«Abşeron və Zaqatala rayon icra hakimiyyətlərinin başçıları bu günlərdə işlərindən alınacaq. Eyni zamanda Xaçmaz və Bakının Xətai rayonlarının da icra başçılarının vəzifələrindən alınması gözlənilir». Bu barədə məlumat Nazirlər Kabinetindəki bilgili qaynaq tərəfindən ötürülüb.
Xəbəri verən mənbənin iddialarına görə, Zaqatalanın icra başçısı Mübariz Əhmədzadə son zamanlar ən çox barəsində şikayət olunan icra başçılarından biri kimi diqqətə gəlməkdədir: «Onunla bağlı təkcə bir ay ərzində prezident İlham Əliyevin adına 124 şikayət m əktubu ünvanlanıb ki, bu da Prezident Administrasiyasının məktublar şöbəsinin diqqətini cəlb edib».
Mənbəmiz iddia edir ki, Abşeron rayon icra hakimiyyətinin başçısı Zakir Fərəcov isə iqtidardaxili çəkişmələrin nəticəsii olaraq hədəfə çevrilib: «Xaçmaza rəhbərlik edən Şəmsəddin Xanbabayev kifayət qədər yaşlı bir fiqur kimi bundan sonrakı müddətini vəzifə başında yox, öz evində keçirməli olacaq. Çünki onunla bağlı hansısa yeni təyinat qərarı mövcud deyil. Xətai rayonunun icra başçısı Razim Məmmədova gəlincə isə onun təkrarən icra başçısı təyin oluna biləcəyi gümanı var».