Məmmədovlar klanının susqunluğunun sensasion səbəbləri
Abbas Abbasov nəqliyyat nazirini hara aparır?; Ziya Məmmədov yolayrıcında; nazirin qardaşı biznesini Çeçenistana köçürür; onları Ramzan və Ramazanla birləşdirən nədir?
Nəqliyyat naziri Ziya Məmmədov son günlər fəal deyil və efirdə də görünmür. Ötən ay ağır xəstələnməsi səbəbindən Türkiyədə müalicə aldığı barədə xəbərləri Nəqliyyat Nazirliyi rəsmən təkzib etsə də, həmin vaxt nazirin qardaş ölkədə olduğu aydınlaşdı. Qayıtdıqdan sonra da nazir yalnız bir dəfə prezidentin yanında görünüb.
Qeyri-rəsmi məlumatlara görə, 9 ayın yekunları ilə bağlı prezidentin ötən həftə keçirdiyi müşavirədə nəqliyyat nazirinin də hesabatı dinlənilməliymiş. Lakin mənbəmizin iddiasına görə, hansısa səbəbdən nəqliyyat nazirinin çıxışı olmayıb. “Gələn il Bakıda keçiriləcək Avropa Yay Oyunlarına hazırlığın geniş müzakirə edildiyi tədbirdə maliyyə naziri, gənclər və idman naziri və ekologiya naziri çıxış etdi. Əslində burda əsas çıxışçı nəqliyyat naziri olmalı idi. Çünki bu cür mötəbər yarışın keçirilməsində, Bakının nəqliyyat infrastrukturunun yenilənməsində əsas ağırlıq Nəqliyyat Nazirliyinin üzərinə qoyulub.
Amma hələ ki məlum olmayan səbəbdən Ziya Məmədovun hesabatı təxirə salındı”, - deyə, mənbə bildirib. Qaynağımızın təkcə nazirin deyil, ümumiyyətlə, Məmmədovların son günlər müəmmalı şəkildə “kölgəyə çəkildiyinə” diqqət yetirir: “Ziya Məmmədovla bərabər oğlu Anar Məmmədov da piar-fəaliyyətini dayandırıb. Nazirin deputat qardaşı da parlamentin ilk iclasında hakimiyyət üçün çox mühüm bir məsələdə - Avropa Parlamentinin Azərbaycanla bağlı (oxu, hakimiyyətlə) sərt qərarının müzakirəsinə qoşulmadı. Məmmədovların müəmmalı susqunluğunun iki əsas səbəbi ola bilər. Birinci səbəb: Məmmədovlar hakimiyyətdən narazıdır və bu narazılığı bu cür ”susaraq" ifadə edirlər. İkinci səbəb: Məmmədovları hakimiyyət susdurub".
Mənbəmizin hər iki iddiası düşünmək üçün daha ilginc mülahizələrə yol açır. Birinci səbəb barədə danışarkən qeyd edək ki, Məmmədovlar həqiqətən də son zamanlar hakimiyyətdən umduqları dəstəyi ala bilmirlər. Z.Məmmədov bir müddət bundan öncə qardaşı oğlunun adının jurnalistin döyülməsində hallanmasını onu istəməyən “müəyyən qüvvələrin” əməli kimi izah etmişdi. Nazir “müəyyən qüvvələr” dedikdə təbii ki, müxalifət qəzetlərini deyil, iqtidardakılara işarə etmişdi. Məmmədovların “həmin çətin günlərində” iqtidar həqiqətən də onları müdafiə etmədi. Yəni bu müdafiə KİV-lərdə görünmədi, əksinə, “Azərbaycan” qəzeti ad çəkməsə də, Bakıda nəqliyyatın vəziyyətinə dair məqalə dərc edərək Nəqliyyat Nazirliyini sərt tənqid etdi. Deputatlardan da yalnız bir-ikisi həmkarları Elton Məmmədovu ağızucu müdafiə etdi ki, bu da “selin qarşısında” gözə dəymədi. Anar Məmmədovun əsgərlərimizin cəbhədə şəhid olması günlərinə təsadüf edən Qubada qolf meydançasının açılışı da az qala onun əleyhinə kampaniyaya çevrildi...
Məmmədovlar qıcıqlarını iqtidarın beynəlxalq təzyiqlərə məruz qaldığı bir vaxtda ölkənin ən tirajlı müxalifət qəzeti olan “Yeni Müsavat”ın baş redaktoruna xüsusi ittiham qaydasında məhkəmə davası açmaqla da büruzə verdilər. Amma bu iddianın da geri qaytarılması Məmmədovların ən yüksək səviyyədə dəstəklərini itirməsini göstərdi. Burada artıq ikinci versiya ağırlıq qazanır. Yəni Məmmədovlara “susun” göstərişi gəlib...
