ABŞ prezidenti Barak Obama Rusiyaya müqavimət göstərə bilmək üçün Ukrayna ordusuna silah verməyi mənasız ideya adlandırıb.
Obama Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini bundan daha effektiv addım hesab etdiyini deyib.
“Ukraynadakı situasiyaya gəldikdə Rusiyaya diplomatik təzyiqlər göstərmək üçün beynəlxalq ictimaiyyəti səfərbər edə bilmişik. Daha nə edə bilərdik? Doğrudanmı kimsə hesab edir ki, Ukraynaya əlavə silah göndərməklə biz Rusiya ordusuna qarşı dayana bilərik?” - deyə Obama bildirib.
Bundan əvvəl Obama bəyan etmişdi ki, ABŞ Rusiyaya qarşı əlavə sanksiyalar hazırlayıb. Sanksiyaların bu gün açıqlanacağı və Putinin yaxın ətrafına daxil olan şəxslərə şamil ediləcəyi gözlənilir. Həmçinin ABŞ Rusiyanın bank sektoruna qarşı da yeni sanksiyalar hazırlayıb.
Bununla belə ABŞ prezidenti sanksiyaların bilavasitə Putinin özünə qarşı yönəlməyəcəyini açıqlamışdı.