Azərbaycan gələn il orduya 4 milyard manata yaxın vəsait xərcləyəcək
Azərbaycan gələn il orduya 4 milyard manata yaxın vəsait xərcləyəcək
Nazirlik hesabat verdi.
Azərbaycanın 2015-ci il dövlət büdcəsi layihəsində müdafiə məqsədləri üçün nəzərdə tutulan xərclər ümumi büdcə xərclərinin 17,9%-ni (3 milyard 776 milyon 900 min manat) təşkil edəcək.
BiG.Az xəbər verir ki, Azərbaycanın Maliyyə Nazirliyi tərəfindən açıqlanmış dövlət büdcəsi layihəsində qeyd 2015-ci il üçün nəzərdə tutulan müdafiə xərcləri 2014-cü ilin göstəricisindən 3,1% çox olacağı qeyd olunub.
Bura xüsusi təyinatlı layihələrin və tədbirlərin maliyyə təminatı ilə bağlı əsas bölmələrdə nəzərdə tutulmuş xərclər də daxildir.
Qeyd edək ki, dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərində müdafiə və təhlükəsizlik orqanları üçün vəsait nəzərdə tutulur.
Bundan başqa, 2015-ci ilin dövlət büdcəsi layihəsində Azərbaycanda məhkəmə sisteminin saxlanılması üçün 52,3 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Bu, 2013-cü ilin faktiki icra göstəricilərinə nisbətən 13,2 milyon manat, yaxud 34,0 faiz çoxdur.
Xatırladaq ki, 2015-ci ilin dövlət büdcəsinin gəlirləri 19 milyard 438 milyon manat, xərcləri isə 21 milyard 100 milyon manat proqnozlaşdırılıb.
Gələn ilin büdcə kəsiri 1 milyard 662 milyon manat proqnozlaşdırılıb.