Lənkəranda siyasi idarəsizlik?

13-10-2014, 02:21   
Lənkəranda siyasi idarəsizlik?

Rayonda layihələr dayandırılıb, İcra başçısı Taleh Qaraşovun səhhətinin isə qaydaya düşmədiyi deyilir

Lənkəran şəhərində qəzalı olması səbəbindən sakinləri köçürülən bina 5 aydır ki, təmir olunmur. Lənkəran şəhəri Zərifə Əliyeva küçəsi 78/9 ünvanında yaşayan sakinlərin cumhuriyyet.az-a göndərdiyi məktubda yaşayış binasında beton-bərkitmə işlərinin görülməməsində İcra Hakimiyyəti və "Gilan İnşaat” şirkəti ittiham olunur.
Məktubda deyilir: "Biz Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi 78/9 binasının sakinləri bu ilin may ayının 29-da yaşadığımız mənzillərdən binamızın qəzalı durumda olması səbəbindən köçürülmüşük. Lənkəran şəhər İcra Hakimiyyətindən bizə təqdim olunan rəsmi məktubda binada beton-bərkitmə işlərinin görüləcəyi qeyd olunmuşdu.
Artıq 5-ci aydır ki, kirayə mənzillərdə yaşayırıq və yay fəslinə təsadüf edən bu müddətdə binanın təmirini üzərinə götürən "Gilan İnşaat” cəmi 4-5 fəhlə işlətməklə demək olar irəliyə doğru heç bir iş görməmiş, binanın zirzəmisini belə təmir edib başa çatdıra bilməmişdir. Maraqlıdır ki, 65 mənzilli, 6 bloklu binada 4-5 fəhlə nə iş görməli və ya nə iş görə bilərdi? Hazırda Lənkəranda aramsız yağışlar başlayıb və artıq həmin 4-5 fəhləni də tapmaq müşkülə çevrilib. İşlərin bu səviyyəsində yubanmasına görə nə İcra Aparatından, nə də "Gilan İnşaat”da biz sakinlərə hesabat verəcək bir şəxs yoxdur. Guya ay yarım ərzində işlərin yekunlaşacağı barədə qeyri-rəsmi açıqlamalar isə ağ yalandan başqa bir şey deyil. Çünki, bu gedişlə biz illərlə doğma ev eşiyimizdən uzaq düşəcəyik. Üstəlik yaxın günlərdə ölkə prezidentimiz məhz binamızın 80 metr aralığında yerləşən yeni təmirdən çıxan Mədəniyyət Evinin açılışına gələcək. Amma bu belə kimsə də əlavə məsuliyyət doğurmur".
Sakinlərin sözlərinə görə, İcra hakimiyyətindən hər ailəyə kirayə pulu kimi verilən 150 manata Lənkranda orta şəraitli mənzil belə tapmaq mümkün deyil. Başqa bir tərəfdən isə məktəbli uşaqların dərslərində də problem yaranıb. Doğma ev-eşiklərindən uzaq düşmüş şagirdlər dərsə vaxtında gedə çıxa bilmir. Məsələ ilə bağlı cumhuriyyet.az-ın rayondakı mənbələrlə apardığı araşdırma zamanı məlum olub ki, sözügedən binada işlərin ləngiməsi yeganə hal deyil. Rayonda bir çox layihələrin icrası aylardır ki, demək olar dayanıb, bu isə icra başçısının sağlıq durumu ilə bağlıdır. Xatırladaq ki, Təqribən 4 ay əvvəl səhər saatlarında yayılan xəbər tezliklə bütün ölkəyə səs saldı: "Lənkəranın icra başçısı Taleh Qaraşov infark keçirib”… Dərhal icra başçısına yaxın olan şəxslər və Qaraşovla yaxın olan bəzi mətbu orqanlar bu xəbəri yalanlamağa çalışsa da, Lənkəran Rayon Mərkəzi Xəstəxanasından gələn rəsmi xəbər icra başçısının infarkt keçirməsini təsdiqlədi. Daha sonra isə T.Qaraşovun Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilərək ürəyinə stend qoyuldugu da açıqlandı. Hətta icra başçısının Bakıya helikopterlə gətirildiyi də vurğulandı. Təbii ki, bu hər bir insanın başına gələ bilər və necə deyərlər "ürəklə zarafat etmək” olmaz.
Lənkərandakı mənbədən cumhuriyyet.az-a daxil olan məlumata görə qısa müddətli müalicədən sonra yay aylarında istirahət edən icra başçısının səhhəti bu gün də vəzifəsinin icrasını tam yerinə yetirməyə imkan vermir. Günün çox hissəsini xidməti otağında olmayan və rayonu telefon zəngi ilə nəzarətdə saxlayan T.Qaraşov öz tapşıqırlarını və göstərişlərini verir. İcra başçısı həmçinin psixoloji müalicə də alır ki, bundan sonra qəfil gələn xəbərlər zamanı məlum vəziyyətə düşməsin. Amma bu o demək deyil ki, T.Qaraşov öz postuna qalacaq. Əvvəla sağlamlığında problemi olan şəxsin dövlət qulluğunda işləməsinə qanun icazə vermir. Hər bir dövlət qulluqçusu ona tapşırılan görəvin öhdəsindən gəlmək üçün sağlam olmalıdır və bu, ən vacib haldır. Ehtimal ki, T.Qaraşov da bu əsasla vəzifəsindən uzaqlaşdırlacaq.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.