Göygöl Mədəniyyət və Turizm Şöbəsində nə baş verir?

8-10-2014, 14:25   
Göygöl Mədəniyyət və Turizm Şöbəsində nə baş verir?Göygöl rayon sakini ölkə rəhbərliyinə və mətbuata müraciət edib


Gunxeber.com-a da daxil olan müraciəti təqdim edirik:

“Mən Məmmədov Şahin Şakir oğlu 04.11.1984-cü ildə Göygöl rayon Üçtəpə kəndində anadan olmuşam. 2006-cı ildə GDU-nu fərqlənmə diplomu ilə bitirmişəm. 2008-ci ildə SDU-nun magistaturasını bitirmişəm. 2008-2010-cu illərdə hərbi xidmətdə ön cəbhədə zabit kimi qulluq etmişəm. 2011-ci ildə DQMK-nın təşkil etdiyi imtahanın müsabiqə və müsahibə mərhələlərini keçərək Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində məsləhətçi vəzifəsində işləməyə başlamışam. 2003-cü ildən YAP-ın üzvüyəm. Sınaq və staj müddətlərimi uğurla başa vuraraq “kiçik dövlət qulluqçusu” ixtisas dərəcəsi almışam. İşlədiyim müddət ərzində barəmdə heç bir inzibati tənbeh tədbiri tətbiq edilməyib. Göygöl rayon Gənclər və İdman idarəsi tərəfindən rayonda gənclər siyasətinin həyata keçirilməsində fəal iştirak etdiyimə görə Fəxri Fərmana layiq görülmüşəm. İşlədiyim müddətdə hər rüb mükafata layiq görülmüşəm.

Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində şahidi olduğum korrupsiya halları barədə ilk öncə 05 avqust 2013-cü ildə Mədəniyyət və Turizm Nazirliyinə müraciət etdim. Lakin müraciətimə əhəmiyyət verilmədi. 14 iyun 2014-cü il, 13 avqust 2014-cü il, 03 sentyabr 2014-cü il, 09 sentyabr 2014-cü il tarixlərində Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığım müraciətlərlə bağlı mənə cavab gəlib ki, baxılması üçün Mədəniyyət və Turizm Nazirliyinin Aparatına göndərilir baxılıb cavab veriləcək. Lakin çox təəssüflər olsun ki, 3 aydan artıq vaxt keçməsinə baxmayaraq hələdə Mədəniyyət və Turizm Nazirliyindən cavab gəlməyib. Əvəzində Göygöl rayon Mədəniyyət və Turizm şöbəsində olan korrupsiya faktları barədə müraciətlər etdiyimə görə, dövlət büdcəsindən ayrılan vəsaitlərin bədxərcliklə xərcləyəndiyini bildirdiyimə görə xanım Ş.Q.Hümbətovanın heç bir qanuna əsaslanmayan, şər-böhtanla dolu təqdimatı əsasında 17 iyul 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin Əmri ilə dövlət qulluğuma xitam verildi. Bir dəfə də olsun xəbərdarlıq belə almayan dövlət qulluqçusu birbaşa dövlət qulluğundan azad edildi. Mən haqsız olaraq işdən çıxarıldığımı bildirmək üçün müraciətlərimi davam etdirdim. Xanım Ş.Q.Hümbətova mənim müraciətlərimi davam etdirdiyimi görüb, məni birdəfəlik susdurmaq üçün barəmdə Azəbaycan Respublikasının CM-nin 147 və 148-ci maddələri ilə cinayət işinin açılması üçün məhkəmədə iddia qaldırıb.

Hətta birinci qrup əlil olan atamı da eyni maddələrlə ittiham edir. Atamın ölkə Prezidentinə etdiyi müraciət necə olubsa xanım Ş.Q.Hümbətovaya çatıb. Halbuki, vətəndaşların müraciətlərinə baxılması haqqında qanunun 7-ci maddəsində göstərilir ki, vətəndaşların şikayətlərini baxılmaq üçün qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqana və ya vəzifəli şəxslərə göndərmək qadağandır. Necə olur ki, Prezident Adminstrasiyasına göndərilən məktub xanım Ş.Q.Hümbətovanın əlinə keçir və o, həmin məktub əsasında məhkəmədə iddia qaldırır? Bunun bir cavabı var. Həmin məktub Adminstrasiyadan baxılması üçün Mədəniyyət və Turizm Nazirliyinə göndərilir, nazirlik isə baxıb, ərizəçiyə cavab vermək əvəzinə, həmin məktubun surətini xanım Ş.Q.Hümbətovaya göndərir.

Hal-hazırda xanım Ş.Q.Hümbətova mənə bildirir ki, iddiasını bir şərtlə geri götürə bilər. Gərək mən onun barəsində etdiyim çıxışlarla bağlı təkzib verəm və işə bərpa olunmağımla bağlı verdiyim məhkəmə iddiasını geri götürüm. Qaraya ağ deyim. İşə bərpa olunmağım üçün kifayət qədər əsaslarımın olduğunu bilir. Bilir ki, işdən azad edilməmişdən iki ay öncə öz Əmri ilə mənə mükafat yazıb. Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnaməyə görə Dövlət qulluqçularının fərdi şəkildə mükafatlandırılması vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi və.s hallarda həyata keçirilir.

Mən Göygöl rayon Mədəniyyət və Turizm Şöbəsində olan korrupsiya faktları barədə müxtəlif dövlət orqanlarına müraciət edərkən, dövlətimin bu müraciətlərə baxacağını, xanım Ş.Q.Hümbətovanın dövlət büdcəsinə vurduğu maddi ziyana görə cəzalandırılacağını düşünmüşəm. Bunun gec-tez reallaşacağına da əminəm. Hal-hazırda isə Ş.Q.Hümbətova heç bir məsuliyyətə cəlb edilmədiyi halda, mən korrupsiya faktları barədə müraciət etdiyimə görə, dövlət mənafeyini müdafiə etdiyimə görə məsuliyyətə cəlb edilirəm.
Sanki, xanım Ş.Q.Hümbətovanın xüsusi “toxunulmazlıq” hüququ var. Çox sadə açıq-aydın şəkildə bildirirəm. 01 aprel 2013-cü il, 26 aprel 2013-cü il, 03 iyul 2013-cü il tarixli aktlarda büdcə vəsaitləri artıqlaması ilə bədxərcliklə istifadə olunub. Bu isə Dövlət Satınalamlar haqqında qanunun tələblərinə tamamilə ziddir. Həmin qanunun giriş hissəsində yazılır ki, Dövlət büdcəsindən ayrılan vəsaitlər qənaətlə istifadə edilməlidir. Ayrılan vəsaitlərin bədxərcliklə xərclənməsi isə birbaşa korrupsiya hüquqpozmasıdır.

Buradan dövlət böyüklərinə səslənirəm! Mən cənab Prezident İlham Əliyevin korrupsiyaya qarşı apardığı mübarizəyə dəstək olduğum üçün bu qədər təzyiqlərə məruz qalıram. İmtahanla keçdiyim işdən azad edilməyim bəs etmirmiş kimi indidə həbs edilmək üzrəyəm. Bu qədər haqsızlıq olmaz! Göstərilən aktlara baxın. Bu faktdır. Nə vaxtadək xanım Ş.Q.Hümbətova cəzasız qalacaq? Mənim başıma gətirilən hadisələrdən xəbərdar olan heç bir dövlət qulluqçusu korrupsiyaya qarşı mübarizə aparmayacaqdır”.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.