Qadın üçün ən gözəli 30-dan sonradır" - müsahibə+fotolar

15-10-2014, 15:24   


Qadın üçün ən gözəli 30-dan sonradır" - müsahibə+fotolar
"Qadın üçün ən gözəli 30-dan sonradır" - müsahibə+fotolar

Yazıçı Pərvin Nurəliyeva kult.az saytına müsahibə verib. Axşam.az həmin müsahibəni təqdim edir:

– Pərvin xanım, yaxınlarda doğum gününüz oldu. Təbrik edirəm.

– Təşəkkür edirəm.

– Sizcə, niyə qadından yaş soruşmaq olmaz?

– Bu priyomla yaşımı soruşursunuzsa, elə birbaşa deyim ki, 30 yaşım tamam oldu. Amma niyə qadından yaş soruşmaq olmaz? Mənə elə gəlir ki, qadınlar öz gəncliyi ilə vidalaşmaqdan, yeniyetməlikdən uzaqlaşmaqdan, rəqəmlərin böyüməsindən qorxurlar. Yəni hansısa mənada qadınlar yaş məsələsində daha dözümsüz sayılırlar. Məsələn, zamanla barışmaq, artıq qocaldığını qəbul eləmək qadınlar üçün daha çətindi.

– Amma mənə elə gəlir ki, yazıçı xanım üçün belə bir kompleks olmamalıdır.

– Səmimi desəm, bir dövrdə məndə belə kompleks olub, son illərə qədər bu hiss, yəni hansısa qorxu varıydı. Özümdə bir pessimizim hiss edirdim. Yaş nə qədər iki rəqəmi ilə başlayır, dözmək olur. Yəni yaşın iyirmi neçə olanda qəbul eləmək olur ki, hələ yeniyetməsən, yəni yaşın 28-dirsə, deməli, hələ 20-yə yaxınsan. Amma 30 yaş indi nədənsə bir az böyük görünür mənə.

– Yəni təsəllinin imkanları get-gedə azalır...

– Hə, azalır. Amma əlbəttə ki, yaş şərti məsələdir. İnsan hər yaşda gənc ola bilər, hər yaşda rahat və xoşbəxt ola bilər. Məsələn, mənim 18 yaşında tələbələrim var. Onlardan yaşlarını soruşuram. Deyirlər, 18. Deyirəm, ən gözəl yaşdır. Amma hiss edirəm ki, onlar bu yaşın gözəlliyini özləri hiss etmirlər. Zamanı boşuna xərcləyirlər elə bil. Bəlkə də, səhv düşüncədir, amma həmişə fikirləşirsən ki, keçmişə qayıda bilsəydim, daha çox oxuyardım, daha çox şeylər öyrənərdim, yəni daha çox zamanım olardı. Bəlkə, hansısa səhvləri eləməzdim.

– Yaşlandıqca gözəl görünmək imkanları da azalır. Bu barədə də düşünürsünüz?

– Yox, bu mənada kompleksim yoxdur. Ola bilərdi... Əksinə. Hələ zamanın xarici görünüşü bir az da “cilaladığı” dövrü yaşayıram. Sırf qadınlıq duyğusu və xarici görünüşlə bağlı, əksinə, düşünürəm ki, qadın üçün ən gözəli 30-dan sonradır.

– Doğum gününüzdə iki rəqəmi ilə vidalaşdınız, yəqin bu rəqəmi tez-tez xatırlamaq üçün tələbələrinizə daha çox ”iki” yazarsınız.

– Bizdə 10 ballıq sistemdi. (gülür) Ümumiyyətlə, aşağı qiymət yazan müəllim sayılıram. Kriteriyalarım çox sərtdi, yuxarıdı, bəlkə ona görə. Amma demək olar ki, “iki” yazmırıq. Aşağı qiymət “beş” olur. Amma bəzən olur ki, tələbəni sıfırdan xilas eləmək üçün “iki” də yazıram.

– Pedaqoji Universitetdə dərs deyirsiniz?

– Aha...

