Hazırda demək olar ki, bütün analitiklər Moskvadakı "Crocus City Hall”-da baş verən terror hadisəsinin arxasındakı əsas səbəbi axtarmağa çalışırlar. Bu fonda çoxsaylı versiyalar dolaşır. Düzgün cavabı tapmaq üçün mütləq Rusiyadakı indiki hakimiyyətin mahiyyətinə, dünyagörüşünə, istəklərinə və ələlxüsus da, onun keçmişdəki “sənət əsərləri”nə nəzər yetirmək lazımdır.
Rusiyada terror aktı olacağı barədə ABŞ kəşfiyyatı Rusiyaya öncədən məlumat vermişdi. Lakin maraqlıdır ki, terror hadisəsindən bir neçə gün əvvəl Vladimir Putin Qərbin bu xəbərdarlığını “şantaj, cəmiyyətin qorxudulması və destabilizasiya edilməsinə cəhd” adlandırmışdı.
Əslində, Putinin həmin cavabı beynəlxalq normalara hörmətsizlik kimi dəyərləndirilməlidir. Çünki qaydalara görə, terrora qarşı birgə mübarizə aparılması hər bir dövlət üçün prioritet vəzifə sayılır. Ona görə dünya dövlətləri bu istiqamətdə bir-birilərinə yardım etməli və qarşılıqlı məlumat mübadiləsi həyata keçirməlidirlər, yəni, əgər hansısa şübhəli məqam varsa, onu dərhal terror baş verəcəyi ehtimal edilən ölkənin xüsusi xidmət orqanlarına çatdırmaq lazımdır. Göründüyü kimi, ABŞ öz beynəlxalq öhdəliyini yerinə yetirib və dəqiqliklə xəbərdarlıq edib ki, kütləvi tədbirlərə getməyin. Ancaq Putinin buna reaksiyası düşmənçilik və hikkə ritorikasından uzağa getmədi. Nəticə necə oldu? Nə qədər günahsız insan kiminsə təkəbbürünün qurbanına çevrildi. Putin öz məsuliyyətini anlayırmı? Xeyr, anlamır. Çünki Rusiyada ondan hesab soracaq nə təşkilat, nə ictimai institut, nə müxalifət və ən başlıcası isə cəmiyyət yoxdur. Bütün bunların hamısı ortadan qaldırılıb.
Bəzən deyirlər ki, Rusiyada xalq susqun və mütidir, rəsmi təbliğatın beyinlərə tökdüyü “toksik materiallarla” zəhərlənib. Bəli, hələ ki, reallıq belədir...
Rusiyanın yaxın tarixi göstərir ki, hansısa böyük hərbi əməliyyatlar keçirilməmişdən öncə ölkə daxilində mütləq indikinə bənzər terror aktları baş verir. Elə təsəvvür yaradılır ki, guya Rusiya məcbur qalıb və onun başqa çıxış yolu yoxmuş. Kreml həmişə özünü müdafiə olunan, zavallı tərəf qismində göstərir. Həmin hadisələrdən yalnız birinin üzərində dayanmağımız ümumi mənzərəni anlamağa kifayət edər.
Beləliklə, 1999-cu ildə paytaxt Moskva da daxil olmaqla Rusiyanın bir sıra şəhərlərindəki yaşayış binalarında ard-arda partlayışlar baş verirdi və Federal Təhlükəsizlik Xidməti (FTX) bunu çeçenlərin üzərinə yıxırdı. Nəhayət, 22 sentyabrda Ryazan şəhərindəki binalardan birinin partladılmasının qarşısı həmin binada yaşayan Aleksey Kartofelnikovun ayıqlığı nəticəsində alınmışdı. Binanın zirzəmisində şəkər tozuna oxşar çox güclü partlayıcı maddə olan heksogenlə dolu kisələr tapılmışdı. Bütün izlər FTX-ya aparmışdı və bu orqanın rəhbəri Nikolay Patruşev partlayıcı dolu kisələrin FTX əməkdaşları tərəfindən yerləşdirilməsini etiraf etmiş və bildirmişdi ki, onlar əhalinin sayıqlığını yoxlamaq üçün təlim keçirirmişlər. Maraqlıdır, görəsən təlimdə təhlükəli heksogendən istifadə edilməsinə nə gərək varmış? Bu hadisədən sonra partlayışlar dayanmışdı.
