Ermənistan 2015-ci il yanvarın 1-dən Rusiya, Belarus və Qazaxıstanın daxil olduğu Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşulacaq. Trend-in cümə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov jurnalistlərə deyib.
Onun sözlərinə görə, müvafiq müqavilə sabah Minskdə Aİİ-nin iclasında imzalanacaq: "Bundan başqa, Vyetnam, İsrail, Hindistan və Misirlə əməkdaşlığın genişləndirilməsi müzakirə olunacaq".
Y.Uşakov qeyd edib ki, Rusiya oktyabrın 3-də, Qazaxıstan isə bu gün müqaviləni ratifikasiya edib: "Bu prosedurun Minskdə keçiriləcəyini gözləyirik".
O deyib ki, Minsk görüşündə Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan prezidentləri iştirak edəcəklər: "Prezidentlərin dekabrda Moskvada daha bir sammiti keçirmək barədə razılığa gələcəyi proqnozlaşdırılır. Aİİ-nin fəaliyyət göstərməsi üçün təqribən daha 50 normativ akt qəbul etmək lazımdır".