Dövlət Baxçalı Ərdoğanı PKK himayəçisi adlandırdı

29-04-2014, 16:24   
Dövlət Baxçalı Ərdoğanı PKK himayəçisi adlandırdı
MHP sədri partiyasının TBMM-dəki qrup toplantısında AKP-ni Türkiyəni bölməkdə suçlayıb

“Türkiyə mərhələ-mərhələ bölünməyə doğru sürüklənir. Bu gün Türkiyədə PKK vergi adı altında xərac toplamaqda, basqınlar təşkil etməkdədir. Bütün bu işlər AKP-nin PKK-ya dayaq durmasına görədir. Baş nazir PKK-nın gizli himayəçisi olaraq, hərəkət edir. Ərdoğan PKK-nın terror fəaliyyətlərini hökumətin əli ilə gizlətməyə çalışmaqdadır”.

Bu sözləri Milliyətçi Hərəkat Partiyasının sədri partiyanın Dövlət Baxçalı Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında deyib.

Yığıncaqda iştirak edən “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun verdiyi xəbərə görə, MHP sədri hakim partiyanı və baş nazir Ərdoğanı sərt tənqid edib.

MHP sədri bildirib ki, baş nazir PKK-nın güclənməsinə şərait yaradaraq, dövləti zəif duruma salıb: “Söhbət Türkiyənin milli təhlükəsizliyi üçün təhdidə çevrilən bir gücün himayəsindən gedir. Yurdun güney-doğusundan həyəcanlı xəbərlərin ardı-arası kəsilmir. PKK bölgədə özünü hakimi-mütləq kimi aparır. Vətəndaşların sənədlərinin yoxlanmasını belə, həyata keçirir. Buna qarşı çıxacaq hökumət isə olayları seyr etməkdədir. “Paralel” sözünü əzbərləməklə siyasi müşketyorluq edən hökumət üzvləri haradadırlar? Güney və güney-doğuda milli təhlükəsizliyimizin təhdid edilməsinə qarşı baş nazir hansı təpkini göstərib? Milli təhlükəsizlik deyincə, ağıllarına ancaq dini təşkilatlarmı gəlir? Baş nazir PKK-nın gizli himayəçisi olaraq hərəkət edir. Ərdoğan PKK-nın terror fəaliyyətlərini hökumətin əli ilə gizlətməyə çalışmaqdadır. Baş nazirin PKK-ya verdiyi sözlər var. Onun prioritetlərində milli təhlükəsizlik yoxdur. Bu zehniyyət üçün əsl məqsəd PKK-nın məmnun edilib, mükafatlandırılmasıdır.

Devlet Bahçeli AKP-nin siyasi səhnədə BDP-ni hansı şəkildə himayə etdiyindən də danışıb: “AKP-nin bu siyasətdə ortağı BDP-dir. BDP üzərinə düşən vəzifəni çox dəqiqliklə ifa edir. Silahların kölgəsinə sığınan BDP yenidən “dəri”sini dəyişərək, indi də HDP olub. Bu partiya Kürdüstanın qurulması üçün var gücü ilə çalışmaqdadır. Ərdoğan “Kürdüstan” ifadəsini siyasi leksikona gətirən, eyni zamanda Kürdüstanı qurmaq üçün can-başla fəaliyyət göstərən bir partiyanı himayə edən siyasətçidir.

Artıq Türkiyə Kürdüstan Demokratik Partiyası qurulub və Daxili İşlər Nazirliyi bu partiyanı tanıyıb. Türkiyə dövlətində belə bir partiyanın fəaliyyətinə icazə verilməsi milli xəyanətdir.

Onlar türk milliyyətçilərinin bu xəyanətə səssiz qalacağınımı zənn edirlər? Biz bu ölkəni bazardan almamışıq, küçədən tapmamışıq! Kürdüstan xəyalı quranlar, unutmayın! MHP sizin planlarınızı boşa çıxarmaqda qərarlıdır! Türk vətənindən bu qanlı niyyətə bir qəmbər parçası belə, verilə bilməz”.

Dövlət Bağçalı Ərdoğanın ermənilərə “soyqırımı” anma günündə başsağlığı verməsini də bağışlanmaz siyasi səhv adlandırıb: “Bu şəxs üçün ən önəmli olan başqalarını məmnun etməkdir. Erməni mesajı bunun açıq dəlilidir. İstər bəyənək, istər bəyənməyək, tarixi silmək bir toplumun yox olması deməkdir. Yaşananları kağız üzərində uydurma halına salmaq mümkün olsa da, tarix bu olaylar haqqında öz hökmünü verib”.

Qrup toplantlsından sonra Rauf Arifoğlu və Tovuzun sabiq polis rəsi Novruz Həsənli MHP genel başqanı Devlet Baxçalı ilə görüşüb.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.