ABŞ Moskvadakı terror aktının arxasında İŞİD-in Əfqanıstanda yerləşən “Vilayət Xorasan” adlı qolunun durduğunu bildirir. Yəni deyilir ki, onlar bunu öz üzərlərinə götürüblər. Səbəb kimi Rusiyanın Əfqanıstan, Çeçenistan və Suriyadakı müsəlmanların qanını axıtması göstərilir. Ancaq bu versiyanı Rusiya qəbul etməyəcək. Putinin xalqa müraciəti göstərdi ki, onlar bu hadisəni Ukraynaya calamaq niyyətindədirlər. Başqa şey gözləmək də sadəlövhlük olardı. Bundan sonra Rusiya təbliğat maşını terrorçuların Ukraynadan idarə edildiyni “sübuta yetirmək” üçün hər şey uyduracaqlar.
Putinin çıxışından sonra Ukrayna Prezidenti Volodimir Zelenski baş verənlərə münasibət bildirib. O, deyib: “Bu yaramaz Putin Rusiya vətəndaşları ilə məşğul olmaq, onlara müraciət etmək əvəzinə, bir gün susdu və bunu Ukraynaya necə calamaq barədə düşündü”.
Ümumiyyətlə, bu hadisənin arxasında Ukrayna kəşfiyyatının dayanması iddiası absurddur. Axı, Ukrayna bunu törətməklə nə qazanar? Heç nə. Həm də Ukrayna heç fikirləşməyib ki, bu cür əməliyyatın üstü təkzibolunmaz faktlarla açılsa, o zaman nə baş verə bilər? Əlbəttə, Ukrayna bütün dünyada özünə qarşı nifrət qazanar. Onsuz da Ukrayna Rusiyanın Neft Emalı Zavodlarına zərbələr vurmaqla terrordan qat-qat səmərəli hücum əməliyyatları aparır. Qeyd edək ki, Ağ Ev Rusiyada baş vermiş terror aktında Ukrayna və ya ukraynalıların əli olmasında heç bir əlamət görmədiyini bəyan edib.
Bəs Rusiya bu hadisədən sonra hansı tədbirlər görəcək? Təhqiqat işləri Kremlin göstərişinə uyğun aparılacaq. Bildiyimiz kimi, bir neçə Tacikistan vətəndaşını yaxalayıblar. Təbii ki, bu, hələ heç nə demir. Artıq Kreml rəhbərinin çıxışı hər şeyin hansı ssenari üzrə gedəcəyini göstərir. Amma hamını maraqlandıran məsələ arxa planda nələrin yaşanacağıdır. Hansı ehtimallar üzərində durmaq olar?
Birincisi, geniş səfərbərlik dalğasına start veriləcək. Əslində, səfərbərlik dedikdə, təkcə əsgər toplanmasını nəzərdə tutmamalıyıq. Bundan sonra bütün ölkə hərbi dövrün qaydaları əsasında idarə ediləcək. Rusiyanın iqtisadi resurlarından tutmuş, cəmiyyət həyatının hər bir sektoru müharibənin ehtiyacları üçün çalışdırılacaq, vergilər artırılacaq və sair. Əhalinin sosial vəziyyəti pisləşsə də, maliyyə imkanlarının böyük əksəriyyəti hərbi xərclərə yönəldiləcək. Sözsüz ki, belə olan təqdirdə adamları sorğu-sualsız tutub orduya aparacaqlar. Digər yandan, elita içərisindəki narazılar da susdurulacaq, neytrallaşdırılacaq.
