“Müasir müharibənin taleyi meydanda yox, bank və birjalarda həll olunur”.
Bunu Axar.az-a açıqlamasında Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu Rusiya liderlərinin son bəyanatlarını şərh edərkən deyib. Ekspertin sözlərinə görə, Putinin bəyanatının arxasında bir eyham var:
“O, bildirmək istəyir ki, Avropa da Rusiya ilə əməkdaşlığa maraqlıdır, sadəcə burda bir ABŞ basqısı var. Buna görə də Avropa Rusiya istiqamətində müstəqil siyasət yürüdə bilmir. Əslində, Putin avropalılara mesaj verir ki, çalışın, Amerikanın təsirindən çıxın və bu zaman sizinlə əməkdaşlıq edərik.
Avropada Rusiya ilə əməkdaşlığa meyllər çox yüksəkdir. Almaniya, Fransa və digər Avropa ölkələrinin iqtisadi dairələrində bu cür meyllər mövcuddur. Ancaq Avropa Birliyinin (AB) siyasi konfiqurasiyası buna yol vermir. Çünki AB-nin üzvü olan ölkələrin mütləq əksəriyyəti Avropa Konstitutiyasını ratifikasiya etdiyindən birliyin qərarları zəruri sayılır. Putin çalışır ki, bir növ bununla Qərbi Avropa və Amerika hissələrinə parçalasın. Başqa bir tərəfdən isə Lavrovun dünən verdiyi bəyanat Putinin bəyanatı ilə həm ziddiyyət, həm də eyniyyət təşkil edir. Zidd tərəf ondan ibarətdir ki, Putinin bəyanatında Avropaya bir çağırış var, ancaq Lavrovda isə şantaj tonu var. Şantajın ünvanı təkcə AB ilə assosiativ saziş imzalayan Moldova, Ukrayna, Gürcüstan deyil, eyni zamanda AB-dir. Başqa bir tərəfdən isə Avropaya meylli ola biləcək ölkələrə bir mesajdır. İstisna etmirəm ki, Azərbaycanı da nəzərdə tuturlar. AB-nin nümayəndəsi hazırda Azərbaycandadır və danışıqlar gedir”.
Ərəstun Oruclu bildirib ki, istər Moldovanın Dnestryanı bölgəsi, Şərqi Ukrayna və Krım, istərsə də Gürcüstan və Azərbaycana qarşı separatçılıq rejimi ilə bağlı baş verənlərin arxasında Rusiya dayanır:
“Rusiyanın mövqeyi dəyişməz olaraq qalır. Ona görə də bunu rəsmiləşdirməyin heç bir anlamı yoxdur. Rusiya 2008-ci ildə Gürcüstanın iki separatçı ərazisini - Abxaziya və Cənubi Osetiyanı tanıdı. Amma nə dəyişdi? Rusiyadan və kiçik bir ada dövlətindən savayı heç bir ölkə tanımadı və beləliklə, Moskva beynəlxalq səviyyədə biabırçı müqaviləyə imza atmış oldu. Rusiya edə biləcəyini artıq edib. Bu bölgələrin statusunu tanıyaraq və Avrasiya Birliyinə inteqrasiya ilə heç nəyi dəyişə bilməyəcək. Bu gün əslində masa üzərində Rusiyanın özünün taleyidir. Məlum deyil ki, Rusiya Qərbin sanksiyalarının qarşılığında hansı nəticələrə gəlib çıxacaq və necə çıxacaq? ABŞ son bəyanatında Rusiyanı Ebola və İŞİD-lə müqayisə etdi. Bu, Rusiyanın düşdüyü durumdan qaynaqlanan bir yanaşmadır. Amma yanaşmanın effektli olması üçün real güc lazımdır. Bax, bu real güc bu gün Rusiyada varmı? Bu, xeyli suallar doğurur. Baxın, Ukyanaya az qala açıq müharibə elan edən Rusiya əvəzində nə qazandı? Sanksiya, ciddi itkilər və kapital axını. Müasir müharibənin müqədaratı döyüş meydanında yox, banklarda, birjalarda həll olunur. Bu sahələrdə isə Rusiya zəifdir”.