***
İqtidara yaxın bir mənbə isə iddia edir ki, Məmmədovlar daxildə fəallıqlarını azaltsalar da, xaricdə işlərini etibarlı tuturlar. Məsələn, nazirin deputat qardaşı bir müddətdir ki, Çeçenistanda ciddi biznesə girişib və pullarını hörmətli Ziya müəllimin də razılığı ilə oraya yatırır. Doğrudur, bu xəbərlər yeni deyil. Məmmədovların Çeçenistan prezidenti Ramzan Kadırovla əlaqələri var və iddialara inansaq, bu dostluq onları Kremlə də çox yaxınlaşdırıb. Məlumdur ki, Kadırov Rusiya prezidenti Vladimir Putinə yaxın adamdır və ən əsası, ona birbaşa çıxışı var. Amma Məmmədovları Kreml rəhbərinə “tapşıran” təkcə Kadırov deyil. Qaynağımız deyir ki, bu işdə Dağıstan prezidenti Ramazan Abdulatipov da fəal köməkçidir. Abdulatipovun dövriyyəyə girməsinə isə Məmmədovlara hakimiyyətin inamını sarsıdan adam - sabiq vitse-primyer Abbas Abbasov vasitəçilik edib.
Məmmədovların son aylar Dağıstanda da bizneslərini genişləndirdikləri deyilir. Bakı Beynəlxalq Avtovağzalının qeyri-rəsmi sahibi olan E.Məmmədovun şəxsi sərnişin avtobusları Dağıstan sərhədində hətta xüsusi yoxlanılmır da...
Burada xüsusi məqam A.Abbasovla Məmmədovların bağlılığıdır. Deyilənlərə görə, iqtidar daxilində xeyli sıxışdırılan Z.Məmmədov “dışlandığını” hiss edərək A.Abbasovla daha da yaxınlaşıb. 2013 prezident seçkisi ərəfəsi Rusiyada “Milyarderlər İttifaqı” yaradaraq Azərbaycanda hətta hakimiyyətin dəyişə biləcəyini anons edən A.Abbasovla Z.Məmmədovun telefon danışıqlarının deşifrə olunması barədə xəbər mətbuatda yayılandan sonra nazir bu barədə heç bir açıqlama vermədi.
Xəbəri A.Abbasov da təkzib etmədi. Xəbərlərin nə dərəcədə həqiqət olduğunu bilməsək də, Məmmədovların birdən-birə bu cür zəiflədilməsi, onlara inamın itməsi üçün ciddi səbəblər olmalıdır. Çünki prezident seçkisindən sonra baş nazirin dəyişdiriləcəyi halda bu posta ən iddialılardan biri olan Z.Məmmədovun ətrafında indi başqa proseslər cərəyan edir. Seçkidən keçən bir il müddətində nazir və ətrafı zəiflədilir. Amma Z.Məmmədov zəiflədilsə də, hələ ki vəzifəsini qoruyur.
“Niyə və nə zamanadək” sualı ətrafında da bir neçə versiya irəli sürmək olar. Məsələn, uzun illərdir nəqliyyat sektoruna rəhbərlik edən Məmmədovların vəzifədə qalması hakimiyyətdaxili dartışmada balansı qoruduğu üçün bir müddət də lazımlı ola bilər. Ya da Məmmədovlar tam zərərsizləşdirildikdən sonra onların hakimiyyətdən uzaqlaşdırılacağı mümkündür. Amma daha bir iddianı da gözardı etmək olmaz.
Ehtimal var ki, Məmmədovlar Abbas Abbasovun vasitəsilə Rusiya iqtidarında müəyyən mövqe qazanıblar və onlar Bakıdakı “Ağ ev”dən uzaqlaşaraq, Kremlə yaxınlaşıblar, bəlkə də qoruma altına alınıblar. Qərbin təhdidlərinin artdığı indiki həssas məqamda isə nəinki Məmmədovlar, heç Bakıya buraxılmayan “Kremlin adamı” A. Abbasovla da (son vaxtlar onun adını iqtidar məmurları və onu hədəfə alan qəzetləri nədənsə, yada salmır) haqq-hesab çəkmək hələ ki uyğun zaman deyil...
Amma nə vaxtadək?