İcra başçısı Sevindi Hətəmov iş adamı Ramiz Cəbrayılovu danladıqdan sonra ikinicinin halı pisləşib, rayonun rəhbərinin sahibkara çatacaq 300 min manatı verməkdən imtina etdiyi deyilir
Yardımlının icra başçısı Sevindik Hətəmovla rayonda kanalizasiya və məktəb tikintisi ilə məşğul olan "Supra" şirkətinin rəhbəri Ramiz Cəbrayılov arasında yaranmış narazılıq pik həddə çatıb. JAM.AZ-a verilən məlumata görə, ötən həftənin sonlarında rayon İcra Hakimiyyətində icra başçısı ilə sahibkar arasında mübahisə düşüb. Buna səbəb isə sahibkarın gördüyü işin müqabilində 300 min manatını ala bilməməsi və bu barədə mətbuata yaxın adamları və özü vasitəsi ilə məlumatlar sızdırması olub.
Mənbə bildirir ki, Ramiz Cəbrayılovu Yardımlıya çağıran icra başçısı onunla əvvəlcə xoş danışıb. Daha sonra isə 300 min məsələsində onun adını niyə çəkdiyinin səbəblərini soruşub. Lakin Ramiz Cəbrayılov bu suala cavab verə bilmədiyindən Hətəmov onun üstünə qışqırıb. Sonra isə sahibkarı həbs etdirəcəyi ilə hədələyib. JAM.AZ-a danışan mənbə deyib ki, Hətəmovun qışqırığı o həddə çatıb ki, İcra Hakimiyyətində olan müavini Mahir Mirzəyev qaçaraq icra başçısının otağına daxil olub və aranı sakitləşdirməyə çalışıb. Lakinin bunun da faydası olmayıb.
Məlumatda o da deyilir ki, Ramiz Cəbrayılov yaranmış vəziyyətdən çıxa bilmədiyindən otaqda halı pisləşib. Ona su verildikdən sonra özünə gəlib. Və bundan sonra Sevindik Hətəmov onu yenidən danlamağa başlayəb. JAM.AZ-a deyilənlərə görə, Yardımlının icra başçısı yekunda Cəbrayılovun diqqətinə çatdırıb ki, ona çatacaq 300 min manatı ümumiyyətlə verməyəcək. İşləri isə nəzərdə tutulan vaxtda təhvil alacaq. Əks təqdirdə, "Supra" MMC-nin rəhbəri barədə cinayət işinin açılması barədə göstəriş verəcək.
Qarşı tərəfi də dinləməyə hazırıq.