Fuad Dərgahov: «DYP işçiləri pul qazanmaq üçün iyrənc vasitələrə əl atmasınlar»
Ötən gün xəbər vermişdik ki, Bakı sakini Fuad Dərgahov 5 Mərtəbə kimi tanınan ərazidə DYP əməkdaşları tərəfindən saxlanılıb və cərimə edilib. Onun JAM.AZ-a verdiyi məlumata görə, həmin ərazidəki dairəni maşınıyla keçərkən qəfil üzərinə DYP əməkdaşlarının idarə etdiyi xidməti maşın sürülüb.
O bildirib ki, Timur adlı DYP işçisi bunu qəsdən edib və məqsəd onu saxlayaraq, cərimə etmək və ya pul qoparmaq olub. «Təsəvvür edin ki, dairəyə daxil olmaq üçün qaydalara uyğun olaraq maşını saxlayıb, sonra keçmişəm. Bu vaxt məndən 20-30 metr aralıda dayanmış DYP maşını sürətlə üzərimə doğru gəlməyə başladı. Sonra isə məni saxlatdırıb bildirdilər ki, guya, polis maşınına yol vermədiyim üçün cərimə olunuram. Bunlar pul qazanmaq üçün bütün vasitələrə əl atırlar. Amma bu qədər ədalətsizlik də olmaz. Bu adamların hərəkəti polisə yaraşmayan haldır».
Fuad Dərgahov bildirib ki, məsələ ilə bağlı tərtib olunmuş protokola imza atmamaqla yanaşı, həm də şikayətini yazıb. Sonra isə onu Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinə çağırıblar. «Orada Zeynalov adlı müstəntiq mənimlə bərabər ərazidəki kameraların çəkdiyi görüntülərə baxdıq. Açıq-aydın görünürdü ki, qaydanı pozmamışam və günah DYP işçilərində olub. Amma Zeynalov həmkarlarının tərəfini verməyib, mənim şikayətimi tam araşdırmadan işi məhkəməyə göndərib».
Vətəndaş bildirir ki, o, ədalətsiz qərar çıxarılacağı təqdirdə bu haqsızlığa daha sərt formada etirazını bildirəcək. «Mən uzun illərdir avtomobil idarə edirəm. İndiyə qədər qəza vəziyyətinə düşməməklə yanaşı, heç də qəza da törətməmişəm. DYP işçiləri pul qazanmaq üçün belə iyrənc vasitələrə əl atmasınlar. Və mən bu haqsızlıqla barışmaq fikrinə də deyiləm. Əgər mənə qarşı ədalətsiz qərar çıxarılarsa, özümü «5 Mərtəbə»də yandıracam. Daha bu qədər də olmaz».
BŞBDYPİ-nin də mövqeyini dərc etməyə hazırıq.