mi alıb içini oxudu, siyirməni açıb ora qoydu. Mənə qayıdıb dedi ki, Almaniyadan iki dənə ”Rang Rover" markalı avtomaşın gətirilib, onların gömrük rəsmiləşdirilməsi üçün 100.000 manat pul lazımdır. Mənə dedi ki, get evdən o pulu gətir, həmin məsələni həll edək, indi bura bir oğlan gələcək, səni onunla tanış edəcəm və iş məsələn həll olunacaqdır. Qəzənfər mənə dedi ki, onsuz da sənin iş məsələni həll edəcəyik, o zaman sənin indi verdiyin 100.000 manat pulu nəzərə alarıq".
Lakin Ramazan Səlimov Qəzənfər Novruzova 100 min manatı vermir. Elman Məmmədov da ona bildirir ki, iş düzəlməyənə qədər icra başçısının müavininə pul verməsin: “Dedi ki, Qəzənfərə heç nə vermə, əvvəlcə əmr verilsin, sonra pul ver, mənə dedi ki, bir daha Qəzənfərə zəng etmə, onun telefonunu da götürmə. Elmana dedim ki, o məni səhv tanıyıb, mən maşın alverçisi deyiləm ki, ”Rang Rover"in gömrük pulunu ödəyim. Elman mənə narahat olmamağı tapşırdı. Doğrudan da həmin gündən sonra Qəzənfər mənə zəng vurmadı, mən də ona zəng etmədim. Sonradan Elmanla söhbətimiz zamanı o mənə görə Qəzənfərlə dalaşdığını, ona narazılığını bildirdiyini dedi. Təxminən 1 həftə sonra, 2010-cu ilin oktyabr ayında Elmanla Dənizkənarı parkda görüşüb söhbət edə-edə piyada Bakı Ağır Cinayətlər Məhkəməsinə tərəf gəldik. Elman mənə dedi ki, məhkəmədə kiminləsə işi var. Məhkəmənin qarşısında o bir nəfərlə görüşdü və birlikdə içəri keçdilər. Mən bayırda qaldım. Elman məhkəmədən çıxandan sonra görüşdüyü şəxsin Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi işləyən Həsən Əliyev olduğunu və onunla yaxın dost olduqlarını, Binəqədidə bir yerdə işlədiklərini dedi. Mən Həsən Əliyevi ilk dəfə sifətdən həmin vaxt görmüşəm, ona qədər belə bir adam tanımamışam. Bildirirəm ki, Qəzənfər Novruzovla bir də, 2012-ci ilin yayında o Binəqədi rayon icra hakimiyyətinin müavini işləyəndə Binəqədi yolundakı parkda təsadüfən görüşmüşəm, yeni vəzifəsini təbrik etmişəm. Bu görüşlərdən başqa Qəzənfər Novruzovla əlavə görüşlərimiz olmayıb, ona hər hansı məbləğdə pul və ya hədiyyə verməmişəm".
Ramazan Səlimoun adını çəkdiyi Qəzənfər Novruzov hələ bir il əvvəl medianın “ulduzuna” çevrilmişdi. Həmin vaxt Qəzənfər Novruzov Binəqədi rayon Icra Hakimiyyətində birinci müavin vəzifəsində çalışırdı. Görünür, Ramazan Səlimov Qəzənfər Novruzovun “yeni vəzifəsi” deyəndə bunu nəzərdə tutub.
Qəzənfər Novruzov Naxçıvan MR daxili işlər nazirinin müavini Səbuhi Novruzovun qardaşıdır. Səbuhi Novruzov isə Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun bacısının həyat yoldaşıdır. Qəzənfər Novruzovun YAP-çı deputat Siyavuş Novruzovla da qohumluq əlaqələrinin olduğu bildirilir. Onun digər qardaşları - Məhərrəm Novruzov və Vaqif Novruzov da məmurdur. Məhərrəm Novruzov Abşeronunun sosial müdafiə fondunun rəhbəri, Vaqif Novruzov isə Bakı Yaşıllaşdırma Departamentinin müdiridir. Onların işdən çıxarılmaları barədə bir məlumat yoxdur.
Qəzənfər Novruzova gəlincə, bir il əvvəl mediada belə məlumat yayıldı ki, o, ölkədən qaçıb. Məlumatlarda iddia olunurdu ki, o, hakimiyyətə külli miqdarda pul “atıb”. Daha sonra isə məlumat yayıldı ki, Qəzənfər Novruzov tutduğu vəzifədən azad edilib. Məlumatda bildirilirdi ki, Binəqədinin icra başçısı Xaləddin Isgəndərov sakinlərlə görüşündə birinci müavininin işdən çıxarılmasından danışarkən deyib ki, o, işində ciddi nöqsanlara yol verib.

Dövrəyə Misir Mərdanovun qardaşı girir

Ramazan Səlimov yazır ki, Qəzənfər Novruzovdan sonra Elman Məmmədov onu keçmiş təhsil naziri Misir Mərdanovun qardaşı ilə görüşdürüb: “2011-ci ilin fevral ayında Elman mənimlə zəngləşdi və onunla Rabitə və Informasiya Texnollogiyaları Nazirliyinin qarşısında görüşdüm. Elman dedi ki, nazirliyin aparat rəhbərinin müavini, sabiq təhsil naziri Misir Mərdanovun qardaşı olan Mərdanov soyadlı məmur bizi gözləyir. Mərdanov bizi səmimi qəbul etdi, dinlədi, mənim əvvəlki iş yerlərimlə maraqlandı. Məndən CV-mi istəyəndə dedim ki, şəxsi işim kadrlar idarəsində var, ona Bakı şəhərinin və ya rayonların birinin telefon qovşaqlarının rəisi vəzifəsinə təyin olunmaq istədiyim dedim. Onunla aramızda pul söhbəti olmadı, mən ona yalnız onu dedim ki, əvvəllər bu sahədə işləmişəm, nə desələr Sizi narazı salmayacağam. Mərdanov dedi ki, bu məsələ ilə maraqlanacağam və alınsa məlumat verəcəyəm. Bundan başqa o, hər ehtimala qarşı CV-mi göndərməyimi istədi. Onun yanından çıxdıq və Elmanla birlikdə bulvarda çörək yedik. 2-3 gündən sonra Elman zəng vurub CV-nin hazır olub-olmadığını soruşdu, bir dənə də CV hazırlayıb Rabitə Nazirliyinin qarşısında Elmana verdim və o nazirliyə girib CV-ni verdi və çıxdı. Elmana dedim ki, Bakı şəhərində yaxşı telefon qovşaqlarından birinə müdir qoysa 100.000 manat pul verə bilərəm, ancaq rayonlara təyin etsə az pul verəcəm. Elmanın iştahasından çox keçirdi, ancaq mən onu başa saldım ki, əvvəllər Rabitə Nazirliyində işləmişəm, bu sahəni bilirəm və dediyim pulu verə bilərəm. Bir ay keçsədə bu işdən bir xəbər çıxmadı. Mərdanovla mən bir daha görüşməmişəm, o məndən üzbəüz pul istəməyib, almayıbdır. Köhnə iş yoldaşlarımdan maraqlandıqda onun ümumiyyətlə nazirlikdə nüfuz sahibi olmadığını öyrəndim”.

(ardı var)

Vidadi Məmmədov
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.