Hikmət Hacızadə: “Cəmil Həsənli gedib YAP-çılarla bir yerdə tədbirdə iştirak edibsə, burada da problem yoxdur”
Müsavatçı, sabiq deputat İkram İsrafilin Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadəni övladının toyuna dəvət etməsi və Facebook-da yayılan fotoşəkillər ətrafında müzakirələrə hələ də nöqtə qoyulmayıb.
Xatirladaq ki, AXCP-nin bəzi təmsilçiləri İ.İsrafili bu addımına görə satqınlıqda suçlayıb və Müsavatdan ciddi arqumentlərlə dolu cavablar alıblar. Xüsusilə də anti-Müsavat kampaniyasında AXCP-nin rəhbərliyinə daxil olan şəxslərin yer alması hətta partiyanın üzvlərinin də etirazına səbəb olub. Partiyadan istefa verən AXCP sədrinin müşaviri Şakir Abbaslı və partiyanın sıravi üzvü İslam Mahmudov keçmiş partiyadaşlarının mövqeyini kəskin tənqid edib.
AXCP rəhbərliyinə daxil olan şəxslərin YAP-çı A.Mirzəzadəni övladının toyuna dəvət etdiyi üçün İ.İsrafildən bəhs edərkən “Gör bu neçə ildə biz kimlərdən müxalifət, özümüzə müttəfiq düzəltmək istəyirdik? İndi su axıb, çuxurunu da tapıb”, yaxud digərinin “heç bir halda iqtidar nümayəndəsini öz sədrlərinin iştirak etdiyi məclisə dəvət etmək olmaz” yazmasına adekvat nümunələr xatırladıldı. Məsələn, AXCP sədrinin müavini olduğu dövrdə professor Cəmil Həsənlinin öz övladının toyuna YAP-çı deputatları da dəvət etdiyi və Əli Kərimli, yaxud tərəfdarlarının da həmin məclisdə iştirak edərək hər hansı qıcıqlı münasibət göstərmədiyi yada salındı. Bu günlərdə isə daha bir tədbirdə YAP-çılarla yanaşı AXCP-nin üzv olduğu Milli Şuranın sədri C.Həsənlinin iştirak etməsi məsələnin üzərində müzakirələrə rəvac verib.
Müsavatın Məclis üzvü Alya Yaqublu 22 oktyabrda Milli Şura sədri Cəmil Həsənlinin “Azərbaycan” qəzetinin ildönümü ilə əlaqədar tədbirdə iqtidar təmsilçiləri ilə görüşü barədə cəbhəçilərə sual ünvanlayıb: “Bir toyda bir qeyri-müxalifətçi deputatla bir masa arxasında oturmağı vətənə xəyanət olaraq təqdim eləyən cəbhəçi dostların şərhinə ehtiyac var. Hansı daha əcaibdi: YAP-ın tədbirinə gedib bilərəkdən YAP-çılarla bir yerdə olmaq, yoxsa müxalifətçinin toyuna gedib YAP yanlısı biriylə təsadüfən yan-yana gəlmək? Çox ümid eləyirəm ki, Natiq Ədilov “Azərbaycan” qəzetinin yubileyi partiya yoldaşının toyundan daha vacibdi deməyəcək”. N.Ədilov Facebookda ona verilən sualı cavabsız qoysa da, “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıyev belə bir şərh yazıb: “Söhbət 1989-cu ildə yaradılan müstəqil qəzetdən və həmin qəzeti yaradanların onun yubileyini keçirməsindən gedir”.
Publika.az xəbər verir ki, yaranmış situasiyaya Əhrar Partiyasının sədri Vaqif Hacıbəyli də münasibətini açıqlayıb: “Cəmil Həsənlinin “Azərbaycan” qəzetinin yubileyində iştirakı tam normal qarşılayıram. Bu tədbirdə iştirak etmək üçün mənəvi haqqı olan adamlar çoxdur. Hər halda Mehman Cavadoğlunun rəhbərlik etdiyi dövrdə bu qəzet ölkənin ən oxunaqlı qəzetlərindən biri olub və mənim qənaətimə görə bu qəzetin yubileyində onun da iştirakı məqbul hesab oluna bilərdi. Müxalifət nümayəndələrinin hansısa tədbirlərdə iqtidar nümayəndələri ilə birgə iştirakının az qala xəyanət kimi qələmə verilməsi, bu tipli olaylar üzərindən təbliğat və əks- təbliğatın aparılması, ümumilikdə qaragüruhçu təfəkkürün təntənəsi təkcə ayrı-ayrı partiyaların deyil, bütövlükdə demokratik qüvvələrin cəmiyyətdəki nüfuzuna çox pis təsir edir. Şantaj və təhdidlərlə ortada meydan sulayan bir qrup gerizəkalının dominantlığına qarşı adekvat sağlam siyasi mövqenin ortaya qoyulması hər bir vicdanlı ziyalının borcudur”.
