Mərhum aktrisamız , Əməkdar artist Xanım Qafarova haqqında kimsə məndən soruşarsa , bəlkə də ilk olaraq ağlıma onun oynadığı rolları deyil, Xanımın necə bir insan olması gələr. Sağlığında onunla cəmi bir dəfə görüşüb müsahibə almışdım. Xəstə yatdığı, müalicə olunduğu müddətdə isə bir neçə dəfə telefonla əlaqə saxlayıb hal-əhval tutub, səhhəti ilə maraqlanmışdım. ..
Ancaq elə ilk görüşümüzdən Xanım mənə sanki rəfiqə, bir bacı , yaxın qohum münasibəti göstərmişdi. Hər dəfə ona zəng edib, səhhəti ilə maraqlanıb "Xanım, mənəm Şahanə" deyən də , sanki illərin tanışıyıqmış kimi, gülə-gülə, mülayim, şən səslə "Hə Şahanə " deyərdi. Mənim xatirəmdə Xanım istedadlı aktrisa olmaqdan əvvəl, səmimi, sadə insan, qayğıkeş, övladı üçün bütün dünyanın qarşısında diz çökməyə hazır bir ana obrazı ilə qaldı.
Bu gün də Xanımın evinə getməkdə məqsədim son nəfəsində belə adını çəkdiyi, nigaran qaldığı qızı , balaca Gövhəri görmək idi.
Bayaqdan nənəsi Gövhərin yemək təklifinə nazla yanaşan balaca qız bizi görcək sakitcə süfrə başına keçdi... Biz də Gövhər nənə ilə son aylar yaşanandan, nəvəsinin sonrakı taleyindən danışdıq...
"Gövhər özü ağıllı uşaqdır. Amma bir az kaprizi var da. O da anasından sonra belə oldu, sağlığında yox idi. Anasının ölümü ona çox təsir edib. İnandırım ki, sizi 3 ayda bir gün olmayıb ki, balaca Gövhər məni ağlatmasın. Hər gün "ana səni göylərdə görür", "anan dedi nənəni incitmə, dərsini oxu" kimi sözləri deyirəm. Demişəm ki, ikinci-üçüncü sinifdə aparıb sənə ananın yerini göstərəcəm, onda biləcəksən. Gah mənə inanır, gah da inanmır.Bir də görürsən gedib başqalarından da soruşur. Deyirəm ki, oxu, instituta gir, haçansa anan gələcək...
Həyətdə oynadığı yerdə qəfil içəri girib oturur, başlayır, başına –başına vurmağa ki, "mən istəyirəm anam gəlsin". Beləcənə onu ağlaya-ağlaya dərsə aparıram, ağlaya-ağlaya da gətirirəm".
Söhbət əsnasında Gövhər xanım deyir ki, nəvəsinin Heydər Əliyev Fondu tərəfindən himayəyə götürülməsi məsələsi hələ baş tutmayıb:
"Söz vermişdilər ki, Fond Gövhərin təhsilini öz üzərinə götürür. Amma nədənsə etmədilər. Bilmirəm, indi məsələ Mehriban xanıma çatmayıb , ya nətərsə... Allah canlarını sağ etsin. Ana üçün hər şey, xəsətəliyini müayinə etdilər, Türkiyəyə göndərdilər, indi qisməti belə gətirdi, alınmadı. Ancaq qalan bu uşaqdır. İnandırım ki, bu uşağın danışığı , hərəkəti onu mənim yadımdan çıxartdırıb. Çox fikir eləyirəm. Çox sıxılıram ki, 5 ildən sonra nə olcaq. Böyük qızım da bizimlə eyni həyətdə qalır. Ali təhsillidir, ancaq iki gözü də tutulub deyə işləmir. Bir neçə dəfə Türkiyədə əməliyyat elətdirdi, ancaq düzəlmədi. Gözü belə olmasa idi, Gövhəri o aparıb gətirərdi. Onun da iki övladı var, oğluna mənim əsgərlikdə rəhmətə gedən oğlumun adına qoymuşam, böyüdüb boya -başa çatdırmışam. Evləndirmişik. Oğlan nəvəm indi Günəşlidə olur, iki uşağı var. Hər dəfə gələndə ağlayıb, deyir, ay nənə, mən sənə kömək edə bilmədim. Hazırda həmin qızıma 13 yaşında qızı baxır, 80 yaşında qaynanasının ümidinə qalıb.
Mənim 5 övladım olub. İkisi kiçik yaşlarında, biri əsgərlikdə rəhmətə getdi, Bu qızımla, Xanım qalmışdı. Uşaq olandan Xanımı xəstəlik tutdu. İnandırım ki, əlinə düşən pulu çox yol gedə bilmirdi deyə maşına, kirayə pullarına verirdi. Əri də oldu, olmamaq hesabına. İndi də var, demir ki, mən uşağa baxmıram, saxlamıram, amma saxlamamaq hesabındadır. Xəstə, şəkər, gözü tutulub, qaraciyəri işləmir, mən ona nə deyim? Deyim aliment ver? Allah hökumətimizdən razı olsun, Gövhər üçün 150 manat pensiya kəsib. Allah Əlqismət müəllimdən və Afaq Bəşirqızından razı olsun,buna görə çox əlləşdilər. Mən özüm də 160 manat təqaüd alıram. Dolanırıq, ac-susuz qalmırıq".