ABŞ səfiri həbsdə olan jurnalistlərin vəkilləri ilə görüşüb

30-03-2024, 09:28   

Mark Libbi
Mark Libbi

Martın 29 da Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfiri Mark Libbi Azərbaycanda saxlanılan jurnalistləri təmsil edən vəkillərlə görüşüb.

Bu barədə ABŞ səfirliyi xəbər verib:

“Birləşmiş Ştatlar mətbuat azadlığını dəstəkləyir və Azərbaycan hökumətini fundamental azadlıqlarından istifadə etdiklərinə görə, həbs edilən bütün şəxsləri azad etməyə çağırır”.



Bu məlumata, Azərbaycan hökumətinin təmsilçilərindən, hələlik, münasibət almaq mümkün olmayıb.

Son aylar Azərbaycanda 10 civarında jurnalist həbs edilib. Onların çoxuna qaçaqmalçılıq ittihamı verilib.

Jurnalistlər ittiham ilə razılaşmır, saxlanmalarını peşə fəaliyyətləri ilə izah edirlər. Amma rəsmilər ölkədə jurnalistlərin sırf peşə fəaliyyətinə görə, həbs edilmələri ilə bağlı deyilənləri əsassız sayır.

Bəzi yerli hüquq müdafiəçilərinin siyahılarına görə, hazırda Azərbaycan həbsxanalarında bir neçə yüz siyasi məhbus var.

Hakimiyyət rəsmiləri isə ölkədə siyasi məhbusların olması ilə bağlı deyilənləri qəbul etmirlər. Rəsmilərə görə, həmin siyahıda yer alanlar sırf törətdikləri əmələ görə, məsuliyyətə alınıblar.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar