Fərrux Məmmədov: “Rusiya gəmilərinin Bakı buxtasına yaxınlaşması Kremlin güc nümayişidir”
“Rusiya gəmilərinin Bakı buxtasına yan alması Azərbaycanın milli maraqlarını və milli təhlükəsizliyini təhdid altına qoyur. Deputat Zahid Orucun bu haqda bəyanatı Azərbaycan ictimai fikrini Rusiyanın regiona gəlişinə hazırlamaq məqsədi daşıyır”.
Bu sözləri “Yeni Müsavat”a açıqlamasında NATO Əməkdaşlıq Məktəbinin direktoru Fərrux Məmmədov deyib.
Yada salaq ki, Milli Məclisin üzvü Zahid Oruc “Yeni Müsavat”a açıqlamasında “Rusiya gəmilərinin Bakı sahillərində olmasına alışmaq lazımdır” fikrini səsləndirmişdi. Deputat bildirmişdi ki, Rusiya gəmilərinin üzərinə informasiya hücumu ilə getməyi yanlış sayır: “Bu cür isterikalar, vətəndaş impulsivliyi bizim işimizə bir sıra hallarda zərbə vurur. Düşünürəm ki, daha siyasi və soyuqqanlı nəzərlərlə yanaşmalıyıq. Hiss edirəm ki, hər bir gəminin bura gəlişi Azərbaycanın təhlükəsizliyinə zərbə aktı kimi dəyərləndirmək istəkləri ayrı dövlətlərin burada donanmasını bərqərar etmək üçündür. Halbuki Xəzər beşliyinin son toplantısında razılaşdırıldı ki, burada sahilyanı dövlətlərdən başqa heç bir dövlətin hərbi qüvvələri Xəzərdə olmasın. Buna görə də bu dövlət arasında təlimlər, Xəzərin bioehtiyatlarının birgə qorunması, təhlükəsizlik tədbirləri, mütəşəkkil cinayətkarlığa qarşı mübarizə və sair kimi məsələlərdə bir iş ortaqlığı formalaşıb. Bu bizim ziyanımızadırmı?”
Fərrux Məmmədov
F.Məmmədov isə tam fərqli düşünür. Onun sözlərinə görə, Rusiya donanması gəmilərinin Bakı buxtasına yaxınlaşması Kremlin Bakıya güc nümayişidir: “2013-cü ildə Rusiya prezidentinin Bakı səfəri çərçivəsində Azərbaycanda heç bir icazə alınmadan, heç bir xəbərdarlıq edilmədən Rusiya Donanmasının gəmiləri Xəzərin Bakı sularına yan almışdı. Prezident Putin Bakı buxtasını ziyarət edən zaman Rusiya donanmasıın milliyətcə azərbaycanlı olan komandanı ilə görüşdü. Bu, Azərbaycana verilən mesaj deyildimi? Kremin bu xətti Azərbaycanı təhdiddir. Zahid Oruc açıqlamasında Rusiyanın tərəfini saxlayaraq üçüncü dövlətləri ittiham edir. Ancaq ad çəkmir. Xəzərdə sahil suları olmayan dövlətlər burada necə donanma yarada bilərlər? Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsində təmsil olunan Zahid Oruc hansı səbəbdən açıq danışmır? Tarixən Rusiya gəmiləri Xəzərin Bakı sahillərinə işğal məqsədi ilə gəlib. Bu, ötən əsrin əvvəllərində də, sonlarında da, hətta daha öncələrdə də belə olub. Azərbaycan müstəqilliyini bərpa edəndən sonra da Rusiya Hərbi Gəmiləri dəfələrlə Azərbaycanın Xəzərdəki sərhədlərini pozub daxili sularımıza nüfuz edib. Rusiya Donanması gəmilərinin Azərbaycanın Xəzərdəki neft-qaz yataqlarına yaxınlaşaraq kəşfiyyat işləri apardığı haqqında da informasiyalar az deyil. Bu haqda Azərbaycan dövlət və hökuməti də məlumatlıdır”.
Fərrux Məmmədov deyir ki, Rusiya gəmilərinin Azərbaycan sektoruna gəlişi təlim sayıla bilməz. Çünki beynəlxalq normalara görə, ortaq ərazilərdə təlim neytral elan edilmiş zonalarda keçirilir: “Xəzərin Azərbaycan sektoru birmənalı olaraq Azərbaycan ərazisinin ayrılmaz tərkib hissəsidir. Rusiya bu addımı ilə Azərbaycanın ərazi bütövlüyünü təhdid altında qoyub. Aydındır ki, bu gün Rusiyanı narahat edən əsas məsələ Xəzərdəki enerji qaynaqlarının Azərbaycanın milli təhlükəsizliyinin qarantına çevrilməsidir. Azərbaycan “Əsrin müqaviləsi” imzalanandan sonra öz milli təhlükəsizliyi ilə bağlı Qərblə bərabər hərəkət edir. Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin bütün texniki avadanlıqlarını Qərb verir, Azərbaycan zabitləri Türkiyədə NATO standartlarına uyğun hazırlanır. Bu proses artıq 20 ildir davam edir və Qərblə Azərbaycan arasında təhlükəsizlik məsələsində münasibətlər daha da möhkəmlənir. Rusiya bu məsələdən çox narahatdır. Azərbaycana güc nümayişinin də əsas məqsədi hələ də Xəzərdə var olmasını sübut etmək cəhdidir”.
F.Məmmədov Azərbaycanın Xəzərdə Rusiya ilə təhlükəsizlik məsələsində işbirliyi perspektivləri haqqında düşünməsini milli maraqlara zidd sayır: “Azərbaycan tərəf unutmasın ki, Rusiya ilə bu sahədə yaxınlaşma qısa müddət sonra Bakı üçün açıq təhdidə çevriləcək. Rusiyanın məqsədi Azərbaycanın Qərbə inteqrasiyasının qarşısına sədd çəkməkdir. Kreml bu gün Qərbin Azərbaycana verdiyi çağdaş texnologiyanın qarşılığında köhnəlmiş texnologiyalarını milyon dollarlara Azərbaycana sırımağa çalışır. Azərbaycan Rusiyanın istəkləri ilə razılaşıb bu haqda razılaşmalar imzalasa, təslimçilik sazişinə imza qoymuş olacaq. Azərbaycanın milli maraqlarını qorumaq üçün yalnız və yalnız Rusiya ilə məsafəli davranmaq gərəkdir