– Tələbələrin gözləri gənc müəllimlərə o qədər də alışmayıb.

– Doğrudur.

– Çətinliyiniz olmur ki?

– Problem uzaq başı ilk dərsin birinci 45 dəqiqəsində olur. Bəzən elə olur ki, ilk dəfə auditoriyaya girəndə tələbələr hansısa mənada biganə yanaşırlar, bəlkə də, fikirləşirlər ki, yəqin, magistrantdır, müəllimi əvəz eləməyə gəlib. Amma yenə deyirəm, belə şeylər dərsin birinci hissəsində olur. Ona görə də adətən, dərsə girən kimi özümü təqdim eləyirəm.

– Necə təqdim eləyirsiniz?

– Deyirəm ki, Pedaqoji Universitetin Azərbaycan Ədəbiyyatı tarixi kafedrasının müəllimiyəm. Bundan sonra bir az ciddiləşirlər. Amma bir neçə dərsdən sonra daha maraqla yanaşırlar dərslərə. Çünki həm öyrətməyə, həm də onların öz dillərində, anladıqları şəkildə öyrətməyə çalışıram.

– Yaxında kitabınızın təqdimat mərasimi oldu.

– Bəli, üç kitab idi. “Söhbətlər”, türkcə “Balerin” və rusca “DlyaSamira”.

– Tələbələriniz gəlmişdi təqdimata?

– Bəli, gəlmişdilər. Hətta ayaq üstə duranlar da vardı. Düşünürəm ki, müəllim fəaliyyətim böyük uğurlarımdan biridir.

– Pərvin xanım, sizcə, Azərbaycanda niyə qadın yazarların yaradıcılığına o qədər də ciddi baxmırlar? Elə bil, inam yoxdur onlara.

– Düzü, bilmirəm, siz kimlərin baxışını nəzərdə tutursunuz. Yəqin bu münasibət bir-iki şeir yazıb sosial şəbəkələrdə paylaşıb sonra “dincəlməyə” gedənlərə görə formalaşıb. Amma mən ardıcıl, sistemli yaradıcılıqla məşğul oluramsa, durmadan öz üzərimdə çalışıramsa, niyə mənə qeyri-ciddi baxsınlar? Məsələn, elə dünənki kitab təqdimatımda özümə olan ciddi münasibəti hiss elədim, istər çalışdığım kafedrada, istər Yazıçılar Birliyində, istər ədəbi mühitdə, istərsə də oxucularım tərəfindən. Onu da deyim ki, tələbələrim həm də mənim oxucularıma çevrilirlər. Onların yaradıcılığıma münasibətimi görmək mənim üçün çox maraqlıydı. İkincisi, siz özünüz ədəbi mühitin içərisindəsiniz, məgər görmürsünüz ki, nə qədər kişi yazarlarımız var ki, müəyyən artıq ciddi sayıla biləcək yaşa çatıblar , amma indiyə kimi də ciddiyə alınmırlar. Yəni mənə elə gəlir ki, burda qadın-kişi məsələsi rol oynamır.

– Sizcə, ciddilik nədir?

– Ciddilik xarakterdi, əslində. Arxasında əməl duran bir iddiadır. Yəni sən ortaya hansısa bir iş qoyursan ki, səni ciddiyə alırlar. İnanırlar ki, bu yazıçıdır, nə isə yazır. Bir şeyi də deyim ki, yazıçının ciddiyyəti də onun əsərlərində olmalıdır və onun ciddi olub-olmaması yaradıcılığı ilə müəyyənləşməlidir.

– Bildiyimə görə, sosial şəbəkələrdə də yoxsunuz...

