Müharibənin ən QORXUNC fazası - NATO qoşunları Ukraynaya yerləşir?

5-06-2024, 09:37   





Müharibə yeni başlayanda Ağ Ev sahibi Bayden və NATO Baş katibi Stoltenberq bir ağızdan çağırış edirdilər ki, verdiyimiz silahlar yalnız ərazilərin müdafiəsi üçün nəzərdə tutulub. Birləşmiş Qərb gözüqıpıq şəkildə Kiyevə səslənirdi ki, nə badə bu hərbi vasitələrlə Rusiya şəhərlərini vurasan. Zaman keçdikcə kollektiv qüvvələrin ritorikası dəyişməyə başladı və müttəfiq ölkələr Zelenskinin qulağına pıçıldadılar ki, Rusiyaya hücumlar təşkil elə və destabilizasiya yarat. Hazırda bu proses gedir və müharibə Rusiya ərazilərinə transformasiya olunur. Rusların Ukraynada başladığı hərbi əməliyyatlar bumeranq effekti verərək həm də onun öz şəhərlərinə sıçrayıb: Belqoroddan danışmağa ehtiyac yoxdur, hər gün atəş altındadır, Kursk, Voronej, Omsk, Rostov, Krasnodar və digər şəhərlər bombalanır, neft emalı zavodları vurulur. İndisə yeni bir mərhələyə keçid olunur, bu da Qərbdən gələn tapşırıqlardır. Bir sıra ölkələr və alyansın Baş katibi Ukraynaya açıq şəkildə icazə verir ki, bizim silahlarla Rusiyanın dərinliklərinə zərbə endirilə bilər. Gördüyünüz kimi, müharibənin başlanğıcında uzaqmənzilli raketləri Kiyevə verməyə xəsislik edən koalisiya hazırda ATACMS, HİMARS kimi raketlərlə Ukraynanı tədarük edir. Artıq F - 16 qırıcıları bu il veriləcək. Danimarka, Belçika və Niderland bu qırıcıların verilməsini rəsmiləşdirib. Moskvadan isə bu hərəkətlənməyə nüvə silahından istifadə olunacağı təhdidləri ilə cavab verilir. Amma bu ritorikanı çox görmüşük və Rusiya artıq strateji cəhətdən uduzmaqdadır. Onun hədə-qorxu dili sözdən əmələ keçmir və Ukraynaya Qərb qoşunlarının yerləşdirilməsi prosesi gedir. Artıq fransalı təlimatçılar Kiyevdədir. Lavrov isə deyir ki, onları vura bilərik. Əslində, NATO ordusu çoxdan regiona yerləşib və proksi müharibəni gücləndirib. Son aylar ərzində Ukrayanda silah və sursat çatışmazlığına görə Qərbdə düşünməyə başlayıblar ki, əgər ruslar cəbhəni yarsalar nələr baş verəcək. Yəni, Qərbin Ukraynaya qoşun yeritməsinin başlıca səbəbi döyüş meydanında vəziyyətin xilas edilməsinin vacibliyi ilə bağlı ola bilər. Amma əlbəttə, Qərb birbaşa Rusiya ordusu ilə toqquşmağı düşünmür və rusların daha irəli getməyə cürət etməsinin qarşısını almaq üçün Ukraynanın işğal edliməmiş hissəsində yerləşmək istəyir.
İndi fransız və digər hərbi təlimatçıların gəlişi barəsində danışırlar və bu, normaldır. Həm də Ali Rada səviyyəsində qərara ehtiyac yoxdur, çünki təlimatçılar silahsız və texnikasız gəlirlər. Onlar mütləq birbaşa döyüş fəaliyyətləri ilə məşğul olmaya bilərlər. Məsələn, arxa cəbhədə, tibbi təchizatda, ərazilərin minalardan təmizlənməsində iştirak edə bilərlər. Bu proses hələ ritorik səviyyədə olsa da, prinsip etibarı ilə artıq başlayıb. Ukraynaya irəlidə təlimatçılar və məsləhətçilər gələcəklər, sonra isə nəhayət, bu proses hərbi dəstələrə kimi gedəcək. Məsələn, Belarus ilə sərhədin mühafizəsi üçün xarici hərbi birləşmələr yerləşdirilə bilər. Çünki müharibənin indiki fazasının məntiqi məhz bunu söyləyir.
Yeri gəlmişkən, Qərb siyasi liderləri bu qərarı Rusiyanın döyüş qabiliyyətini nəzərə almaqla verəcəklər. Əgər Rusiya ordusu Ukraynadakı döyüşlərdə halsız vəziyyətə düşəcəksə və onlar Qərb ordularının yeridilməsinə qarşı nəsə etmək qabiliyətindən uzaq olacaqsa, onda hərbi birləşmələri yollayacaqlar. Yəni, vəziyyət elə səviyyəyə kimi yetişməlidir ki, Qərb ordularının Ukraynaya girməsi müharibənin sona çatması ilə yekunlaşsın.
Belə vaxtda isə ABŞ prezidenti Ukraynanın NATO üzvlüyünə tərəfdar olmadığını qeyd edib: "Və bu, NATO demək deyil, onların (Ukraynanın-red.) NATO-nun bir hissəsi olması demək deyil. Bu, o deməkdir ki, bizim silah tədarük etdiyimiz digər ölkələrlə olduğu kimi onlarla da münasibətimiz var. Bu, ondan ötrüdür ki, onlar gələcəkdə özlərini müdafiə edə bilsinlər".
Bu yaxşı xəbər deyil, Kiyevi bəlaya sal, sonra alyansa üzv etmə. O halda, bu fəlakətlər, faciələrdən niyə vaxtında qaçılmadı, müharibədən yayınmadılar? - Rusiyanı tükəndirmək üçün... Ukrayna isə qurbanlıq seçilib!


Azər Talıbov
Anaxeber.info

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar