Kürd dövlətinin qurulması üçün real şərait yaranıb, ancaq...”

20-10-2014, 18:24   
Kürd dövlətinin qurulması üçün real şərait yaranıb, ancaq...”



Rafiq Bəy İsmayıl: “Müsəlman Şərqi dərin böhran yaşayır, Azərbaycan bu proseslərdən dərs götürməlidir”


“İŞİD “əl-Qaidə” tərəfindən idarə olunur”



ABŞ mühasirədə olan Kobani şəhərinə silah yardımı edib. “Azadlıq” radiosunun məlumatına görə, oktyabrın 19-da döyüşçülərə silah-sursat və tibbi ləvazimat çatdırılıb. Son bir ayda Kobanidə döyüşlər səngiməyib. Amerikanın başçılığı ilə koalisiya qüvvələri şəhəri qorumaq üçün İŞİD mövqelərini davamlı şəkildə bombardman edib. Ancaq kürd qüvvələrinə silah yardımının edilməsi yeni tendensiyadır və Türkiyədə narazılıq yaradıb.

Prezident Rəcəb Tayyib Ərdoğan deyib ki, Ankara Amerikanın kürdlərə silah yardımına müsbət yanaşmır. Sitat: “Bizə dost olan və NATO-da birgə olduğumuz Amerikanın belə bir dəstəyi, açıq şəkildə bunu deyərək bizdən dəstək alması mümkün deyil. Biz bu məsələyə “hə” deyə bilmərik”.

Qeyd edək ki, Ankara Suriyadakı kürd təşkilatı PYD-ni PKK-nın Suriya qolu sayır və Suriya kürdlərinə silah yardımını PKK-ya dəstək kimi qiymətləndirir.

Bu arada məlum olub ki, İraqın baş naziri Heydər əl-İbadi Ankaranı PKK-nı bombalamamağa çağırıb. Baş nazir bildirib ki, Ankara İraqla sərhəddə PKK-nın bombalamağı dayandırmalıdır. İbadi onu da əlavə edib ki, Türkiyənin PKK-nı İraq ərazisindən çıxarmaq tələblərini qəbul etməyəcəklər. Sitat: “Biz bilirik ki, PKK terrora və İŞİD-ə qarşı savaşır və terrora qarşı müsbət mövqeyi var”.

Baş verənlər regionda yeni kürd dövlətinin yaradılması ilə bağlı iddiaları təzədən gündəmə gətirib. Məsələ ondadır ki, İraqda savaş başladıqdan sonra ABŞ-ın çağırışı ilə 10-a yaxın ölkə kürd muxtariyyətinə silah yardımı etməyə söz verib. İndi isə belə bir yardım qonşu Suriyada muxtariyyət elan etmiş kürdlərə verilir. Baş verənlər bölgədə kürd təşkilatlarının daha da güclənməsi və təsirinin artmasına gətirə bilər. Bu isə kürdlərin dövlət olması yönündə çox ciddi adım hesab edilir.



Şərqşünas-alim Rafiq Bəy İsmayılın sözlərinə görə, bölgədə kürd dövlətinin yaranması ideyası təzə deyil. Belə bir ideyanın 1-ci Dünya müharibəsindən əvvəl və sonra Britaniya tərəfindən ortaya atıldığını xatırladan R.İsmayıl deyir ki, müəyyən tarixi və siyasi səbəblərdən o, ötən əsrdə reallaşmayıb: “İlk cəhd Şeyx Səid tərəfindən edildi. Oxşar plan yəhudilərlə bağlı idi. İngiltərə Osmanlı dövlətinin mövcudluğu dövrdə Fələstində bir yəhudi ocağının, ya da mədəni mərkəzinin yaradılması ideyasını irəli sürdü. Osmanlının dağılmasından sonra bu işi tədricən həyata keçirə bildi. Nəticədə 2-ci Dünya müharibəsindən az sonra İsrail yarandı. İkinci mühüm planı Kürdüstan və ya kürdlərin yaşadığı ərazilərdə dövlət yaradılması idi. O zaman vahid Osmanlı vardı. Osmanlı dövründə və sonra bu iş açıq olmasa da, gizli şəkildə davam etdirildi. Şeyx Səidin başçılığı ilə üsyan bu planın gerçəkləşməsi istiqamətində mühüm addım idi. Amma o zaman Atatürkün qətiyyəti sayəsində üsyan yatırıldı. Amma ideya artıq var idi və söz artıq çıxmışdı. Uzun müddət örtülü şəkildə qalsa da, ideyanın genişlənməsi davam etdi”.

