"Elə indidən o mübarizədə olmasalar yaxşıdır"
Keçmiş NİDA üzvü, sonuncu əfv fərmanı ilə azadlığa çıxan Bəxtiyar Quliyev gündəmin əsas müzakirə mövzularındandır. “Yeni Müsavat” onunla geniş söhbətində bəzi suallara cavab tapmağa çalışıb.
B. Quliyev deyib ki, bir az səhhətində problemlər var: " Pilləkənləri qalxıb-enəndə ayaqlarımda problem yaranır. Bağlı otaqda qaldığım üçün".
Həbsdən çıxanda onu valideynləri qarşılayıb: "Məni onlar qarşıladı. Getdim evə, bütün qohumlar gəlmişdi, söhbət etdik, süfrə açıldı. Sonra gördüm ki, səs-küy çoxdu, başım tormozlanmışdı. Bir az aralandım, az keçmədən qayıtdım. Hələ də o azadlığın ləzzətini yaşayıram. Elə bil yenidən doğulmuşam".
"NİDA" üzvlərindən isə heç kim onu görməyə gəlməyib: " Heç mən gözləmirdim də gəlməklərini".
"Mən heç kimə qarşı düşmənçilik sərgiləmirəm, nə də başqa şey. Bu, sadəcə onların seçimi idi. Mən durub onların dalınca düşən deyildim. Hər halda mən çıxmışdım və onlar gəlməliydilər. Ən azı əlimi sıxa, təbrik edə bilərdilər. Mən onlardan başqa heç nə gözləmirdim. Sadəcə onlar bilsinlər ki, bu, bir insanlıq xətrinə olan şey idi. Uzun bir müddətdən sonra bunu etmək olardı, amma olmadı, etmədilər"-deyə Bəxtiyar bildirib.
B. Quliyev həbsindən əvvəlki fəaliyyəti barədə çox danışmaq istəməyib.: "Müraciətlərimdəki “peşmançılıq” məsələsi də elə buna görə idi. Siyasi fəaliyyətimi nəzərdə tuturdum. Hardasa təsir altına düşmüşəm də demək istəməzdim. Amma o vaxt özümdə olmamışam da. O vaxtkı ilə indikini müqayisə edəndə indi özümü daha çox özümdə hiss edirəm. Düşünərək qərar vermək lazımdır".
O deyib ki, səhvləri gəncliyindən irəli gəlib: "Həmin vaxt mənim işim də var idi, aldığım məvacib də yaxşı idi. Ondan sonra işdə müvəqqəti problem yaranırdı. Mən işdən azad olundum, maddi problemlərə görə bəzi işçilər də mənim kimi uzaqlaşdırıldı. Amma müdir mənə söz verdi ki, problemlər müvəqqətidir, həll olunan kimi sizi yenidən dəvət edəcəyik. İnsan bir anda müflis olur e... Bax, məndə də həmin vaxt elə psixoloji vəziyyət idi. İş yox, bir şey yox, qalmışdım... İşdən çıxandan sonra özümü nəyəsə verməliydim, həsr eləməliydim. Mən də belə bir şeyə verdim. Onun da nəticəsi gördüyünüz kimi pis oldu".
O, keçmiş dostlarının onun qıbul etməməsinə görə pis olmur: "Qəbul edən də sağ olsun, etməyən də. Əsas odur ki, mən valideynlərimlə bir yerdəyəm və azadlığıma qovuşmuşam. İndi görürəm ki, azadlıq nə deməkdir. Onun dadını içəridə olmayan insan bilə bilməz. Məni ittiham edənlər də onun nə demək olduğunu bilə bilməz. Mən də dustaqlıq həyatı yaşamamışdan kimlərinsə arxasınca yazırdım o sözləri. İndi o sözləri mənim haqqımda deyəndə gülməli gəlir və o deyənləri cılız görürəm".
Həbsdə qalan digər nidaçıların öz seçimləri olduğunu söyləyən B. Quliyev "Mən çəkildim, məndən bu qədər... Onlar isə davam edirlər, öz işləridir. Buna görə də onları qınamıram" deyə bildirib.
B. Quliyev deyib ki, əfv ərizəsi yazmaq üçün ona heç bir təzyiq olmayıb: "Təzyiq olmadı, təklif oldu. Heç bir vəd verilmirdi, sadəcə təklif kimi deyilirdi. Mənə orda elə də böyük gəlib-gedən olmurdu. Konkret deyilmirdi ki, belə etsən, elə olacaq. Hətta əfv fərmanı verilən gün mən nə olacağını bilmirdim, adımın orda olmasından xəbərsiz idim. Çıxacağım günün bir gecə öncəsində bilmişəm ki, çıxacam".
O deyib ki, həbsini də özünə qarşı haqsızlıq hesab eləmir: "Haqsızlıq deməzdim. Şükür Allaha azadlıqdayam və səhvimi də başa düşmüşəm. Hər hansı bir əməl, kimisə öldürmək kimi əməl olmayıb".
B. Quliyev bildirib ki, səhvlərini özü bilir: "Durub indi açıqlaya bilmərəm ki, mən bunu etmişəm, onu etmişəm. Özümə bəs edir bunu bilməyim, təlafi etmişəm. Çox sağ olsunlar ki, səhvimi başa düşdülər və qəbul etdilər".
O, addımının digər gənclərə mesaj olmadığını da qeyd edib: "Mən düşünmürəm ki, bütün mübarizə aparan adamlar mənim hərəkətimdən sonra ümidsizliyə qapılsınlar. Mənim hərəkətimdən ümidsizliyə qapılıblarsa, elə indidən o mübarizədə olmasalar yaxşıdır. Onu durub mənim hərəkətlərimə yazması düzgün deyil. Hər halda mən deyirəm ki, peşman olmuşam. Gərək mən də bu işdə olmayaydım. Bunu da açıq deyirəm".