Yusif Məhərrəmov az sonra polis tərəfindən saxlanılıb
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan 1995-ci il təvəllüdlü Knyazlı Knyaz Böyükağa oğlu və soyuq silah saxlamaqda təqsirli bilinən 1992-ci il təvəllüdlü Məhərrəmov Yusif Kamil oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, K.Knyazlı son sözünü deyərkən hakimləri təhdid edib: “Bu iş belə qalmayacaq, axır əvvəl mən burdan çıxıb, sizlərə bunun hesabını soruşacağam. Özü də iş düzgün baxılmır. Məni sentyabrın 1-i tutulmuşam, amma qeydiyyat tarixi sentyabr 3-ü göstərilib”.
Yusif Məhərrəmov sözləri ilə zaldakıları təəccübləndirib: “Cinayəti mən törətmişəm. Amma mən qəsdən adam öldürməkdə ittiham edilmirəm. Belə olan halda günahsız bir şəxs həbsə göndərilir. Mən isə cinayət törətdiyim halda azadlığa buraxılıram. Qatil mənəm, cəzamı da çəkməyə hazıram. Günahsız bir adamı həbsə göndərmək vicdandan deyil. Belə ədalətsizlik olmaz. Cinayəti törədən azadlığa buraxılır, günahı olmayan şəxsə 10 il cəza verilir. Mərhumun ailəsinə qan lazımdır? Mən azadlığa çıxıram. Mənlikləri olsun, məndən övladlarının qisasını alsınlar. Almasalar, ikimizdən biri bu zaldan azadlığa çıxacağıq, burda üstümüzə düşə bilirsiniz, çöldə amma dovşan olasınız”.
Bu zaman Knyaz Knyazlının babası söhbətə müdaxilə edib və nəvəsinin günahkar olmadığı deyib. “Mənim nəvəm düzgünlük üstündə içəridədir. Mən onun ayaqları altında səcdə gedib ölərəm. Kişidir mənim nəvəm, mərddir. Haqsızlığa qarşı hər zaman vuruşur”.
Təqsirləndirilən şəxslərin son söz deməsindən sonra hakimlər müşavirəyə gedib, zalda isə gərginlik yaranıb. Keçən iclasların birində Knyazlı Knyaz qollarını doğradığından təhlükəsizlik əməkdaşları onu xüsusi nəzarətə götürüb.
Hakimlər məşvərətdən qayıtdıqdan sonra hökmü oxunub. Knyaz Knyazlı 10, Yusif Məhərrəmov isə 1 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Yusif Məhərrəmov 1 il 2 ay əvvəl həbs edildiyindən o, məhkəmə zalından azadlığa buraxılıb. Y. Məhərrəmov dəmir barmaqlıqlar arasından çıxan kimi üzünü qətlə yetirilən Ceyhun Maqsudovun atası Şahin Maqsudova tutaraq onu hədələyib. “Gördüyünüz kimi çıxıram burdan. Gözləyin görün nələr baş verəcək, avtomatın qabağına düzəcəm sizi. Bu belə qalmayacaq. Günahsız yerə Knyaz 10 il yatmalı idimi? Az qalıb, sizi tapım qıracağam. Cəzanız mənim əlimdən olacaq. Mənə çöl də, bayır da içəri kimidir”.
Lakin Bakı Ağır Cinayətlər Məhkəməsinin binasından çıxan kimi polis əməkdaşları Y.Məhərrəmovu saxlayaraq aparıblar. 22 yaşlı gəncin hansı səbəbdən saxlandığı məlum olmasa da, onun ifadə vermək üçün polis bölməsinə aparıldığı bildirilib.
*****
11:59
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesin yekununda verilən qərarla azadlığa buraxılan Məhərrəmov Yusif Kamil oğlu bir neçə dəqiqə sonra polislər tərəfindən saxlanılıb. Lent.az-ın müxbirinin verdiyi məlumata görə, Y.Məhərrəmov məhkəmə binasından çıxan kimi bir neçə polis ona yaxınlaşıb və maşına əyləşdirərək Polis Bölməsinə aparıblar. Onun başqa cinayət əməlində şübhəli bilindiyi bildirilir. Həmin vaxt Y.Məhərrəmovun yanında olan qohumları da polis maşınını təqib etməyə başlayıb.
Y.Məhərrəmovun ifadəsinin alınması üçün Nəsimi rayon Polis İdarəsinə aparıldığı bildirilir.
Qeyd edək ki, Y.Məhərrəmov keçən il Bakının Xətai rayonunda törədilmiş qətl hadisəsində təqsirləndirilən şəxslər arasında olub. O, soyuq silah gəzdirməkdə təqsirləndirilib və məhkəmə qərarı ilə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Lakin 1 il 2 ay əvvəl həbs edildiyindən bu gün məhkəmə zalındanca azadlığa buraxılıb.
*****
11:19
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan 1995-ci il təvəllüdlü Knyazlı Knyaz Böyükağa oğlu və soyuq silah saxlamaqda təqsirli bilinən 1992-ci il təvəllüdlü Məhərrəmov Yusif Kamil oğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Rauf Əliyevin sədrliyi ilə keçirilən iclasda müttəhimlər K.Knyazlıya 10 il, Y. Məhərrəmova isə 1 il azadlıqdan məhrumetmə cəzası verib. Y.Məhərrəmov 1 il 2 ay əvvəl həbs edildiyindən o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, hadisə ötən il avqustun 30-da metronun “Xətai” stansiyası yaxınlığında baş verib. Hadisə zamanı Ceyhun Maqsudova bıçaqla xəsarət yetirilib. Faktla Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə iş başlanıb. C.Maqsudov isə bıçaqlandıqdan 3 gün sonra xəstəxanada dünyasını dəyişib.
Ötən il noyabr ayının 6-da Baş Cinayət Axtarış İdarəsi, Sabunçu və Xətai RPİ 37-ci PB-nin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə təqsirli bilinən və axtarışda olan K. Knyazlı saxlanılıb.
Təqsirləndirilən şəxs qismində məhkəmədə dindirilən K. Knyazlı ona elan olunan ittihamla özünü təqsirli bilməyib. O, C.Maqsudova xəsarət yetirmədiyini, bu cinayətdə iştirak etmədiyini bildirib. Saxlanılan Yusif Məhərrəmov isə məlum olayda iştirakını törətdiyini etiraf edib.
Onu da qeyd edək ki, Knyaz Knyazlı əvvəllər də məhkumluq həyatı yaşayıb.