Bakı-Sumqayıt şossesində fəaliyyət göstərən əxlaqsızlıq yuvalarını saymaqla bitən deyil. Bu barədə dəfələrlə tənqidi materiallar dərc etmiş, reportajlar hazırlamışıq. Lakin buna baxmayaraq, sözügedən ərazidə hələ də qadınları cinsi istismara məruz qoyan obyektlər var. Və nədənsə heç kim onların sahiblərinə «gözün üstə qaşın var» demir.
Məlumatlı şəxsin sözlərinə görə, «Göyçə» kafesi, həmçinin «Friend house» istirahət mərkəzi heç bir yerdə qeydiyyatdan keçməyib və uzun müddətdir ki, müxtəlif yollarla dövlətə vergi verməkdən boyun qaçırırlar: «Bununla yanaşı, ara-sıra bu obyektlərdə müxtəlif cinayət hadisələri də baş verir. Məsələn, göstərilən «xidmət»dən narazı qalan müştərilər yüngül həyat tərzi keçirən qadınları döyür, söyür, hətta müxtəlif dərəcəli bədən xəsarəti yetirirlər. Lakin priton sahibləri əlaqələrindən istifadə edərək bu kimi halları ört-basdır etməyə, hadisənin ictimailəşdirilməməsinə nail olurlar. Fahişəxana kimi fəaliyyət göstərən «Göyçə» kafesinə və «Friend house» istirahət mərkəzinə əsasən Bakıdan, Sumqayıtdan və ölkənin şimal bölgəsindən qadınlar gətirilir».
«Göyçə» kafesinin və «Friend house» istirahət mərkəzinin sahiblərinin Sumqayıt Şəhər Polis İdarəsinin adından istifadə etdiyini vurğulayan məlumatlı şəxsin bildirdiyinə görə, Bakı-Sumqayıt şossesindəki əxlaqsızlıq yuvalarını Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarından biri kurasiya edir: «Onun himayəsi olmadan heç kim bu ərazidə priton işlədə bilməz. Odur ki, fahişəxanaların sahibləri həmin şəxs tərəfindən irəli sürülən bütün «tələb»ləri tam şəkildə yerinə yetirir və bununla da toxunulmazlıqlarını təmin etmiş olurlar».
ƏXLAQSIZ YUVALARDAN QAZANILAN MİLYONLAR
Mövzu ilə bağlı apardığımız araşdırmalar nəticəsində bəlli olub ki, hazırda Sabirabad rayonunda da bu tip obyektlər var və onlar priton kimi fəaliyyət göstərməklə bərabər, qumarxana kimi də işləyirlər. Misal kimi, rayonun Nizami, Xəlfəli, Qaratəpə və Qalağayın kəndləri ərazisində yerləşən kafeləri göstərmək olar.
Əldə etdiyimiz məlumatlarda qeyd olunur ki, həmin obyektlərdə müştərilə intim xidmət göstərən qadınların bir qismi müxtəlif dəri-zöhrəvi xəstəliklərdən əziyyət çəkirlər. Lakin buna baxmayaraq, kafe sahibləri onları yenə də müştərilərin qoynuna atır və bununla da ağır xəstəliklərin yayılmasına, neçə-neçə insanın həyatının məhv olmasına rəvac verirlər. Məlumatlı şəxs iddia edir ki, həmin kafelərdə intim xidmət üçün hər müştəridən 30-40, bəzən də 50-60 manat alınır: «Bundan sonra müştəri ona göstərilən otağa daxil olaraq orada əyləşmiş qızlar arasından seçimini edir. Bundan sonra müştəri xüsusi kabinetə daxil olur. Yüngül həyat tərzi keçirən qadanlara verilən pulun 50 faizi kafe sahiblərinə, 50 faizi isə onların özlərinə çatır».
ƏXLAQSIZ YUVALARDAN QAZANILAN MİLYONLAR
Ölkənin cənub bölgəsində, konkret olaraq Masallı rayonunda da fahişəxanaların fəaliyyət göstərdiyini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, rayondakı əxlaqsızlıq yuvaları polis şöbəsi tərəfindən himayə olunur: «Hazırda Masallı rayonunda da bir neçə əxlaqsızlıq yuvası fəaliyyət göstərir. «Gölüstü», «Beş qardaş», «Köhnə Moskva», «Viləş», «Çənlibel», «Dəmirağac» və digər obyektlər məhz bu qəbildən olanlardır. Rayon sakinləri bildirirlər ki, bu obyektlərin hər biri barəsində, yəni orda kimlərin hansı oyunlardan çıxması ilə bağlı Masallı Rayon Polis Şöbəsində kifayət qədər məlumatlar var. Lakin buna rəğmən, heç kim həmin pritonlarla bağlı müvafiq tədbirlər görməkdə maraqlı deyil. Maraqlıdır, görəsən, niyə?..»
ƏXLAQSIZ YUVALARDAN QAZANILAN MİLYONLAR
Məsələ ilə bağlı qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.
P.S. Mövzu ilə əlaqədar araşdırmalarımızın davamı olacaq.