R.İsmayılın qənaətincə, kürd məsələsində ən mühüm nöqtə “soyuq müharibə” dövründə PKK-nın yaranması olub. O dövrdə maraqlı qüvvələr regionda kürd gücünün formalaşmasına dəstək verib: “Nəticə etibarilə Kürdüstan İşçi Partiyasının (PKK) və onun silahlı qanadının yaradılması bu işin sona çatdırılması istiqamətində mühüm addım oldu. Bu işdə yalnız Britaniya deyil, SSRİ, ABŞ, hətta qonşu ərəb ölkələri maraqlı idi. Uzun illərdir silahlı mübarizə gedir. Kürd dövlətinin yaradılması ideyasının başında duran Öcalanın rəhbərliyi öz əlində cəmləşdirməsi, onun Qərb dövlətləri ilə əlaqə qurması, yardımlar alması bu hərəkatı Türkiyə dövləti qarşısında böyük qüvvəyə çevirdi.



Türkiyədə ilə yanaşı, kürd məsələsi qonşu ölkələri də ehtiva etməyə başladı. Nə qədər ki, İraq Britaniyanın təsiri altında idi, bu məsələ orda üzə çıxmadı. Ancaq bunun əksinə olaraq İranda kürd məsələsi 2-ci Dünya savaşı zamanı Azərbaycan dövləti ilə yanaşı, Molla Mustafa Bərzaninin rəhbərliyi altında kürdlərin ortaya çıxması ilə müşayiət olundu. Ancaq Qərb ölkələrinin İranı ələ keçirməsi qətiləşdikdən sonra bu məsələ boğuldu. Sonradan bu qüvvələrin böyük bir qismi İran əleyhdarı olaraq İraqa keçdi”.

Ekspert İraqda kürd məsələsinin bu ölkədə baş verən inqilabdan sonra meydana çıxdığını düşünür: “İraqa təsir vasitəsi kimi kürd problemi önəm daşımağa başlayıb”. R.İsmayıl deyir ki, maraqlı dövlətlər İraq hökumətinə təzyiq etmək üçün kürdləri silahlandırıb: “Ruslar da Səddama qarşı mübarizədə kürd kartından istifadə edirdilər. O zaman kürd muxtariyyəti, administrasiyası, dövlət məsələsi gündəmə gəldi. Türkiyənin də həmin dövrdə Səddama qarşı kürd kartından istifadə etmək istəyi vardı. SSRİ-dən kürdlərə verilən silahlar Türkiyə ərazisindən İraqa keçirilirdi. Həmin silahların bir qismi sonradan PKK-nın silahlı dəstələrinə qayıdırdı. İraqda Səddamın əl-qolunu bağlamaq üçün kürdlərə Qərb, Rusiya kömək etməyə başladı. Nəticədə Səddam güzəştə gedərək kürdlərə muxtariyyətə razılıq verdi. Ancaq bu muxtariyyətin xüsusi sərhədləri və səlahiyyətləri yox idi. Təxminən mədəni muxtariyyət idi. Səddamın devrilməsi prosesində indiki İraq ərazisində 3 inzibati idarəçilik yaradılması nəzərdə tutulurdu. Lakin Türkiyənin qəti tələbi ilə kürdlərə səlahiyyətlər tanınsa da, dövlət yaradılmasına imkan verilmədi. Bunun əvəzinə İraqda kürd prezident seçildi”.



