Daxili İşlər Nazirliyinin Aeroport Polis şöbəsinin rəis müavini, polkovnik Rasim İldırımzadə ilə bağlı yeni ifşaedici məlumatların yayılacağı gözlənilir.
Bu sözləri anaxeber.info-a etibarlı mənbə söyləyib. Qaynağımızın sözlərinə görə, bir müddət öncə Fransada yaşayan ABU-nun sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda adı hallanmış Rasim İldırımzadə yenidən hədəfə gətiriləcək: “Xatırlayırsınızsa bir qədər əvvəl Elşad Abdullayevin yaydığı videoda Rasim İldırımzadə ilə söhbət də əksini tapmışdı. Həmin söhbətdə Rasim İldırımzadə Elşad Abdullayevi inandırmağa çalışırdı ki, itkin düşmüş qardaşı Mahir Abdullayev sağdır və onu geri qaytara bilər. Amma həmin videonun yayılmasından sonra Rasim İldırımzadə tutarlı arqument gətirmədən deyilənləri təkzib etməklə kifayətləndi. Amma məndə olan məlumatlara görə, yaxın günlərdə Elşad Abdullayev Rasim İldırımzadə ilə bağlı daha bir şok video paylaşacaq. Məlumata görə həmin videoda Rasim İldırımzadənin qanunsuz tələbə yerləşdirmələrindəki rolu əks olunacaq”.
Xatırladaq ki, bir müddət öncə internetdə Elşad Abdullayevin qardaşı Mahir Abdullayevin oğurlanma iddiası ilə bağlı Rasim İldırımzadənin iştirakı olan və 2004-cü ilin noyabrına aid olduğu deyilən görüntü yayılmışdı. Müddəti təxminən yarım saat olan videoda İldırımzadə sabiq rektorun qardaşının 17 günə qaytaracağını deyirdi: ”Qardaşın yaxınlardadır, sərbəstdır, yəni pistolet altında deyil, amma bir müddət üzə çıxa bilməz”.
Mahir Abdullayevin üzə çıxa bilməmə səbəbini izah edən DİN polkovniki bildirir ki, iş kriminal deyil, elə olsaydı, başını kəsib şəklini göndərərdilər.
Videoda İldırımzadə Abdullayevin geri qayıtmama səbəbini açıqlamır, amma təkrarlayır ki, onu qəflətən geri qaytaracaq: “ Adım çıxmasın bir dənə, istəmirəm ki, desinlər ki, onu filankəs tapdı”.
Sonda qeyd edək ki, Rasim İldırımzadə məşhur ailənin təmsilçisidir. O, tanınmış jurnalist, yazıçı Əli İldırımoğlunun övladıdır. Onun bir qardaşı – Yusif İldırımzadə Xətai rayonunun prokurorudur. Yusif İldırımzadə daxili işlər naziri Ramil Usubovun qudasıdır.