Azərbaycan mediası fasiləsiz olaraq “İslam Dövləti” terrorçularının başkəsmə, edam, tükürpədici cinayət xəbərlərini tirajlayır. Ancaq ölkə daxilində ailə-məişət zəminində baş verən qətllər heç də İŞİD canilərinin əməllərindən geri qalmır.
deyilənin sübutu kimi yalnız ötən iki günün cinayət xronikasından bir neçə faktı göstərmək kifayətdir.
Belə ki, Biləsuvar rayonu Bağbanlar kəndində dəhşətli qətl hadisəsi baş verib. Kənd sakini Tofəddin Hacıyev ailə münaqişəsi zəminində öz qızının başını kəsərək qətlə yetirib. Qətlə yetirilən Aidə Hacıyevanın 26 yaşı varmış və o, bir uşaq anası olub. Qurban bayramı ərəfəsində ata boşanmış qızının həmkəndliləri olan bir oğlanla münasibətindən xəbər tutub. Oğlanı qızın yanında tutaraq möhkəm döyüb və onu başından ağır yaralayıb. Yaralı oğlan Bakıda xəstəxanaya yerləşdirilib. Bakıda işləyən Tofiəddin kəndə qayıdaraq bu hadisəyə görə qızının başını kəsib.
Gəncə şəhərində isə bıçaqlanma hadisəsi baş verib. Şəhər sakini, 53 yaşlı Sevil Abbasova əl nahiyəsinin bıçaq xəsarəti ilə xəstəxanaya müraciət edib. Ona yardım göstərildikdən sonra qadın evə buraxılıb. Qadın polis əməkdaşlarına bildirib ki, yaşadığı 2 saylı yataqxanada otağının üstündən onun mənzilinə su töküldüyü üçün orada yaşayan Daşdəmir adlı qonşusuna etirazını bildirib. Qonşu isə cavabında bıçaqla ona xəsarət yetirib.
Yalnız iki günün ötəri statistikası yetərlidir ki, ailədaxili münasibətlərə görə cinayətlərin hansı həddə çatdığını öyrənəsən. Bu isə o deməkdir ki, ailədaxili “İŞİD-çilər” artmaqda davam edir.