Rusiya kəşfiyyatı Azərbaycanda kimlərə pul ödəyir?
Polşanın “Polonia Christiana” qəzeti bir neçə gün öncə olduqca qalmaqallı iddia ilə çıxış etdi. KQB arxivinə istinad edən qəzet NATO-nun yeni baş katibi Yens Stoltenberq və bacısının Sovet kəşfiyyatına işlədiyi xəbərini yaydı.
Qəzetə danışan KQB-nin keçmiş polkovniki Oleq Qordiyevskinin fikirləri əlavə suallara yer açdı. Keçmiş KQB-çi yeni baş katib və bacısını nəzərdə tutaraq deyir ki, “Dövlət Təhlükəsizliyi Komitəsi onları heç vaxt pulsuz buraxmayacağı barədə qəbzlərə malikdir”.
Polkovnikin bu açıqlaması Azərbaycan siyasi arenasında zaman-zaman gündəmə gələn “DTK agenti” iddialarını yenidən aktuallaşdırır. Keçmiş KQB-çi polkovnikin dediklərinə inansaq, o zaman ehtimal etmək olar ki, KQB-nin varisi olan bu günki Rusiya xüsusi kəşfiyyatı Azərbaycanda da kimlərəsə hələ də pul ödəyir.
“DTK agenti” ittihamları...
Azərbaycanda hələ də siyasətdə olan şəxslərdən bəzilərinin DTK-ya işlədiyi haqqında fikirlər mövcuddur. Hələ 1990-cı illərdən bu günə qədər “KQB arxivləri” mövzusu aktual olub və zaman-zaman bu arxivlərin açılması gündəmə gəlib.
Lakin məsələ iki yanaşma var: birincisi, cəmiyyətin agentlərdən xəbər tutması üçün arxivlərin açılmasıdır, hansı ki Baltikyanı ölkələr bu təcrübəni yaşayıblar. İkincisi, arxivlərin açılmasının cəmiyyətdə düşmənçiliyə səbəb olacağı haqda yanaşmalardır.
Ötən seçki ərəfəsində Müsavatın o vaxtı başqanı İsa Qəmbər “Müxalifət partiyalarının bir qismi hakimiyyətin, bir qismi İranın, digər qismi Rusiyanın nəzarətindədir” açıqlaması bu kontekstdə diqqətləri cəlb edir.
“Müxalifətdə hələ də DTK agenti var” açıqlaması...
Publika.az KQB-nin keçmiş polkovnikinin bu açıqlamasını əsas götürərək Azərbaycanın siyasi düşərgəsindən Rusiya kəşfiyyatına hələ də işləyənlərin olması və onlara hələ də bunun müabilində pul ödənməsini araşdırmağa çalışıb.
Bu məsələ diqqəti ilk olaraq MTN-nin keçmiş rəis müavini Sülhəddin Əkbərin “Müxalifətdə hələ də DTK agenti var” açıqlamasına çəkir.
S. Əkbər vaxtilə onda uzun bir siyahı olduğu və bu siyahını prezident Əbülfəz Elçibəyin önünə qoyduğunu deyib. Amma siyahının ictimaiyyətləşdirilməsinə ehtiyac görülməyib.
MTN-nin keçmiş əməkdaşı: “DTK-ya işləyənlər ictimai-siyasi fəaliyyətini davam etdirir”
Milli Təhlükəsizlik Nazirliyinin keçmiş əməkdaşı, Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu SSRİ dağılandan sonra DTK varislərinin onun öhdəliyini yerinə yetirdiklərinə inanmır.
Onun sözlərinə görə, SSRİ-dən sonra DTK-nın müxtəlif ölkələrdəki agentura şəbəkəsi rəqib kəşfiyyatların əlinə keçdi: “Bunu ya satdılar, ya məqsədli şəkildə verildi, bilmirəm. Amma bu artıq hər şeyin məhvi idi. Çünki ən böyük öhdəlik DTK üçün işləyənlərin təhlükəsizliyini qorumaq üçün adların məxfi saxlanılması idi ki, buna əməl edilmədi. Bütün agentlər, o cümlədən SSRİ ilə müttəfiq olan sosialist respublikadakılar ifşa olundu. Bütün bunlardan sonra, indiki dövrdə hansısa öhdəliklər haqqında düşünmək real deyil”.
Lakin keçmiş kəşfiyyatçı Rusiyanın Azərbaycanda kəşfiyyat işləri apardığını istisna etmir: “Rusiya marağı olduğu bütün ölkələrdə, Avropanın özündə, post-sovet məkanı, o cümlədən Azərbaycanda kəşfiyyat işlərinə xeyli pul xərcləyir. Bu, dəqiqdir”.
Ə. Oruclu hesab edir ki, arxivlər açılmalıdır. Onun fikrincə, bu ən azından DTK-ya işləyənlər üçün də xeyirlidir.
“Əslində açılmaq məsələsinə yanaşmalar yanlışdır. "Arxivlər açılsın" deyəndə çoxları düşünür ki, bu afişalar halında divarlardan asılmalı, qəzet səhifələrində dərc edilməlidir. Hansı ki, bu, belə deyil. Müxtəlif ölkələrdə müxtəlif proseslər olub, bəzi post-sovet ölkələrində bu ictimaiyyətləşdirilib, bəzilərində insanların özlərinə imkan yaradıblar ki, gəlsin, əməkdaşlığı dayandırmaq haqqında yeni öhdəlik götürsün. Hansısa ölkələrdə isə həmin şəxslərin siyasi həyatdan uzaqlaşdırılması haqqında qanunlar qəbul edilir. Hesab edirəm ki, Azərbaycanda da arxivlərin açılması zəruridir. Çünki mümkündür ki, DTK-ya işləmiş insanların xeyli hissəsi bu gün də ictimai-siyasi fəaliyyətini davam etdirir. İstisna deyil ki, arxivlər nə qədər məxfi qalsa, onları şantaj edib yenidən əməkdaşlığa məcbur etmək şansları da bir o qədər artır. Düşünürəm ki, bununla bağlı xüsusi dövlət komissiyası yaradılmalı və arxivlər üzərində işlənilməlidir”, - deyə keçmiş kəşfiyyatçı vurğulayıb.