Müğənnilərlə bağlı yüksək səviyyədə ciddi qərar verilib
Bizneslə məşğul olan şou əhli fəxri adlar alandan sonra qiymətləri daha da qaldırırlar
Son həftələrdə toylarda israfçılıq mövzusunun aktuallaşması müğənnilərin toy qiymətlərini yenidən gündəmə gətirib.
Analitik.az-ın məlumatına görə, şadlıq evlərinin oliqarx sahiblərinin bəziləri toy qiymətlərinin bu cür şişməsinə təkcə menyülərin bahalığının səbəb olmadığını iddia edirlər. Böyük və təmtəraqlı şadlıq evlərində daimi çıxış edən müğənnilərin şadlıq evlərinin sahiblərindən yüksək qiymətlər tələb etməsi bəzən toyun ümumi xərclərinin artmasına səbəb olur. Şadlıq evlərinin sahibləri onlara qarşı hökumət və parlament üzvlərinin iddialarına qarşı toy müğənnilərinin qiymətlərinə diqqəti çəkməyi tələb ediblər.
Bu cür tələblər yüksək səviyyədə müzakirələrə səbəb olub. Hökumətin yüksək səviyyəsində aparılan məsləhətləşmələr qanunun bütün tələbləri ilə sərt addımların atılması qərarına yol açıb. İllərdir mətbuatda və xarici təşkilatların hesabatlarında hədəfə alınan məmurların qazancından, yaşayış tərzindən daha təmtəraqlı həyat sürən toy müğənnilərinin «toxunulmaz» saxlanmasına son verilməsi qərara alınıb.
«Hər kəs qanun qarşısında bərabər olmalı, heç kəsə güzəştə gedilməməlidir» — əsas prinsip budur. Əksər müğənnilərin yüksək vəzifəli dövlət məmurları ilə «isti» münasibətlərinin olması faktı da müzakirələrin əsas mövzusudur. Ümumi qərar isə belə olub ki, kimliyindən, hansı məmur-oliqarxla yaxınlığından asılı olmayaraq, hər kəsə eyni qaydalar tətbiq olunsun.
İllik gəliri 100 min manatı aşan hər bir şou-biznes nümayəndəsinin gəlirlərini nəzarətə almağa qərar verilib. 100 mindən aşağı gəliri olanlarla isə «profilaktik iş» aparılması tapşırılıb.
Müzakirə mövzularından biri də budur ki, müğənnilərə dövlət səviyyəsində yüksək qayğı göstərilir, onlara fəxri adlar, dövlət təltifləri verilir. Lakin həmin müğənnilər dövlətin onlara yaratdığı bu imtiyazlardan sui-istifadə edirlər.
Xüsusilə diqqət çəkən və «yuxarılarda» qıcıq doğuran məqam budur ki, «Əməkdar artist», «Xalq artisiti» adını alan müğənnilər bu adlardan toy qiymətlərini qaldırmaq üçün məharətlə istifadə edirlər. Əvvəllər, məsələn, 5000 manata toya gedən müğənni, fəxri ad aldıqdan sonra «mən xalq artistiyəm» deyərək, toy qiymətini ikiqat-üçqat artırır.
Araşdırma zamanı məlum olub ki, hətta, müxtəlif rəsmi bayramlarda, dövlət tədbirlərində iştirak edən müğənnilər də buna görə pul umurlar və bəzi məmurlar tədbirin «yüksək səviyyədə» keçirilməsi üçün «daxili imkanlar hesabına» onlara böyük qonorarlar ödəyirlər. Bu «yük»ün əsasən aşağı və orta rütbəli məmurların üzərinə düşməsi onların da narazılığına səbəb olur.
Analitik.az-ın araşdırması zamanı üzə çıxmışdı ki, ortabab tanınmış müğənnilərin toylardan illik qazancı 2,5 milyon manatadəkdir. Lakin rəsmi orqanların daha dəqiq hesablamaları bundan da artıq məbləğləri üzə çıxarıb. Toy müğənnilərinin ümumi sayı ilə illik dövriyyəsini hesabladıqda, illik on milyonlarla manat pulun vergidən yayındırıldığı faktı rəsmi orqanlara da bəillidir.
Vergilər Nazirliyi indiyədək vergidən yayınan müğənnilərə, incəsənət adamlarına qarşı ciddi sanksiyalar tətbiq etmirdi. Hər halda bu sahədə görülən tədbirlər ictimaiyyətə açıqlanmır.
Ancaq artıq «güzəşt limiti»nin tükəndiyi bildirilir. Məlumata görə, nazirlikdə toy müğənnilərinin siyahısı, onların aylıq-illik dövriyyəsinin təhlili aparılır. Bu işdə şadlıq evlərindən, digər özəl mənbələrdən alınan məlumatlar da ciddi araşdırma mövzusudur.
Bütün şadlıq evlərində hər bir müğənninin nə qədər vaxta hansı məbləği almasına dair məlumatlar var. Hətta, bəzi restoran və şadlıq evlərindən bu məlumatları əks etdirən «qara dəftərlərin» də götürüldüyü bildirilir. Bu «dəftərlər» illərlə vergidən – dövlət büdcəsindən yayındırılan məbləğin yüz milyonlarla manat olduğunu təsdiqləyir.
Bundan başqa, bir sıra məşhur müğənnilərin özəl biznesləri də indiyədək «toxunulmaz» imiş. Avtomobil satışı, kafe-restoran, məişət texnikasının ölkəyə gətirilməsi və satışı, qiymətli metalların və qızılın, daş-qaşın xaricdən Azərbaycana gətirilməsi və satışı ilə məşğul olan müğənnilər var ki, cəmiyyətdə bunları çox az adamlar bilir.
Qızıl, xüsusilə bahalı daş-qaşın biznesi ilə məşğul olan incəsənət adamlarının adları, dövriyyəsi göstərilən qovluqlar lazımi masaların üzərinə qoyulub. İncəsənət adamlarının səhnədən kənar biznesinə dair rəsmi orqanların əldə etdiyi məlumatların açılması əsl şok effekti yarada bilər.
Hətta, xarici ölkələrdə otelçilik biznesi ilə məşğul olan müğənnilərimizin də adları rəsmilərə məlumdur. Bu da Azərbaycanda qazanılan pulların vergidən yayındırılaraq ölkədən qanunsuz çıxarılmasını təsdiqləyir.
Qəbul edilən qərarların yaxın vaxtlarda tətbiqinə start veriləcəyi gözlənilir. Bəzi adlı-sanlı müğənnilərə, incəsənət adamlarına «məmur dostları» tərəfindən bu barədə xəbərdarlıq edilib. Onlara qərarların yüksək səviyyədən verildiyi, ayrı-seçkilik imkanlarının olmadığı, görüləcək tədbirlərə dinməzcə əməl etmələri tövsiyə olunub.