Şübhəsiz ki, Azərbaycanın mətbuat tarixində özünəməxsus yeri olan bir tədbirdə C.Həsənlinin iştirak etməsi normaldır və Milli Şuranın sədri qəzetin keçmiş baş redaktoru Sabir Rüstəmxanlının dəvətinə əsasən ora gedib. Eyni zamanda C.Həsənlinin övladının toyuna YAP-ın təmsilçisi olan həmkarlarını dəvət etməsində də qeyri-adi nəsə axtarmağı düzgün saymırıq. Ancaq buna normal yanaşdığımız kimi, İ.İsrafilin övladının toyunda A.Mirzəzadənin iştirak etməsi də normal qəbul olunmalı, məsələdə siyasi rəngin axtarılmasına uğursuz cəhdlər göstərilməməlidir.
Yeri gəlmişkən, İ.İsrafilin övladının toyunda bir çox qeyri-müsavatçılarla yanaşı, AXCP-nin əsas fiqurlarından biri olan, sədrin müşaviri Sahib Kərimli iştirak edib. Bəzi cəbhəçilərin məntiqinə görə, YAP-çının iştirak etdiyi toy tərk edib məclisdən yarımçıq çıxmadığı üçün S.Kərimli də “arzuolunmaz şəxs” elan olunmalıdır.
Müsavatın Məclis üzvü Hikmət Hacızadə son vaxtlar müşahidə olunan yersiz ittihamları şərh edərkən məsələyə konseptual olaraq yanaşdı. Dedi ki, Avropa Konvensiyasında və Avropa məhkəmələrinin qərarlarında təsbit olunan müddəalar Azərbaycanda da işləyir: “İctimai diskussiyalarda kimin ağzına gəldi deyə bilər, xüsusilə də ictimai fiqurlar haqqında. Bu hal acınacaqlıdır, qınanmalıdır. Ancaq buna görə cəza yoxdur. Çünki ictimai diskussiyada qafalar qızır, it yiyəsini tanımır və adətən, sən nə edirsən et, insanlar özlərinə nəzarəti itirib artıq şeylər danışmağa başlayır. İkincisi də qəbul olunub ki, diskussiya demokratiya üçün ən vacib məsələdir. Onun olmaması, yaxud hansısa yolla məhdudlaşdırılması demokratiya üçün böyük zərbədir. Onsuz da camaat hakimiyyətdən və güclü fiqurlardan qorxur, danışmaq istəmir, çəkinir. Elə isə qoy əsəbi və təhqiramiz sözlər desinlər, təki susmasınlar, Avropa qanunvericiliyinin fəlsəfəsi budur. Bu, Azərbaycana, o cümlədən partiyamıza da şamildir”.
Konkret olaraq AXCP-dən Müsavata ittihamlara gəldikdə, H.Hacızadə dedi ki, qarşılıqlı olaraq hansısa məclislərdə iştirakda qəbahət görmür: “İnsani münasibətlərdir. Toya dost da gəlir, düşmən də, yaxın da, özgə də. Yaxud Cəmil Həsənli gedib YAP-çılarla bir yerdə tədbirdə iştirak edibsə, burada da problem yoxdur. Gedib orda Məhəmməd Əmin-Elçibəy yoluna qarşı nəsə deməyib ki. Onda niyə getməsin? Əslində belə neytral addımlar vəziyyəti yaxşılaşdırır, yumşalıdır, mənasız nifrətə yol vermir, insanı hər şeyə açıq gözlə baxmağa yönləndirir. Şəxsən mən Cəmil Həsənlidən xəyanət görməmişəm. Mən sonda istərdim o fikirlərin sahibləri məşhur mahnımızı xatırlasınlar: “Yazıq o şəxsə ki, qaraqabaqdır, nə gözəl yaraşır insana gülmək...”