Ölkənin baş ruhanisinin mövqeləri zəiflədilir, Şeyxülislama qarşı hücumun arxasında biznes maraqları da var
Son illərdə baş verənlər göstərir ki, Azərbaycan hakimiyyətində Şeyxülislam Allahşükür Paşazadənin ciddi rəqibləri var. Son dövrlərdə QMİ sədrinin sıxışdırılması müşahidə olunur. Şeyx isə müqavimət göstərir. Qəzetimizi bilgiləndirən mənbənin sözlərinə görə, hakimiyyətin birinci şəxsi səviyyəsində dəstəyi olduğundan Şeyx hələ də ona qarşı olan hücumları dəf edə bilir.
Lakin buna baxmayaraq, QMİ sədrinin mövqelərinin zəiflədilməsinə cəhdlər heç zaman dayanmır və hazırda da davam edir. Xüsusən də son olaraq ölkədə ehsan qadağası, o cümlədən dini maarifçilik işinə DQİDK-nin cəlb olunması faktiki olaraq , bu günə qədər ölkədə din sahəsində əsas avtoritet kimi qəbul olunan, dini fəaliyyətlərə rəhbərlik edən Şeyxülislamın fəaliyyət sahələrinə müdaxilədir. Hansı ki, bu günə qədər bu sahələr birbaşa QMİ sədrinin nəzarətində olub, hətta keçmiş komitə sədrləri də Şeyxlə hesablaşıblar. Ancaq indi durum dəyişib. DQİDK Şeyxin başı üzərindən ehsan məclislərini qadağan edir, ardınca isə dini maarifçilik fəaliyyəti istiqamətində layihələr başladır və komitə yanında dinşünaslardan ibarət komissiya yaradılmasına start verilir.
Gələn məlumatlara görə, hökumətin din sahəsində bu cür addımları atması ilə bağlı qərar bu ilin əvvəlində məlum hadisələrdən sonra verilib. Belə ki, həmin vaxt aydın oldu ki, Azərbaycanda İslam adına xeyli sayda radikal dini qruplar formalaşıb və QMİ faktiki olaraq bu qurumlara qarşı mübarizə aparmaq gücündə deyil. Doğrudur, Şeyxin zəif olması haradasa hakimiyyətin də marağında olmayıb, çünki müsəlman ölkəsində nüfuzlu din xadiminin Şeyxülislam olması hökumət üçün başağrısı ola bilərdi. Ancaq QMİ-nin həddən artıq passiv və təsir gücünün az olması hökuməti narahat edib. Bu səbəbdən də kompensasiya üçün yeni dövlət müşavirliyi yaradıldı və DQİDK-ə əlavə səlahiyyətlər verildi.
Lakin gələn məlumatlara göstərir ki, Şeyxin sıxışdırılmasının arxasında dayanan səbəb heç də onun din sahəsindəki passivliyi ilə bağlı deyil. Daha ciddi səbəb Şeyxülislamın biznes imperiyası və ətrafında formalaşdırdığı gücdür. Hansı ki, hakimiyyət içərisində ona qarşı ciddi rəqiblərin yaranmasına səbəb olub. Bildirilir ki, Şeyxin ölkə ərazisində böyük biznes şəbəkələrinin olması, Bakıda və cənub bölgəsində böyük vəsaitlərlə ölçülən əmlakının, şirkətlərinin mövcudluğu hökumət qurumlarında, Milli Məclisdə adamlarını yerləşdirməsi iqtidardaxili qrupları narazı salır. Bu səbəbdən də Şeyxi hər fürsətdə , aşkar ya da gizli şəkildə vururlar.
Qeyd edək ki, yerli mətbuatda Şeyxin tikinti şirkətlərindən tutmuş, yeyinti, yükdaşıma, ticarət şəbəkəsinə qədər, müxtəlif sahələri əhatə edən biznesinin olması haqda məlumatlar gedib. Bu məlumatların arasında o da var ki, Şeyx İrandan şüşə məmulatlarının idxalına nəzarət edir. Bundan başqa İrandan əsasən gətirilən xurma və kişmiş məhsullarının da Şeyxə yaxın deputatlardan birinin idarə etdiyi bildirilir. Əlavə olaraq, ölkə ərazisində bir neçə pirlərin, nəzir qutularının QMİ-nin gəlir mənbələri sırasına daxil olduğu iddialar araslndadır. QMİ sədrinin ən böyük gəlir sahələrindən biri isə heç şübhəsiz ki, Həcc ziyarəti və il ərzində davam edən ümrə ziyarətləridir. Həcc ziyarəti il ərzində bir dəfə - Zilhiccə ayında baş verir və son məlumatlara görə, Azərbaycandan Həcc ziyarətinə hər il 3600 nəfər zəvvar gedir. Həcc qiymətləri isə 3250 manat və 4100 manatdır. Ümrə ziyarəti isə il ərzində davam edir. Müşahidəçilərə görə, Azərbaycanda Həcc qiymətləri digər ölkələrdəki qiymət və şərtlərlə müqayisədə bahadır.
Mənbəmiz bildirir ki, Şeyx hər zaman dövlət qurumları ilə yaxşı yola getməyə çalışıb. QMİ ilə əməkdaşlıq edən qurumlar hər zaman Şeyxdən razı qalıblar. Ancaq indi görünən odur ki, hakimiyyətin yuxarı eşalonunda QMİ sədrini sevməyənlərin sayı çoxalıb. Bu səbəbdən də Şeyxi sıxışdırmaq, nəzarət etdiyi biznes sahələrini əlindən almağa çalışırlar.
Gələn məlumatlarda o da bildirilir ki, Şeyx özü də ona qarşı olan hücumlardan narahatdır. Uzun illər siyasi hakimiyyətlərlə iş təcrübəsi olan Şeyxülislam ona qarşı hücumlardan narahatdır və neytrallaşdırmağa çalışır. O da bildirilir ki, Şeyx daim hakimiyyətin birinci şəxsi ilə olan münasibətləri səbəbindən özünə qarşı hücumları dəf edə bilib. Şeyxi güclü edən də məhz ölkə başçısına birbaşa çıxışı və yaxşı münasibətlərinin olmasıdır. Ancaq indi rəqiblər xeyli dərəcədə güclüdür və Şeyxin zəif olması, təsir gücünün zəif olması imici yaradılır, bu isə Şeyx üçün ciddi zərbədir. Bu səbəbdən QMİ sədri son aylarda əl-ayağa düşərək nüfuzlu ruhaniləri öz ətrafına cəlb etmək, dini sahədə nüfuzunu artırmaq, bu sahədə əvəzedilməz şəxs olduğu obrazını yaratmağa çalışır. Buna nə qədər nail olduğunu, imicini bərpa edə bilib-bilməyəcəyini isə zaman göstərəcək.