– Bu, yazıçı xarakterindən daha çox qadın xarakterindən irəli gələn məsələdir. Sosial şəbəkələr vasitəsiylə əlçatan olmaq istəmirəm. Biz ədəbi mühitdə “Gənc Ədiblər Məktəbi” ilə gəldik və mənim yadımdadır ki, bu məktəbə gələndə ordakı gənclərin demək olar ki, hamısının “Facebook” hesabları varıydı, orda şeirlərini, yazılarını paylaşırdılar, bir-birlərinə münasibət bildirirdilər və s. Dostlar mənə çox deyirdilər ki, sənin də “Facebook” adresin olsun, öz yazılarını paylaş, münasibətlər bildirsinlər. Amma ilk gündən kənardan müşahidə eləməklə hiss elədim ki, “Facebook” mənim yerim deyil. Nədənsə, o mühitə qoşulmaq istəmədim.

– Pis baxırsınız ki?

– Məsələ onda deyil ki, mən buna pis baxıram, yaxud da yaxşı baxıram. Sadəcə, mənlik deyil. Başa düşürəm, müasir gəncəm, eyni zamanda informasiya texnologiyalarını çox yaxşı bilirəm. Amma bununla belə, hansısa populyarlıq, şöhrət, zamanın nəbzini tutmaqdan ötrü qadın prinsiplərimin üstündən xətt çəkmək istəmirəm.

– Deyəsən, hansısa kitabınız Anar müəllimin ön sözü ilə çap olunub.

– “Balerin” və “Dlya Samira”.

– Pərvin xanım, bayaq dediniz ki, biz “Gənc Ədiblər Məktəbi” ilə ədəbi mühitə birlikdə gəldik. Doğrudur. Amma Yazıçılar Birliyinin sizə qarşı hamıdan fərqli, xüsusi münasibəti oldu. Məsələn, hər adam haqqında qələm işlətməyən Anar müəllim kimi yazıçı gənc bir xanımın kitabına ön söz yazması, yüksək məbləğli mükafatların məhz sizə verilməsi...

– Kitabımın təqdimat mərasimində də bu barədə fikirlərimi dilə gətirdim. Təkcə Anar müəllim yox, Xalq şairi Fikrət Qoca da mənim “Söhbətlər” kitabıma ön söz yazıb. Eyni zamanda başqa nüfuzlu simalar, məsələn, Vaqif Yusifli, Elnarə Akimova, Cahangir Məmmədli də yazıb, Əsəd Cahangir yazılarım haqqında dəfələrlə yüksək fikirlərini bildirib. Qəzənfər Paşayev mənə mətbuatda açıq məktub yazmışdı.

– Bilirəm.

– Bunun konkret bir resepti yoxdu. Yəqin müxtəlif səbəblərin cəmi buna gətirib çıxarıb. Məsələn, “525-ci qəzet”də mütəmadi olaraq çap olunmağım məni bu adamların diqqət mərkəzində saxlayıb, yaxud zəhmətkeşliyim də rol oynayıb, qarşıma çıxan yaxşı insanlar da, tərbiyəm də rol oynayıb. Arxayınlaşmamağım, üç-beş xoş sözdən “burda mənəm...” deməməyim... Bütün bunları sadalamaq qeyri-təvazökar səslənir, amma sual verirsiz deyə, özüm də cavab axtarmalı oluram.

– Yəni deyirsiniz başqa həmyaşıdlarınız tez arxayınlaşıblar?

– Hamı haqda söz deyə bilmərəm. Amma siz özünüz də dəfələrlə şahidi olmusunuz ki, Anar müəllim, Fikrət müəllim və başqaları hansısa gənclərə etimad göstəriblər, tərifləyiblər, xoş söz deyiblər, tədbirlərinin başına çəkiblər, amma sonra nəticəsi yaxşı olmayıb, o gənclər bu cür etimadı doğrultmayıblar, ya yaradıcılığıyla, ya münasibətiylə, ya davranışıyla. Ola bilər ki, yaşıdlarım bu məsələyə bir az başqa cür baxırlar, amma mən hesab edirəm ki, təkcə istedadlı olmaq, təkcə yazmağı bacarmaq şərt deyil.

– Bəs başqa şərt nədir?

– Şərt eyni zamanda tərbiyəli olmaqdı, böyüyə münasibəti bacarmaqdı, sayğı göstərməkdi.

