Bu gün prezident İlham Əliyev Gəncə şəhəri Nizami rayonuna yeni icra başçısı təyin edilməsi ilə bağlı sərəncam imzalayıb. Ölkə başçısının sərəncamına əsasən, Nizami rayonunun ali postu Nizami Sabir oğlu Hacıyevə həvalə edilib.
Nizami Hacıyev 1961-ci ildə Gəncə şəhərində qulluqçu ailəsində anadan olub. 1968-ci ildə Gəncə şəhər 20 nömrəli dəmir yol orta məktəbin birinci sinfinə daxil olub, 1976-cı ildə təhsilini Şəmkir rayonu Nizami adına orta məktəbdə davam etdirib, 1978-ci ildə həmin məktəbin onuncu sinfini bitirib.
O, 1978-ci ildə Gəncə şəhəri Çini qablar zavodunda trafaretçi, 1979-cu ilin may ayından sentyabr ayına kimi Şəmkir rayonu Əzizbəyov adına sovxozda fəhlə işləyib.
1979-cu ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun meyvə-tərəvəzçilik və üzümçülük fakültəsinə daxil olub, 1984-cü ildə həmin institutu bitirib alim-aqronom ixtisasını alıb, sonradan ADAU-nun ümumi iqtisadiyyat fakültəsini bitirib.
N.Hacıyev 1984-1987-ci illərdə əmək fəaliyyətini Şəmkir rayonu Kirov adına sovxozda davam etdirib, 1987-ci ilin iyulunda AKTİ-nin botanika kafedrasının nəzdində geobotaniki ekspedisiyada mühəndis botanik, 1988-ci ildə botanika kafedrasında stajor-müəllim vəzifələrində çalışıb.