Putin niyə səfərbərlik etmək məcburiyyətində qalıb? Son bir ildir ki, Rusiya ordusuna əsasən müqavilə əsasında adam yığırdılar. Bunun nəticəsində hazırda Ukraynada 650 min rus əsgər döyüşür. 2022-ci ildə Ukraynaya soxulan rus əsgərlərinin sayı təxminən 190 min olub. İndi belə görünür ki, müzdluların rekrut edilməsi prosesi tam istədikləri kimi getmir. Əvvəla, pul müqabilində döyüşmək istəyənlər artıq öncəki kimi çox deyil, həm də ki, onlara pul vermək lazımdır.
İndiyədək səfərbərliyə ona görə getmirdilər ki, buna maddi-texniki cəhətdən hazır deyildilər. Həm də cəmiyyəti seçki öncəsi silkələməkdən çəkiniblər. Yəni, “Vətən təhlükədədir, ayağa qalx!” şüarının effektliliyi üçün cəmiyyətin özünün hiss edəcəyi hər hansı hadisə baş verməliydi.
İkincisi, perspektiv planda taktiki nüvə bombasından istifadə edilməsidir. Kremldə vəziyyətin çətinləşdiyini görürlər və düşünürlər ki, orduya əlavə 300-500 min əsgərin səfərbər edilməsi lazımdır. Düzdür, bu, müharibədə mütləq qələbə gətirəcək faktor ola bilməz. Amma hər halda Ukraynanı taqətdən salmaq üçün toplayacaqları adamları “top yemi” kimi döyüşlərə atacaqlar. Putin ən kritik günün tədbirini indidən görməyi planlaya bilər. Tədricən dünya ictimaiyyətinə taktiki nüvə silahından istifadə edəcəklərinin siqnalını verirlər. Putin son müsahibəsində bunu inkar etsə də, digər tərəfdən ev tapşırığını yaxşı əzbərləyən Dmitri Medvedev nüvə silahından dəm vurur. Nüvə silahından istifadə etməkdən ötrü Rusiya müharibə vəziyyətində olmalıdır, onlar isə Ukraynaya müdaxiləni “Xüsusi Hərbi Əməliyyat” adlandırırlar. Rusiya müdafiə doktrinasına görə, mövcud vəziyyətdə Rusiya müharibə etmir və dövlət təhlükədə deyil, müvafiq olaraq da nüvə silahından istifadəyə ehtiyac qalmır. Deməli, Rusiyanın Ukraynaya müharibə elan etməsi üçün bir bəhanə lazımdır. Amma onda Putinə deyərlər ki, bəs Xüsusi Hərbi Əməliyyatın axırı nəylə yekunlaşdı? Üstündən iki ildən artıq vaxt keçib və böyük sayda itkilər verilib, yenə də hər şey plan üzrə gedir? Ona görə bir bəhanə gərəkdir. Dmitri Peskov biz “de-fakto müharibədəyik” deməklə ilk dəfə müharibə kəliməsini dilə gətirmişdi.
Rusiyanın real vəziyyətinin necə olduğunu Putin və dəstəsi yaxşı bilir. Onlar Ukraynaya çox asanlıqla qalib gələcəklərini zənn edirdilər və bütün planlarını da məhz bunun üzərində qurmuşdular. İndi görürlər ki, arzuladıqları alınmır. Vladimir Putin bu müharibədə qalib gəlmək naminə nəinki Rusiyanın bütün imkan və resurslarını, hətta bu ölkənin taleyini də qurban verməyə hazırlaşır. Çünki o, bu müharibəni öz müqəddəratı ilə eyniləşdirir. Necə ki, Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin demişdi: ”Putin varsa, Rusiya var, Putin yoxdursa, Rusiya da yoxdur!”
Deyəsən, proseslər buna doğru gedir.
Vaqif Nəsibov
“AzPolitika.info