– Yəni bu məsələdə Rəşad müəllimlə həmfikirsiniz.

– Əlbəttə! Yüz faiz! Nəinki özümdən böyüklərə hətta özümdən kiçiklərə də bu münasibəti bəsləyirəm. Necə ki, mənim üçün tələbəmin, sadəcə, savadlı olması şərt deyil. Düzdür, onun savadına, intellektinə qiymət verirəm, amma eyni zamanda düşünürəm ki, heç olmasa, ən elementar məsələləri bilmək çox vacibdir. Tərbiyə vacib şərtdi...

– Bilirəm ki, ailənizdə yazan adam yoxdur. Bəs yazıçı olmaq hardan ağlınıza gəldi?

– Sual bir az qəribədi. Bu planlı şəkildə olmur. Hansısa ehtiyac hiss edirsən ki, yazırsan. Ailə yalnız savadlı, intellektli olmağına səbəb ola bilər. Deyim ki, ilk gündən məndə hər şey başqa cür olub. Hərdən düşünürəm və uşaqlıq elementləri tapa bilmirəm keçmişimdə. Məsələn, üç yaşımdan yazıb-oxumağı öyrədiblər mənə. Deyəsən, heç oyuncaqlarım da olmayıb. Beş yaşımdan məktəbə getmişəm. Valideynlərim mənim biliyimlə çox erkən məşğul olmağa başlayıblar. Təsəvvür edin ki,10 yaşında uşağa Pavarotti qulaq asdırırdılar. Amma bu məcburiyyət əsasında deyildi. Hər şey, sadəcə, içdən gəlirdi. Təbii ehtiyacıydı ki, bu musiqilərə qulaq asırdım. Yazmaq da təbii ehtiyacımın bir hissəsidir. Amma dəfələrlə söyləmişəm, yenə deyirəm, AYB-yə gəlməsəydim, “Gənc Ədiblər Məktəbi”nə qoşulmasaydım, heç vaxt çap olunmayacaqdım. Bəlkə də, yazacaqdım, lakin özüməqapalılıq hissi heç vaxt imkan verməyəcəkdi ki, yazdıqlarımı üzə çıxarım. Bu mənada məhz “Gənc Ədiblər Məktəbi” yazılarımın üzə çıxmağında böyük rol oynadı.

– Pərvin xanım, Nobel Sülh Mükafatı 17 yaşlı Pakistanlı bir qıza verildi. Mən təəccübləndim, düzü. Bəs siz o qıza baxanda nə hisslər keçirdiniz?

– Sözün düzü, mən sizin qədər təəccüblənmədim. Mənə elə gəlir ki, bu, hardasa müasirliyin elementidir. Nə qədər müxtəlif fikirlər olsa da, keçən il də Ədəbiyyat üzrə Nobel mükafatı xanıma verildi. Yəni bu tipli sensasiya doğuran məsələlər ola bilər. Bu məsələ nə qədər düzdür, nə qədər səhvdir, bu başqa məsələdir, deyək ki, 17 yaşlı qız uşağının hələ xarakteri formalaşmayıb, yəni bəlkə, sabah kimisə öldürəcək, qatil olacaq. Bir sözlə, sabah onun hansı hərəkətlər eləyəcəyi şübhə altındadır. Amma sırf bu hadisənin özü – 17 yaşlı qıza Nobel Sülh Mükafatının verilməsi müasirliklə bağlıdır. Zamanın şıltaqlığıdı, bəlkə də...

– Siz də Azərbaycanda ədəbiyyat üzrə ən böyük mükafat alan yazar oldunuz. Prezidentin ədəbiyyat üzrə Gənclər mükafatı sizə verildi. Bu da bir az təəccüb doğurdu.

– Sizə nə təəccüblü gəldi ki?

– Doğrudan, siz ən yaxşı gənc yazıçısınız və Azərbaycanda gənc ədəbi nəsli təmsil eləyə bilərsiniz?

