Binəqədi icra başçısının rüşvət yığımı haqda yeni faktlar

16-10-2014, 13:25   
Binəqədi icra başçısının rüşvət yığımı haqda yeni faktlar

Binəqədi icra başçısının rüşvət yığımı haqda yeni faktlar
Xaləddin İsgəndərov haqda məqalə böyük rezonans doğurub: “Bu cür qaydalar Azərbaycanda ancaq Binəqədi rayonunda var”
Musavat.com saytında və “Yeni Müsavat” qəzetinin son sayında Bakının Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun xərac yığması haqqında yazı dərc olunub. Yazıda iddia olunur ki, Binəqədi rayonunun icra başçısı özündən qabaqkı icra başçılarının dövründə satılan torpaqların təftişinə göstəriş verib. Artıq həmin torpaqlarda məskunlaşan sakinlər və iş adamları üçün ciddi problemlər yaranıb. Torpaqlar öz sahiblərinə yenidən satılır, bununla yanaşı, yeni ev və ya obyekt tikməyə başlayanlardan xərac toplanır.

Bu barədə yuxarı instansiyalara saysız-hesabsız şikayətlər edilsə də, icra başçısı “xərac” yığımından nəinki əl çəkmir, əksinə, getdikcə “xəracların” səviyyəsi artır. Binəqədi rayon ərazisində istənilən tikinti işini görmək üçün konkret “məzənnə” müəyyənləşib. Təkcə hasarın çəkilməsi üçün 2000 manat pul tələb olunur. Evlərin tikilməsi üçün isə qiymətlər əraziyə uyğun olaraq dəyişir. Xocəhəsəndə bu qiymətlər 1000-1500 manat, Biləcəridə 1500-2000 manat, Rəsulzadə qəsəbəsində 2000-3000 manat civarındadır.

Xəbəri “Yeni Müsavat”a verən mənbə iddia edir ki, X.İsgəndərovun “xərac” yığanları hər axşam Sumqayıt yolundakı “Neapol” restoranına yığışaraq başçıya hesabat verirlər. Bəzi məlumatlara görə, “Neapol” da X.İsgəndərovundur.

Onu da vurğulayaq ki, icra hakimiyyətinin başçısı postuna Vergilər Nazirliyindən gətirilən X.İsgəndərov vergilər naziri, son vaxtlar hakim elitanın önəmli simalarından birinə çevrilmiş Fazil Məmmədovun yaxın qohumudur. Binəqədidə “xərac”ların vergilər nazirinin göstərişi ilə yığılması barədə də məlumatlar dolaşır.

Məqalə musavat.com saytına yerləşdiriləndən sonra oxuculardan çoxsaylı şərhlər gəlib. Şərhlərdə informasiya yüklü xeyli məqam olduğunu nəzərə alaraq onları diqqətinizə çatdırmağı gərəkli saydıq.

“Kamran” niki ilə şərh yazan oxucu şərhində öz təcrübəsini bölüşüb: “Hörmətli redaksiya heyəti, Sulutəpə və Çiçək qəsəbələrində 1 mərtəbənin tikintisi üçün 4500-5000 AZN, 2 mərtəbənin tikintisi üçün isə 8-9 min AZN tələb olunur. Real faktlar var. Mirpaşa və Rövşən adlı şəxslər Xaləddin İsgəndərovun adından at oynadır”.
***
“Babaxan” nikli oxucu yazıdakı bir sıra faktlarda dəqiqləşdirmələrə ehtiyac olduğunu düşünür: “Hörmətli müəllif, Rəsulzadə qəsəbəsində bir evin tikintisi üçün icazə 2-3 min manat deyil, evin bir mərtəbəsi yerindən asılı olaraq 10-20 min manat arasında dəyişir. Xaləddin müəllim xırdaçı adam deyil, xahiş edirəm belə yazılarnan dövlət məmurunun imicinə zərər gətirməyin”.

“Aysu” adlı oxucu da Rəsulzadə qəsəbəsində rüşvətin miqyasının daha böyük olduğunu yazır: “Vətəndaşları ciddi narahat edən mövzunu işıqlandırdığınız üçün təşəkkür edirəm. Amma rəqəmlərdə bəzi yanlışlıqlar var. Konkret olaraq Rəsulzadə qəsəbəsində birmərtəbəli ev tikmək üçün 15, ikimərtəbəli ev tikmək üçün 25 min manat rüşvət tələb olunur. Bu cür qaydalar Azərbaycanda ancaq Binəqədi rayonunda var. Vətəndaşların pulu ilə abadlıq işləri görülürsə, bunu niyə icra başçısının adına yazırlar? Camaat 15 min manata ev tikir, bu isə həmin məbləğdə rüşvət tələb edir”.

“Zaur” hesab edir ki, Binəqədi Xaləddin İsgəndərovun sayəsində “ən rüşvətxor” rayona çevrilib: “Biləcəri-Rəsulzadə qəsəbələri arasındakı ərazilərdə birmərtəbəli ev tikmək üçün 8 min manat, ikimərtəbəli ev tikmək üçün 15 min manat rüşvət tələb edirlər. Haradasan ay antikorrupsiya idarəsi. Adını da qoyub ki, hamısı yuxarı gedir. Əhsən belə dövlətə, belə idarəetməyə!”

“Ramil” adlı oxucuya görə Binəqədidə ev tikmək üçün rüşvət stavkası belədir - birmərtəbəli ev üçün 5 min manat, ikimərtəbəli ev üçün 10 min manat : “O da hörmət eləsələr”.
“Yusuf” adlı istifadəçi öz şərhində Xaləddin İsgəndərovun rüşvət tələbləri ilə bağlı dövlət başçısı İlham Əliyevə şikayət yazdığını deyir.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.