Ancaq ekspert vəziyyət indi xeyli dərəcədə fərqli olduğu düşüncəsindədir: “Hazırda kürdlərin dövlət qurması üçün xeyli dərəcədə real şərait yaranıb. Prosesin məhz bu istiqamətdə gedir. İraqda vəziyyət çətindir. Qərbin İraqla bağlı planları yarımçıq qaldı və ya həllini tapmadı. Faktiki olaraq İraqda baş verən terror və qırğınlar İŞİD-in törətdiyi qırğınlarda çox-çox artıqdır. Konkret olaraq bu gün ölkədə 3 istiqamətdə canlanma var. Birincisi, sünni, şiə və kürd dövlətlərinin yaranması. Amma bu, böyük dövlətlərin, o cümlədən Türkiyənin maraqlarına uyğun deyil. Düşünürəm ki, Suriyada kürd muxtariyyətinin yaradılması prosesi başlasa, sonradan digər muxtariyyətlərin də buna birləşərək yeni dövlət qurulması sürətlənəcək. Çünki Suriyada vəziyyət nəzarətdən çıxıb. Orada 3 kantonda kürd muxtariyyətinin yaradılaraq himayə edilməsi, silahlandırılmasının ardınca İraq kürdlərinin bura birləşməsi İran və Türkiyə kürdlərini də cəlb edə bilər.

Ancaq bu planın gerçəkləşməsi üçün kürdlərin imkanları nə qədərdir? Qonşu ölkələr buna nə deyəcək? Bu kimi suallar hələ də cavabsızdır. Türkiyə və İran kürd dövlətinin yaradılmasına qarşıdır, İraqın başı özünə qarışıb, Suriyanın isə təsir imkanları yoxdur. Yerdə qalır İŞİD məsələsi. İŞİD bu gün orta əsrlərdə İraq ərazisində baş vermiş “zəncilər hərəkatını” xatırladır. İŞİD – indiyədək özünü alçalmış sayanların, müsəlmanların böyük dövlətlərin təzyiqləri altında qalmasına etiraz edənlərin hərəkatıdır. Dünyanın müxtəlif ölkələrindən, Almaniya, ABŞ, Britaniyadan, hətta Azərbaycandan insanlar gedib İŞİD-ə qoşulur. Mənim fikrimcə, İŞİD “əl-Qaidə” tərəfindən idarə olunur. Çünki onların hər yerdə adamları var. Mən həmişə demişəm ki, “əl-Qaidə” NATO-dan güclü bir təşkilatdır. Bu hadisələrin gedişində müsəlmanların belə bir ovqatda olması nəticə etibarı müxtəlif ideyaların ortaya çıxmasına gətirir. Kürdlər öz dövlətlərini, İŞİD xilafət yaratmaq istəyir, təbii ki, şiələr bu gün sussalar da, onlar da öz dövlətlərini yaratmaq istəyirlər. Bununla da bütün bəlalar İraq və Suriyanın başında çatlayır”.

Rafiq Bəy İsmayıl hazırda müsəlman Şərqinin dərin böhran yaşadığını deyir. Səbəbləri fərqli olsa da, həmsöhbətimizin fikrincə, Azərbaycan bu proseslərdən dərs götürməlidir: “Bu gün Şərq adlanan bölgə ölkələrinin hamısında üzə çıxan narahatlıq təzahürləri var. Bu təzahürlər müxtəlif formalarda - mitinqlər, silahlı qruplaşmalar, terror aksiyaları, dinc qarşıdurmalar formasında ola bilər. Çində, Hindistanda, Pakistanda, İranda, Türkiyədə, İraqda, hətta ən sakit olan İordaniyada belə narahatlıq, çalxalanmalar baş verir. Misirdə, Fələstində, Liviyada silahlı qarşıdurmalar, Əlcəzair, Mərakeş, Mavritaniyada narazılıqlar var. Məğribdən Yaponiyaya qədər müsəlman ölkələrində həlini gözləyən narazılıqlar mövcuddur. Şərq gecikdi. Qərb islahatlara gedəndə Şərq qaldı. Bu vəziyyət bizə geniş planda düşünməyə, öz yerimizi görməyə, öz problemlərimizi həll eləmək üçün hərəkətə keçmək vəzifəsi müəyyən edir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.