– Deyə bilərsiniz ki, Azərbaycanda hansı mükafat veriləndən sonra onu insanlar birmənalı qarşılayıb? Bu təəccüblər, dedi-qodular filan hamısı təbiidir. Və tam ciddiyyətlə deyirəm ki, heç birinə fikir vermirəm. Mən öz işimlə məşğulam. Sadəcə yazıram, özümü, düşüncələrimi ifadə edirəm. Bu yaxınlarda vikipediya səhifəmi yaradacam. Orda mənim bütün layihələrim, xaricə səfərlərim, yazdığım yazılar, kitablar, bir sözlə, 30 yaşıma qədər gördüyüm işlər öz əksini tapacaq.

– Maraqlıdır ki...

– Dünən kafedra müdirimiz Himalay müəllim özünəməxsus komplimentlərlə mənə dedi ki, gəncsiniz, amma bir tərəfdən də inanmaq olmur ki, 30 yaşında bu qədər işlər görmüsünüz. Yəni eyni məsələyə müxtəlif cür baxmaq olar. Bütün bunları təbii qarşılayıram. Bir də kompüterin arxasında olanda heç kəs mənə heç nəyi diktə eləmir, öz içimdi və kompüterin klaviaturasıdı, vəssalam. Hansısa əlavə nüanslar yadımda da olmur...

– Adətən, Azərbaycanda ədəbiyyata mükafat verilmir. Amma sizin mükafatlarınızın sayı çoxdur. Bu sizi sıxmır ki? Axı deyirlər yazar bir az müxalif olmalıdı...

– Təkcə Prezident mükafatını deyil, Mədəniyyət və Turizm Nazirliyinin Qızıl Kəlmə mükafatını da almışam, Milli Kitab Mükafatının ikincisi olmuşam. Səmimi deyirəm ki, bu mükafatlara görə heç vaxt üzərimdə təzyiq hiss eləməmişəm ki, hansısa yazını yazım, yaxud yazmayım. İçimdən nə gəlibsə, onu da yazmışam. Əgər söhbət yazarın müxalifliyindən gedirsə, yəqin, mənim də müəyyən məsələlərə etirazım var. Amma bunları öz üsullarımla, düzgün bildiyim dildə və şəkildə yazıram. Çünki hər şeydən öncə qadınam və qara-qışqırıq sala bilmərəm. Etirazımı öz üslubumda eləyirəm.

– Müsahibə boyu tez-tez yaşınızı xatırlayırsınız.

– Hə... (gülür)

– Qocalmaqdan qorxmursunuz ki?

– Yox... Yaradıcılıqda qısa müddət ərzində çox işlər görməyimə və uğurlar qazanmağıma baxmayaraq düşünürəm ki, ömür hələ qarşıdadır. Yenə də hansısa arzularım, hədəflərim var. Məsələn, alim olmaq istəyirəm, müdafiə eləmək istəyirəm, valideyn olmaq istəyirəm. Valideynlərimi daha çox sevindirmək istəyirəm. Onların sevincini görmək üçün bir çox əziyyətlərə qatlaşmışam. Və deyim ki, bunların hamısı yaşamağım üçün səbəbdir.

– Səbəb, yoxsa bəhanə?

– Yox, səbəbdir.

– Pərvin xanım, hansı hissinizi itirsəniz həyat mənasını itirər?

– Birinci sevgi hissidir. Bu hissi heç vaxt itirmək olmaz. Mənim düşüncəmə görə sevgini itirəndən sonra heç nəyin mənası qalmaz. Məsələn, bir gün səhər yuxudan durub düşünsəm ki, mən daha sevmirəm... Nə olar, bilmirəm. Elə anlar olub, öz-özümə düşünmüşəm ki, bəlkə, mən daha sevmirəm? Bu mənim üçün çox dəhşətli olub. Həmişə yaşamaq və sevmək üçün səbəb görürəm. Ona görə də inanmıram ki, nə vaxtsa sevgimi itirim.

– Səbəb, yoxsa bəhanə?

– Yox, səbəb! Özümü heç vaxt aldatmıram.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.