Sevindik Hətəmovun biznesini kimlər idarə edirSevindik Hətəmov rayonu biznesmen kimi idarə edir; başı saysız-hesabsız obyektlərinə qarışıb
Günümüzün reallıqlarından biri də hazırda bir sıra mühüm dövlət postlarına keçmiş biznesmenlərin təyin olunmasıdır. Əslində, burada hansısa qəribəlik axtarmaq niyyətində də deyilik. Ən azından ona görə ki, biznesmenlərin dövlət qulluğunda yer almasına dair beynəlxalq praktikada da kifayət qədər uğurlu örnəklər var.
Elə ölkəmizdə də siyasətə və ya dövlət idarəçiliyinə biznesdən gələn kifayət qədər şəxs var ki, onların fəaliyyəti yalnız müsbət dəyərləndirilir. Amma bir reallıq da var ki, bu həmişə belə olmur. Hər halda yazımızın qəhrəmanı olan Yardımlı rayon icra hakimiyyətinin başçısı Sevindik Hətəmovla bağlı sitiuasiya tamamilə fərqlidir. Bir vaxtlar daş karxanasının müdiri işləmiş Sevindik Hətəmov icra başçısı təyin olunandan sonra da özünü “karyer müdiri” kimi aparır, bu sahədəki biznesini durmadan genişləndirir, Yardımlının problemləri isə “dizə çıxıb”. Bu haqda daha ətraflı bir qədər sonra- Sevindik Hətəmovu daha yaxından tanımağa çalışaq…
Oxumamış montyor və ya daş karxanasında parlayan “ulduz”
Hətəmov Sevindik Hacıağa oğlu 1969-cu il aprel ayının 7-də Laçın rayonunun Güləbird kəndində anadan olub. 1980-ci ildə Güləbird kənd orta məktəbini bitirdikdən sonra dərhal əmək fəaliyyətinə başlayıb və ilk iş yeri elə təhsil aldığı Güləbird kənd orta məktəbi olub. Sözügedən təhsil ocağında çilingər-montyor işinə düzələn gələcəyin icra başçısı düz bir il burada başını girələdikdən sonra ali təhsil almaq niyyətinə düşüb.
1981-ci ildə Azərbaycan Politexnik İnstitutunun Mühəndis- mexanik fakültəsinə daxil olan Sevindik Hətəmov ali təhsilini başa vurduqdan sonra yenidən doğulub-boya çatdığı Laçın rayonuna qayıdıb. 1987-ci ildə Laçın rayon Texniki Təhcizat Bazasında mühəndis, 1987-1989-cu illərdə Laçın rayon Texniki Təhcizat Bazasında böyük mühəndis, 1989-1990-cı illərdə Laçın rayon Maddi-Texniki Təhcizat və Mexanikləşdirmə İstehsalat Birliyində mühəndis, 1990-1997-ci illərdə Laçın rayon Təsərrüfathesablı Tikinti Quraşdırma Sahəsində rəis vəzifələrində çalışsa da onun oliqarx kimi parlaması “Güzdək” daş karxanasında işə düzəlməsindən sonraya təsadüf edib.
1997-ci ildə “Güzdək” daş karxanasına direktor vəzifəsinə yiyələnən Sevindik Hətəmov burada özünə əməlli-başlı “gün ağlaya” bilib.
Karyer müdiri əvvəlcə millət vəkili, sonra isə icra başçısı olur…
”Güzdək” daş karxanasındakı fəaliyyəti artıq Sevindik Hətəmova böyük kapital, hörmət və lazımı dairələrə giriş fürsəti tanımışdı. Məhz bu üstünlüklərindən istifadə edən Sevindik Hətəmov Azərbaycan hakimiyyətində təmsil olunan çox nüfuzlu bir məmurun kölgəsinə sığınaraq siyasi karyerasını qurmağa başlayır və bu onda pis alınmır. 2005-ci ildə deputat mandatı qazanan Sevindik Hətəmov artıq sıradan biri deyildi və bu onun hakimiyyət düşərgəsində qəbul olunmasının bariz göstəricisi sayıla bilərdi.
Bir müddət Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının sədri vəzifəsində də çalışan Hətəmov daha sonra Prezidenti Administrasiyasında işlə təmin olunur. PA-da Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsində baş məsləhətçi vəzifəsində çalışan Sevindik Hətəmov 2012-ci ilin aprel ayında Yardımlı rayon icra hakimiyyətinin başçısı vəzifəsinə təyin olunur və bu günə qədər də həmin vəzifədə çalışır. Amma o hansı vəzifələri tutmasından asılı olmayaraq hər zaman “karyer biznesi”nə sadiq qalıb və hazırda da onun bir neçə daş karxanasının olduğu haqda məlumatlar var. Onun rayonu hansı prinsiplərlə idarə etməsinə dair şok məlumatlarla isə növbəti yazımızda tanış ola biləcəksiniz. Eyni zamanda növbəti yazımızda aşağıdakı suallara cavab tapmağa çalışacağıq:
- Sevindik Hətəmov hansı nüfuzlu məmurun adından sui-istifadə edib?
- Onun biznes imperiyasına hansı obyektlər daxildir?
- Yardımlıda görülən işlərlə bağlı həyata keçirilən şübhəli tender əməliyyatlarının şok tədərrüatları….
- Tender əməliyyatında icra başçısının “sağ əli” kimdir?
- Sevindik Hətəmov “daş karxanalarımı satmışam” açıqlamasını kimə və hansı səbəbdən verib?
- Bütün bunlar haqda yaxın günlərdə ətraflı məlumat verəcəyik…