Rusiya İran Prezidentinin ölümündə ABŞ-ı günahlandırır

22-05-2024, 09:35   



Lavrov aviasiya təhlükəsizliyinin pisləşməsinin səbəbi kimi sanksiyaları görür

Rusiya İran Prezidenti Seyid İbrahim Rəisinin ölümündə ABŞ-ı günahlandırıb.

Bu barədə mayın 21-də Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Xarici İşlər Nazirləri Şurasının iclasının yekunları haqda jurnalistlərə danışarkən deyib.

Amerika sanksiyalarının İranda aviasiya təhlükəsizliyini pisləşdirdiyini deyən diplomat Rəisinin olduğu helikopterin bu səbəbdən qəzaya uğramış ola biləcəyinə eyham vurub:

Amerikanın sanksiyaları, o cümlədən, təyyarələrin ehtiyat hissələri ilə təmin olunması İranda aviasiya təhlükəsizliyini pisləşdirir”.

Helikopter qəzasında həlak olan İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və Rusiyanın xarici işlər naziri Sergey Lavrov. Foto: İRNA

Qəzadan sonra İran rəsmiləri ilə əlaqə saxladıqlarını deyən Lavrov ikitərəfli münasibətlərin olduğu kimi davam edəcəyini bildirib.

O qeyd edib ki, Tehranın xarici siyasətində dəyişiklik gözləmək üçün heç bir əsas yoxdur.

Lavrovun sözlərinə görə, oxşar açıqlamanı bu günlərdə İranın sabiq xarici işlər naziri Cavad Zərif də səsləndirib:

Sanksiyalar səbəbindən donanmalarında olan Qərb mənşəli təyyarələr üçün ehtiyat hissələri və ya daha müasir təyyarə və helikopterlər ala bilmirlər”.

Ancaq hadisədən sonra yerli mətbuata açıqlama verən ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib ki, İran Prezidenti İbrahim Rəisi və onu müşayiət edən rəsmi şəxslərin helikopter qəzasından sonra İran hökuməti yardım üçün ABŞ-a müraciət edib:

“İran hökuməti kömək üçün bizə müraciət edib. Biz onlara açıq şəkildə bildirdik ki, belə bir vəziyyətdə xarici hökumətin istənilən müraciətinə cavab olaraq yardım təklif edəcəyik. Amma əsasən logistik səbəblərə görə yardım göstərə bilmədik”.

Mayın 19-da İran İslam Respublikasının Prezidenti İbrahim Rəisi Azərbaycandan qayıdarkən içərisində olduğu helikopter qəzaya uğrayıb.

Nəticədə İbrahim Rəisi də daxil olmaqla, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan, Təbrizin imam cüməsi Əli Haşim, Şərqi Azərbaycan valisi Malik Rəhməti və digər şəxslər həlak olublar.

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar