Fransa prezidenti Fransua Olandın Bakıya səfəri ərəfəsində xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri Vəfa Quluzadə bu ölkənin keçmiş prezidenti Jak Şirakın Azərbaycana baş tutmayan səfəri barədə danışıb.
Virtualaz.org-un xəbərinə görə, o, “Turan”-a deyib: “1998-ci ildə Jak Şirakın Bakıya səfəri hazırlanırdı. Bu, Azərbaycan üçün böyük siyasi əhəmiyyət daşıyırdı. Hazırlıq işi demək olar başa çatmışdı, məlumat aldıq ki, səfər olmayacaq.
Fransa prezidenti bildirmişdi ki,əgər Azərbaycana gələrsə mütləq Ermənistana da gedəcək. Əgər Ermənistana gedərsə onu Dağlıq Qarabağa getməyə razı salmağa çalışarlar və bundan imtina etmək onun üçün çətin olar. Odur ki, Jak Şirak üzrxahlıq edərək onu gözləməməyi xahiş etmişdi”.
“Mən qeyri-ixtiyari olaraq bu hadisəni xatırladım. Ümid edirəm ki, cənab Oland Bakının razılığı olmadan Qarabağa getmək istəməz, hətta bunu ondan çox xahiş etsələr də. Hər halda bizim hakimiyyət bu cür sürprizə yol verilməməsi üçün bunu nəzərə almalıdır”, - V.Quluzadə vurğulayıb.