Əl-Əqsa məscidinin ətrafında genişləndirmə işlərinin aparılması qarşıdurmalara səbəb olub
Yaxın Şərqdə fələstinlilərlə İsrailin təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar yaşanıb. Qüds şəhərində baş verən qarşıdurmalara səbəb əl-Əqsa məscidinin ətrafında genişləndirmə işlərinin aparılması olub. Fələstinlilər buna qarşı etiraz aksiyası keçirməyə cəhd göstəriblər. İsrail polisinin aksiyaya müdaxiləsi isə, sonda qarşıdurmalara səbəb olub. Fəallar daşlar və pirotexniki vasitələrlə polislə hücum ediblər. Polis aksiyaçıları məscidin içinə sıxışdıraraq həbs etməyə çalışıb. Yaranmış qarşıdurmalar zamanı azı 3 polis əməkdaşı xəsarət alıb.
Hadisənin yaşandığı əl-Əqsa məscidi həm yəhudilər, həm də müsəlmanlar tərəfindən müqəddəs hesab edilir.
Fələstin lideri Mahmud Abbas qarşıdurmalara sərt münasibət bildirib. Dövlət başçısı Ramallahda çıxışı zamanı qeyd edib ki, İsrail hökuməti qəsdlə bu cür təhrikedici hərəkətlərə yol verərək regionda gərginliyi yenidən qaldırmağa çalışır.
“İsrail hökuməti məscid ətrafında gərginliyin yüksəlməsində maraqlıdır. Onlar məsciddən pay umurlar və buna görə də müxtəlif bəhanələrlə onu bölməyə çalışırlar. Bu, tarixin təhrif olunmasıdır” - deyə Mahmud Abbas qeyd edib.
Fələstin hökuməti İsrailin işğal etdiyi torpaqlardan çıxması üçün rəsmi Tel Əvivə 2016-cı ilə qədər vaxt verib.